Məhkəmə qərarları › İş №2(010)-1335/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1335/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1335/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinədair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat əsas borc, 675 manat faiz borcu, 500 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun, cəmi 5705 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin may ayında Cavabdeh 4500 manat borc pul vermişdir. Sonuncu aldığı məbləği 2017-ci ilin sonunadək qaytarmağı öhdəsinə götürmüş, lakin bu günə kimi həmin məbləği qaytarmamışdır. Dəfələrlə verdiyi pulların geri qaytarılmasını istəsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. Cavabdehin bu hərəkəti ailəsində söz-söhbətin yaranmasına gətirib çıxarır, maddi vəziyyətini pisləşdirir və ona xeyli zərər vurur. Həmin 4500 manat məbləğində pul ona mülki dövriyyədə xeyli gəlir gətirə bilərdi. Belə ki, Mülki Məccələnin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirirsə kreditor gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Hazırkı halda borclu geridə qalan 3 il ərzində borcunu qaytarmadığından 3 il üçün borc məbləğinin 15%-i miqdarında, yəni 675 manat əlavə pul ödəməlidir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində onun ailəsində yaranmış söz-söhbətlər nəticəsində o mənəvi iztirablar keçirmişdir. Məhkəməiclasındaiştirak edənİddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, o, 2016-cı ilin may ayında iddiaçıdan 4500 manat pul almış, həmin vaxt əri rəhmətə getmiş və evin təmiri üçün pul lazım olmuşdur. Onlar iddiaçı ilə öz aralarında razılaşmışlar. O, həmin vaxtlar 123 manat pensiya amış və borcun qarşılığından pensiya kartını 2016-cı ilin may ayında iddiaçıya vermişdir və həmin tarixdən 2018-ci ilin dekabr ayının sonuna kimi pensiya hesablanmış və hesabına yüklənən bütün məbləğ iddiaçı tərəfindən götürülmüşdür. O, borcun qarşılığında iddiaçıya əlavə olaraq 300 manat dəyərində sırğa vermişdir. Hazırda öz hesablamalarına görə faizlə birlikdə 700 manata yaxın borcu qalmalıdır. Lakin, qeyd etdiyi kart onda olmadığından iddiaçı tərəfin kartından tam olaraq hansı məbləğdə pul çəkməsini dəqiq bilmir. Məhkəmə iclasında İddiaçı, cavabdehin borcun müqabilində ona dəyəri 300 manat olan sırğa verdiyini, eyni zamanda cavabdehə məxsus pensiya kartını istifadə edərək 2016-cı ilin may ayından 2018-ci ilin dekabr ayına qədər karta yüklənmiş pensiya məbləğlərini çıxartdığını, lakin cəmi 2 ayın pulunu cavabdehin özü istifadə etdiyini göstərdi. Məhkəmə iclasında Cavabdeh da 2016-cı ilin may ayından 2018-ci ilin dekabr ayına qədər olan dövr ərzində cəmi 2 ayın pulunu özü istifadə etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 2016-cı ildə şifahi borc müqavilə bağlanmış, iddiaçı cavabdehə 4500 manat məbləğində borc vermiş, sonuncu da həmin borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh məxsus pensiya kartından 2 il ərzində karta mədaxil olmuş 3242 manat pulun 2 aylıq 244 manat hissəsi istisna olmaqla, 2098 manat məbləğini çıxarmışdır. Cavabdeh eyni zamanda iddiaçıya borc müqabilində dəyəri 300 manat olan sırğa vermişdir. İş materiallarında olan “Kapital Bank” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus kartdan 2016-cı ilin may ayından 2018-ci ilin dekabr ayınadək 3242 manat məbləğində pul məxaric olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçı cavabdehə verdiyi 4500 manat məbləğində pulun 2098 manat hissəsini cavabdehə məxsus bank kartından çıxarmaqla, 300 manat hissəsini isə cavabdehə məxsus sırğanı əldə eləməklə geri qaytarmışdır. Bu səbəbdən 4500 manatın geri qalan 1202 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddia tələbinin 675 manat faiz borcu olaraq, 500 manat isə mənəvi zərər qismində cavabdehdən tutulması hissəsində iddia tələbini əsassız hesab edərək, həmin hissələrdə iddianın təmin olunmaması qənaətinə gəlir. Belə ki, iddiaçı iddia tələbinin bu hissələrində öz tələbini və dəlillərini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1202 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar