Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1329/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədirliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı kredit müqaviləsi üzrə 1522,56 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 724,27 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi vaxtdan iddia müddətinə olan dövr üçün əsas borcun illik 5% hesablanmış 224,49 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1120,19 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3591,51 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 18 ay müddətinə 1900 ABŞ dolları kredit götürmüşdür. Digər cavabdehlə zaminlik müqaviləsi imzalanmış, lakin borclu imzalanmış müqavilə şərtlərini yenə də pozaraq borcu tam ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh2 banka xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı kredit müqaviləsi üzrə 1522,56 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 724,27 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi vaxtdan iddia müddətinə olan dövr üçün əsas borcun illik 5% hesablanmış 224,49 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1120,19 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3591,51 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 465.2, 470, 472.2-ci maddələrinə istinad edilərək iddianın təmin edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 328 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh2 istehlak məqsədi ilə illik 28 faiz olmaqla, 18 ay müddətinə 1900 (min doqquz yüz) ABŞ dolları məbləğində kredit vermişdir. xx xxxxxx 2015-ci il tarixli, İKM 328 saylı zaminlik müqaviləsindən görünür ki, bank ilə zamin Cavabdeh1 arasında müqavilə imzalanmış və zamin əsas borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı borclu ilə birgə məsuliyyət götürmüşdür. xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 1900 ABŞ dolları məbləğində krediti xx.xx.2015-ci il tarixdən başlayaraq sonuncu ayı 130,44 ABŞ dolları olmaqla bağlanma tarixi xx.xx.2017-cı il müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin əsas borc üzrə 1522,56 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 724,27 ABŞ dolları, cərimə borcu üzrə 1120,19 ABŞ dolları, gecikmiş vaxt üçün hesablanmış 5% məbləği 224 ABŞ dolları olmaqla cəmi 3591,51 ABŞ dolları borcu göstərilmişdir. İddiaçı ASC tərəfindən borclulara ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun əslindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq ünvanlanmış, müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3866 saylı rəyindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı kredit şərtləri əsas götürülməklə Cavabdeh2 banka xx.xx.2017-ci il tarixinə (kredit müqaviləsinin bitdiyi tarixinə) 1521,83 ABŞ dolları əsas borc, 416,64 ABŞ dolları faiz borcu, xx.xx.2020- ci il tarixə, 1521,83 ABŞ dolları əsas borc, 639,63 ABŞ dolları faiz borcu olması müəyyən edilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 18 ay müddətinə 1900 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borcu tam ödəməmişdir. Cavabdeh2 banka xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı kredit müqaviləsi üzrə 1522,56 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 724,27 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi vaxtdan iddia müddətinə olan dövr üçün əsas borcun illik 5% hesablanmış 224,49 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1120,19 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3591,51 ABŞ dolları məbləğində borcun yarandığı iddia edilərək məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən müddət ödənişlər etsə də, sonradan ödənişlər etməmiş, nəticədə iddiaçı cavabdehin 1522,56 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 724,27 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi vaxtdan iddia müddətinə olan dövr üçün əsas borcun illik 5% hesablanmış 224,49 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1120,19 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3591,51 ABŞ dolları borcun yarandığını iddia edərək məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Lakin iş materiallarından görünür ki, iş üzrə keçirilmiş ekspertiza nəticəsində müvafiq kredit müqaviləsi üzrə əsas borc 1521.83 ABŞ dolları, faiz borcu 416.64 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu məbləğlər iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri üzrə mütəxəssiz tərəfindən hesablandığından məhkəmə ekspert rəyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik beş faiz ödənilməsini tələb etmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia gecikdirilmiş vaxt üçün illik beş faiz borcla bağlı hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə 1120,19 ABŞ dolları cərimə (dəbbə) pulunun ödənilməsi tələbi əsas borcun cərimə ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin 50 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı zaminlik müqaviləsinə əsasən sonuncu həmin müqavilə üzrə kreditin ödənilməsini təmin etmək üçün zamin duraraq borc alanla birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə də məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada əsas borc üzrə 1521.83 ABŞ dolları əsas borc, 416.64 ABŞ dolları faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 224.49 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 2212.96 ABŞ dolları (iki min iki yüz on iki dollar doxsan altı sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul tutulmalıdır İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3866 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatdır və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan işüzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin Qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Bu Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli, İKM328 saylı müqavilə üzrə 1521.83 ABŞ dolları əsas borc, 416.64 ABŞ dolları faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 224.49 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 2212.96 ABŞ dolları (iki min iki yüz on iki dollar doxsan altı sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1521.83 ABŞ dolları əsas borc, 416.64 ABŞ dolları faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 224.49 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 2212.96 ABŞ dolları (iki min iki yüz on iki dollar doxsan altı sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş 30 AZN dövlət rüsumu tutulаrаq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1329/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1329/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver