Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1357/2020 25.02.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclaskatibiDadaşova Vəfa Cabir qızının, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri əmlakın - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S ev 20, mənzil 100 saylı mənzilin aralarında bölünməsinə, mənzilin ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan 2 uşaqları olmuşdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. xx.xx.2015-ci ildə birgə yaşadıqları dövrdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S ev 20, mənzil 100 saylı mənzilini əldə etmişlər. Həmin mənzilin sənəddə ümumi sahəsi 81,42 kvadrat metr olmaqlaqla dörd otaqdan ibarətdir. Aldıqları ev cavabdehin adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh ilə rəsmi olaraq ayrılmışlar. Birgə nikah dövründə əldə etdikləri evdən başqa yaşayış yeri yoxdur. Hər iki uşağı biri azyaşlı olmaqla onun himayəsindədir. Buna görə də həmin evin birgə əmlak kimi aralarında bölünməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, birgə nikah dövründə əldə etdikləri əmlakın - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S, 20 saylı evin, 100 saylı mənzilinin üzərində ½ onun, ½ Cavabdeh paylarının müəyyən olunması barədə qətnamə qəbul ediləməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X1 (satıcı) ilə Cavabdeh (alıcı) arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S, 20 saylı evin, 100 saylı mənzilə dair alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S, 20 saylı evin, 100 saylı mənzil Cavabdeh məxsusdur, bu barəd daşınmaz əmlakın reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 2(010)-4493/2019 saylı, xx.xx.2019-cu il tarixli Suraxanı rayon Məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Suraxanı rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrəli akt qeydi ilə tərtib olunmuş xx xxxxxx 2000-ci il tarixli nikahın pozulması qət edilmişdir. Hazırki iş üzrə aşağıda göstərilən hüquq normaları tətbiq ediləcək. Ailə Məcəlləsinin 7-ci və 8-ci fəsilləri ilə ər-arvadın əmlakının müvafin olaraq qanuni və müqavilə recimləri tənzimlənir. Ər-arvadın əmlakının qanuni reciminin anlayışı Ailə Məcəlləsinin 7-ci fəslinin 31-ci maddənin 1-ci bəndində verilir. Bu normaya əsasən ərarvadın əmlakının qanuni recimi onların birgə mülkiyyətinin recimidir. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni recimi fəaliyyət göstərir. Hazırki mübahisə üzrə tərəflər arasında nigah müqaviləsi bağlanmadığından, onların əmlakının qanuni recimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 32-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, qanunla müəyyən edilmiş qaydada bağlanmış nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd etmək lazımdır ki, ər-arvadın birgə mülkiyyəti paysız mülkiyyətdir. Birgə mülkiyyətdə (ər-arvadın ümumi əmlakında) ər-arvadın payları yalnız mülkiyyətin birgə mülkiyyətə xitam verilməsinə səbəb olan bölünməsi zamanı təyin edilir. Onların hər birinin Ailə Məcəlləsinin 33-cü maddəsində göstərilən qaydada birgə əmlak üzərində bərabər (ərlə arvadın bərabər) sahiblik, istifadə və sərəncam hüquqları vardır. Bu zaman, ümumi əmlak üzərində hüquq əmlakın ər-arvaddan kimin tərəfindən və onlardan kimin adına əldə olunmasından (pul vəsatilərinin daxil edilməsindən), kimin adına hüquq müəyyən edən sənədin verilməsindən asılı olmayaraq ər-arvadın hər ikisinə məxsusdur. Bundan başqa, nikah zamanı əldə edilmişdirsə, mübahisə yarandıqda, ər-arvaddan hər hansı biri əmlakın ümumiliyi faktını sübut etməyə borclu deyil, çünki qanuna görə, prezumpsiya mövcuddur ki, göstərilən əmlak ər-arvadın birgə mülkiyyətidir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə (xəstəlik, təhsil və s.) görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (Ailə Məcəlləsinin 32-ci maddəsinin 3-cü bəndi). Göstərilən norma əsasən işləməyən qadınların da qanuni hüquqlarının müdafiəsinə yönəldilmişdir. Nəticədə, Ailə Məcəlləsinin 29-cu maddəsində təsbit edilən ərlə arvadın ailədə bərabərliyi prinsipindən çıxış etməklə, onların ev əməyi işləyən ərin əməyi ilə bərabərləşdirilir. Beləliklə, ümumi əmlak üzərində ər-arvadın hüququ onların hər birinin əmlakın əldə edilməsinə qoyduqları məbləğin ölçüsündən asılı olmayaraq bərabərdir. Ailə Məcəlləsində ər-arvadın birgə mülkiyyətinin mümkün obyektləri və onun əsas yaranma mənbələri sadalanmışdır. Ailə Məcəlləsinin 32-ci maddəsinin 2-ci bəndinə görə, ərarvadın ümumi əmlakına aşağıdakılar aiddir: a) ər-arvadın əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər; b) aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. ər ya arvadın şəxsi mülkiyyətidir); c) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar (yaşayış və qeyri-yaşayış tikililəri və yerləri, torpaq sahələri, avtonəqliyyat vasitələri, mebel, məişət texnikası və s.); d) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən qiymətli kağızlar, kredit idarələrinə və ya başqa kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar; e) nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. Bundan başqa, Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq, ər-arvad tərəfindən nikah dövründə əldə edilmiş və mülki dövriyyədən çıxarılmamış, qanunla nəzərdə tutulmuş ayrı-ayrı hallar istisna olunmaqla, miqdar və dəyəri məhdudlaşdırılmayan hər hansı daşınar və daşınmaz əmlak da onların birgə mülkiyyətidir. Beləliklə, ər-arvadın ümumi əmlakının yuxarıda gətirilən siyahısı göstərir ki, o, tam deyil. Əgər Ailə Məcəlləsinin 32-ci maddəsində əks etdirilmiş ümumi birgə mülkiyyətin yaranma mənbələrini qəbul etsək, onda ər-arvadın birgə mülkiyyəti ilə şəxsi mülkiyyətini bir-birindən ayıra bilərik. Belə ki, bu və ya digər əmlakı ər-arvadın ümumi birgə mülkiyyətinə aid etmək üçün aşağıdakı halların əhəmiyyəti var: a) əmlak ər-arvad tərəfindən nikah zamanı ər-arvadın ümumi vəsaitləri hesabına əldə edilmişdir; b) əmlak ər-arvadın mülkiyyətinə nikah dövründə daxil olmuşdur (əvəzsiz sövdələşmələr üzrə); c) nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı, ərin ya arvadın şəxsi əmlakı yaxud da ər-arvadın hansınınsa şəxsi əməyi hesabına ər ya arvadın əmlakının dəyərini xeyli artıran vəsait qoyulmuşdur (əsaslı təmir, yenidən quraşdırma, əlavə tikinti, avadanlığı dəyişdirmə və s.). Qeyd edək ki, Ailə Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinin redaksiyasında əmlakın dəyərinin xeyli artırılması meyarı göstərilmir, lakin onun məzmununa görə, ərarvaddan hər hansı birinin şəxsi əmlakının dəyərinin artması həm ər ya arvadın maddi xərclərinin, həm də bilavasitə əmək töhfəsinin (məsələn, əmlakın əsaslı təmiri, bərpa edilməsi) nəticəsi ola bilər. Belə qaydanın üstünlükləri göz önündədir: birincisi, o, əmlakın faktiki ictimailəşdirilməsini nəzərə almağa imkan verir ki, bunsuz da heç bir ailədə keçinmək mümkün deyildir, ikincisi, ev təsərrüfatı və uşaqların tərbiyəsi ilə məşğul olan, bununla da ailənin var-dövlətinin saxlanmasında və artırılmasında fəal iştirak edən işləməyən qadınların mənafelərini müdafiə edir. Beləliklə, Ailə Məcəlləsinin normalarının təhlili göstərir ki, qüvvədə olan qanunvericilik çərçivəsində ər-arvadın əmlakının ümumiliyinin təyini, müvafiq olaraq onlarda ümumi mülkiyyət hüququnun yaranması üçün əsas meyarlara aşağıdakılar aiddir: 1) əmlakın əldə edildiyi an: əmlak nikah dövründə əldə edilmiş olmalıdır; bu şərt imperativ xarakter daşıyır, lakin o, şərtsiz deyil, çünki, məsələn, ümumi mülkiyyət ər ya arvadın şəxsi mülkiyyətinin ümumi mülkiyyətə çevrilməsinə görə də yarana bilər. Belə ki, ər-arvaddan hər hansı birinin əmlakının dəyərini artıran yaxşılaşmasına çəkilən ümumi vəsait xərcləri bu əmlak üzərində ümumi mülkiyyətin yaranması üçün əsas ola bilər; 2) əldə etmə vəsaitlərinin xarakteri: əmlak ər-arvadın ümumi vəsaitləri hesabına əldə edilmiş olmalıdır; öz növbəsində, əldə edilən əmlakın ekvivalenti kimi şəxsi vəsaitlərdən istifadə yalnız bu vəsaitlərin məxsus olduğu ər ya da arvadın mülkiyyət hüququnun yaranmasına səbəb olur; 3) əldə etmə üsulları (əvəzli sövdələşmələr, müxtəlif fəaliyyət növlərindən gəlirlər və b.). Ər-arvadın ümumi əmlakına, həmçinin, əvəzsiz sövdələşmə üzrə, amma ər-arvadın hər ikisinin adına əldə edilmiş əmlak da aiddir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S, 20 saylı evin, 100 saylı mənzil tərəflərin birgə nigahları dövründə əldə edilmişdir. Belə ki, tərəflər 2000-cu ildə nikaha daxil olmuş, mübahisəli mənzil 2015-ci ildə əldə olunmuş, tərəflərin nikahları 2019-cu ildə pozulmuşdur. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah zamanı əldə edilmiş əmlak üzərində birgə mülkiyyətin hüququna xitam verilməsi və bölgü nəticəsində həmin əmlak üzərində ər-arvadın hər birinin mülkiyyət hüququnun yaranması deməkdir. Ailə Məcəlləsinin 36-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq, ər-arvadın əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilə bilər. Faktiki olaraq ər-arvad əmlakının bölünməsi ər-arvadın ümumi əmlakında onların hər birinin paylarının təyin edilməsidir. Bu, hər şeydən əvvəl Ailə Məcəlləsinin 37-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilmiş prinsipə uyğun olaraq həyata keçirilir: ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi və bu əmlakda onların hər birinin paylarının müəyyən edilməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S, 20 saylı evin, 100 saylı mənzil üzərində ½ iddiaçı X2, ½ Cavabdeh payları müəyyən edilməlidir. Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahı dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y\S, 20 saylı evin, 100 saylı mənzil üzərində iddiaçı X2 ½, Cavabdeh ½ payları müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №2(010)-1357/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1357/2020
25.02.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver