Məhkəmə qərarları › İş №2(010)-1328/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1328/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1328/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı BOKT-nın nümayəndəsi X1, Cavabdeh2 nun iştirakı ilə, İddiaçı BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1544 manat məbləğində əsas borc, 793,38 məbləğində faiz borcu olmaqla, ümumilikdə 2337,38 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-1328/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı BOKT-nın Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası Cavabdeh1 münasibətdə üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olarq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il “xxxx” ASC problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə “X2 edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC–dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-663 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə, 250-xx.xx.2015-SM114 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 25 % tətbiq edilməklə 36 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə, 250-xx.xx.2015-SM114 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü tarixindən sonrakı gün başlanır. Borcalana verilən vəsaitdən istifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu 1544 manat məbləğində əsas borc, 793,38 məbləğində faiz borcu olmaqla, ümumilikdə 2337,38 manat məbləğindədir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsaəs, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X1 iddia tələbinə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, onunla “xxxx” ASC arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır və o, Cavabdeh1 kredit öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, onun zaminlik müddəti keçmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh1 ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixli, 250-xx.xx.2015-SM114 №-li təminatlı kredit müqaviləsinə əsasən borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borc alana 36 ay müddətinə, illik 25 % şərtilə 2200 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. - AZ-İ№ 751372 saylı xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. - Cavabdeh2 ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixli,250xx.xx.2015-SM114 №-li zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kredit öhdəliklərinin geri qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. - S-FK-663 nömrəli, xx.xx.2017-ci il tarixli, İddiaçı QSC BOKT tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktından görünür ki, Cavabdeh1 ilə bağlı Banka məxsus tələb hüququ İddiaçı QSC-yə keçmişdir. - Maliyyə arayışından görünür ki, “xxxx” ASC-dən təhvil alınan borc məbləği 1544 manat əsas borc, 793,38 manat faiz borcu təşkil edir. - xx.xx.2020-ci il tarixli, 6389 nömrəli bildirişdən görünür ki, cavabdehlərə borcun 10 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hazırkı iddianı əsassız hesab edərkən aşağıdakılara istinad edir. İşin hallarından göründüyü kimi xx.xx.2015-ci il tarixli, 250-xx.xx.2015-SM114 №-li Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti xx.xx.2018-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdəvə ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Zaminlik müqaviləsinin 13.2-ci bəndinə görə borcalan kreditorla bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faziləri, ödənişlərin gecikdirilməsi nəticəsində cərimə pulunu və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu Müqavilə qüvvədə olur. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin öhdəliyin bank qarşısında tam yerinə yetirilənədək qüvvədə olması şərti mülki qanunvericiliyin zaminliyi tənzimləyən normalarının tələbləri baxımından düzgün deyildir və ona görə də, zaminlik müqaviləsinin müddəti kimi qəbul edilə bilməz. Belə olduqda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı xx.xx.2018-ci ildə başa çatmış, həmin vaxtdan da bir il ərzidə kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı BOKT-nın Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 244-245, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatınin Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar