Məhkəmə qərarları › İş №2(010)-1337/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1337/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1337/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1229/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi qərara alınmışdır. Hal-hazırda övladlarımın 11 və 9 yaşları var. Maddi imkanım yoxdur. Övladlarımı təkbaşına böyüdürəm. Heç bir yerdən heç bir maddi köməkliyim yoxdur. Kirayədə yaşayıram. Heç bir yerdə işləmirəm. Uşağımın təlim-tərbiyəsi ilə özüm məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Buna görə də mən aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.

İddia tələbinə etiraz.

3. Cavabdeh iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar.

4. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki: “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi çıxarılarkən mən işləyirdim və ona görə də məhkəmə tərəfindən təyin olunmuş alimenti birtəhər də olsa ödəyə bilirdim. xx.xx.2019-cu il tarixdən mən hazıra kimi heç bir yerdə işləmirəm. Halhazırda mən heç bir yerdə işləmədiyimdən iddia tələbində göstərilən məbləğdə aliment ödəmək imkanım yoxdur. Tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallara gəldikdə bildirirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin çıxarılmasından böyük bir vaxt keçmişdir və iddiaçının hər hansı bir marağının əhəmiyyətli dərəcədə pozulmasını özündə əks etdirən elə bir hal baş verməmişdir. Əksinə, mən bu dövr ərzində ailə qurmuşam, bir uşağım anadan olmuşdur və ailənin saxlanması mənim qarşımda duran bir vəzifədir. Bundan başqa, mənim yaşlı valideynlərim mənimlə yaşayır və onların da bütün təminatları mənim üzərimə düşür. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərir ki, o, hal-hazırda kirayədə yaşayır. Məhkəmənin nəzərinə çatdırıram ki, iddiaçı kirayədə deyil, valideynlərinin yanında yüksək təminatla yaşayır. Onun yüksək maddi təminatla yaşaması onunla təsdiq olunur ki, onun tərəfindən hər ikimizin yaşamaq və istifadə hüququmuzun olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq bizə məxsus olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən, 3 otaqlı evi məndən gizlin, satmaq hüququ olmadığı halda satmış, əldə olunmuş məbləği mənimsəmişdir”.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, əvvəllər xəstəxananın camaşırxanasında fəhlə işləmiş, aylıq 350 manat əmək haqqı almışdır. Lakin sonradan ixtisara düşmüş, işdən çıxmışdır. Həmin vaxtdan iş tapa bilmir. Gündəlik işlərə də uşaqlarına görə gedə bilmir. Bundan əlavə, uşaqları ilə birlikdə 20 Yanvar dairəsində 300 manata kirayə evdə yaşayır. Uşaqlar da həmin evə yaxın 159 nömrəli məktəbdə təhsil alırlar. Çətin maddi vəziyyətinə baxmayaraq o, indiyə qədər alimentin artırılmasına dair tələblə məhkəməyə müraciət etməmiş, cavabdehin aliment borcu olmasına baxmayaraq borcunu ödəməsini tələb etməmişdir. Cavabdeh ödəmədiyi borca görə 15 gün həbs edildikdən sonra borcunun bir hissəsini ödəməyə başlamışdır. Lakin cavabdeh hazırda ona qarşı çox haqsızlıq edir. Belə ki, onun (iddiaçının) atasının aldığı evdən pay tələb etməyə başlamışdır. Halbuki həmin evə cavabdehin bir qəpik belə xərci çıxmamış, evi atası 2013-cü ildə 11000 manata almışdır. Belə ki, ev çox şəraitsiz vəsaitdə olmuşdur. Lakin sonra qardaşı xəstə olduğu üçün atası həmin evi 2021-ci ildə 25000 manata satmışdır. Daha sonra evi təmir edib 37000 manata satmışlar. Ailəli olduqları dövrdə cavabdeh sürücü vəzifəsində işləmiş və 1300 manat məbləğində əmək haqqı almışdır. Cavabdehin valideynlərinin də imkanları yaxşıdır, lakin valideynləri cavabdehi danışdırmır, onu öz evlərinə qoymur. Cavabdeh uşaqları ilə də bir dəfə olsun maraqlanmır. Bu vəziyyətdə uşaqları saxlamaq onun üçün çox çətindir. Odur ki, məhkəmədən hər uşağa görə ən azından 200 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin valideynləri ilə münasibətlərinin pozulmasının səbəbi onun iddiaçı ilə olan evliliyi olmuşdur. Belə ki, cavabdehin valideynləri onun iddiaçı Dinar xanımla evlənməsinə razı olmamış, lakin cavabdeh valideynlərinə baxmayaraq iddiaçı ilə evlənmişdir. Tərəflərin nikaha daxil olduğu 2013-cü ildən bəri cavabdehin valideynləri cavabdehi danışdırmır. İddiaçı ilə nikahı pozulduqdan sonra cavabdeh yenidən ailə qurmuş, həmin nikahdan da bir uşağı doğulmuşdur. Cavabdeh hazırda işləmir. Bundan əlavə, iddiaçı məhkəmə qətnaməsi ilə cavabdehin köçürülməsinin qət edildiyi evdə yaşamasına mane olmuş, hansısa yolla, etibarnamə verməklə evi satmışdır. Hətta evi alan Nailə adlı xanım cavabdehin həmin evə köçürülməsinə dair məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin o, iş üzrə maraqlarına toxunan şəxs kimi qəbul olunmadığından şikayəti geri qaytarılmışdır. Həmin evi cavabdeh özü tikmişdir. Belə ki, iddiaçı ilə ailəli olduğu dövrdə əmisi oğlunun yanında sürücü işləmiş, həmin vaxtda da evi tikmişdir. Lakin evə köçürülmə ilə bağlı məhkəmə prosesində bu hal sübuta yetirilə bilməmişdir. Bu gün cavabdeh iddiaçının təqsirinə görə kirayədə qalır, ayda 350 manat məbləğində kirayə pulu ödəyir. Hansı ki, o ev satılmasa idi, cavabdeh heç bir kirayə haqqı ödəmədən öz tikdiyi evdə qala bilərdi. Onun əksinə, iddiaçının isə kifayət qədər maddi vəsaiti var. Belə ki, iddiaçı həmin evin satışından gəlir əldə etmişdir. Cavabdeh isə işləmir, onun ailəsinə də valideynləri baxır. Belə ki, cavabdeh valideynləri ilə artıq danışır, lakin onların yanında qalmır. Çünki kiçik qardaşı ailə qurmuşdur və valideynləri ilə o qalır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 980197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 3572 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 390924 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1923 nömrə ilə qeyd edilmişdir.

9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İV seriyalı, 331836 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası Cavabdeh, anası X5) xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 4568 nömrə ilə qeyd edilmişdir.

10. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 342743 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X8 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1396 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 1229/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X12 ilə Cavabdeh arasında xx.xx.2012-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 164 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 boşanmadan sonra iddiaçı X6 yanında qalmaları, Cavabdeh iddiaçı X6 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat alimentin tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 2833/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında 3 yaşayış otağından ibarət bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülmüş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun 5 manatının cavabdeh X3 tutularaq Cavabdeh ödənilməsi, geri qalan 5 manat isə iddiaçı Cavabdeh aid edilmişdir. İşin faktiki halları.

13. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2012-cı il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 doğulmuşdur.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

15. Hazırda isə İddiaçı məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını, cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

24. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.

25. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Lakin hər bir halda nəzərə alınmalıdır ki, uşaqları yanında saxlayan iddiaçı olduğundan onların gündəlik xərclərini də iddiaçı qarşılayır.

26. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

27. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

28. Son olaraq, məhkəmə onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§20) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

29. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1229/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 200 manat olmaqla, 400 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(010)-1337/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1229/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1337/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar