Məhkəmə qərarları › İş №2(010)-136/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-136/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-136/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “kredit və ipoteka müqaviləsinin etibarsız hesab olunması və mənzilin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızından Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli 2(010)-13604/2016 saylı məhkəmə əmri ilə tutulmuş 39308.77 manat əsas, 11195.67 manat faiz borcu olmaqla cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus 11.09.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinə yönəlməsi, həmin mənzilin açıq hərracda satılması və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli 2(010)-13604/2016 saylı məhkəmə əmri ilə tutulmuş cəmi 50504.44 manat məbləğində borcun Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icraasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Məmmədova (Maksimova) Lalə Maksim qızının və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Məmmədova (Maksimova) Lalə Maksim qızının həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət edərək, onunla Yelo Bank ASC («Nikoyl İKB”) arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 6-MG-5-0-1840-14 saylı kredit müqaviləsinin və eyni tarixli və eyni saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, kredit və ipoteka müqavilələri üzrə öhdəliklərinə xitam verilərək mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı mülki iş üzrə cavabdeh "xxxx" ASC məhkəmə iclasında işlərin birləşdirilməsi barədə vəsatət ilə müraciət edərək məhkəmənin icraatında olan iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın yüklülüyündən azad olunması» tələbinə dair iddia ərizəsi üzrə 2(006)-1162/2021 saylı mülki işin və iddiaçı "Yelo Bank” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə Suraxanı rayon məhkəməsinin icraatında olan 2(010)-136/2021 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(006)-1162/2021 saylı mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı "Yelo Bank” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s." tələbinə dair 2(010)-136/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(010)-2700/2021 nömrəli mülki iş iddiaçı "xxxx" ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(010)-136/2021 nömrəli mülki işə birləşdirilmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Məmmədova (Maksimova) Lalə Maksim qızı 11 sentyabr 2014-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 21 faizlə 36 ay müddətinə 45000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Məmmədova (Maksimova) Lalə Maksim qızının mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi , D yaşayış sahəsində yerləşən, 2 otaqlı, 48.7 kv.m ümümi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzili 11 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. “Nikoyl İKB“ ASC ( "xxxx" ASC ) 39308.77 manat əsas borc, 11195.67 manat faiz borcu olmaqla cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun borclu Məmmədova (Maksimova) Lalə Maksim qızından tutulması barədə məhkəmə əmri çıxarılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2(010)- 13604/2016-cı il tarixli məhkəmə əmri ilə Məmmədova (Maksimova) Lalə Maksim qızından 39308.77 manat əsas borc, 11195.67 manat faiz borcu olmaqla cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun «Nikoyl İKB”-nin xeyrinə ("xxxx" ASC) tutulması əmr edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Məmmədova (Maksimova) Lalə Maksim qızı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qeyd olunanlara əssaən iddianın təmin olunmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət edərək, onunla Yelo Bank ASC («Nikoyl İKB”) arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 6-MG-5-0-1840-14 saylı kredit müqaviləsinin və eyni tarixli və eyni saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, kredit və ipoteka müqavilələri üzrə öhdəliklərinə xitam verilərək mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O Cavabdeh tərəfindən qaldırılmış iddia tələbini qəbul etmir, belə ki, həmin iddia əsassızdır. Tərəflər arasında kredit və ipoteka müqavilərləri bağlanmış və qarşı tərəf üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Bundan başqa hazırkı iddia ərizəsinə iddia müddəti tətbiq oluna bilməz. Belə ki, məhkəməyə əmr icraatı qaydasında müraciət olunmuş və pulun tutulması ilə bağlı olaraq məhkəmə əmri çıxarılmışdır. Bank tərəfindən məhkəməyə 24.04.2020-ci il tarixdə müraciət olunmuş və iddia ərizəsi məhkəmə tərəfindən 14.05.2020-ci il tarixdə qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 izahat verərək bildirmişdir ki, Məmmədova (Maksimova) Lalə Maksim qızı ilə «Nikoyl İKB” arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 45000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzili 11 sentyabr 2014-cü il tarixli ipoteka ilə yüklü edilmişdir. Daha sonra Bankla arasında olan müqavilə öhdəliklərinin icrası hissəsində mübahisə yarandığından "xxxx" ("xxxx" ASC) 39.308.77 manat əsas borcun, 11195,67 manat faiz borcunun, cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Məmmədova (Maksimova) Lalə Maksim qızından tutulması barədə məhkəmə əmrinin çıxarılması üçün Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2(010)13604/2016 saylı məhkəmə əmri ilə Məmmədova (Maksimova) Lalə Maksim qızından 39.308.77 manat əsas borcun, 11195,67 manat faiz borcu olmaqla cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında məhkəmə əmri qəbul edilmişdir. Hal-hazırda isə bank tərəfindən Suraxanı rayon məhkəməsində məhkəmə əmrinə əsasən müəyyən edilmiş məbləğin ipoteka predmetinə yönəldilməsi tələbi ilə ona qarşı yenidən iddia qaldırılmışdır. Qaldırılmış iddiaya və əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra Məmmədova (Maksimova) Lalə Maksim qızına aydın olmuşdur ki, o, müqavilə bağlanan zaman aldadılmışdır. Belə ki, müqavilə bağlanan zaman o, bankla illik 18 faiz məbləğdə faizlərin ödənilməsini şərtləşdirsə də, hal-hazırda müəyyən olunur ki, bank müqavilədə illik faiz göstəricisini 18 kimi deyil 21 faiz kimi göstərmişdir. Bu isə Məmmədova (Maksimova) Lalə Maksim qızının hüquqlarının pozulması deməkdir. Faizlər arasındaki fərq (3 %) az görsənsə də bu belə deyil. Məlum olduğu kimi bu müqavilə 3 illik bağlanılmışdır və götürdüyü məbləğ də böyük məbləğdir. Belə ki, aldadılma ilə imzalamış 11 sentyabr 2014-cü il tarixli, 6-MG-5-0-1840-14 saylı kredit müqaviləsi və ona əsasən tərtib edilmiş 11 sentyabr 2014-cü il tarixli, 6-MG-5-0- 1840-14 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzili ipoteka yüklülüyündən azad olunmalıdır. Bundan əlavə bankla cavabdeh arasında bağlanmış müqavilə münasibətlərinə xitam verilmişdir. Belə ki, bank məhkəmə əmri çıxarıldıqdan dörd il sonra ona qarşı yeni iddia qaldıraraq ipoteka predmetinə yönəldilməsini tələb edir. Hesab edir ki, bankın iddia qaldırmaq üçün qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Qeyd olunanlara əsasən bank tərəfindən qaldırılmış iddia tələbinin rədd olunması və iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ipoteka saxlayan İddiaçı İKB ilə, borc alan və ipoteka qoyan Məmmədova (Maksimova) Lalə Maksim qızı arasında bağlanmış 11.09.2014-cü il tarixli 6MG-5-0-1840-14 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 13604/2016 saylı, 08.11.2016-cı il tarixli məhkəmə əmrindən müəyyən olunur ki, borclu Cavabdeh 39308.77 manat əsas, 11195.67 manat faiz borcu olmaqla cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditor İddiaçı İKB-nın xeyrinə tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 505 nömrəli reyestr kitabının 46589 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13.09.2014-cü il tarixli, seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzili «Nikoyl İKB”-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış 12.02.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 08.10.2020-cı il tarixli LF 10 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzili bazar qiymətlərinə uyğun olaraq dəyəri 63 000 manat, likvid dəyəri 60 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «Nikoyl İKB” ("xxxx" ASC) ilə Məmmədova (Maksimova) Lalə Maksim qızı arasında bağlanmış 11.09.2014-cü il tarixli 6- MG-5-0-1840-14 saylı kredit müqaviləsi əsasında ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13604/2016 saylı, 08.11.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu Cavabdeh 39308.77 manat əsas, 11195.67 manat faiz borcu olmaqla cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditor İddiaçı İKB-nın xeyrinə tutulması əmr edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bank tərəfindən cavabdehə bildiriş verilmişdir. İş üzrə iddiaçı «Nikoyl İKB” ("xxxx" ASC) həmin məbləğdə pulu Məmmədova (Maksimova) Lalə Maksim qızına verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında 11.09.2014-cü il tarixli 6-MG-5- 0-1840-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 11.09.2014-cü il tarixdən 11.09.2017-ci il tarixinədək bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 3 ildən çox vaxt keçməmiş müraciət etmiş, cavabdeh isə iddia müddətinin ötürülməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən iddia qismən təmin olunaraq Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzilinin likvid dəyəri 60000 (altmış min) manat müəyyən olunmalıdır. Tələb ipoteka qoyulmuş Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzilinə yönəldilməli və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən cəmi 50524.44(əlli min beş yüz iyirmi dörd manat, qırx dörd qəpik)manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Məmmədova (Maksimova) Lalə Maksim qızından tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məmmədova (Maksimova) Lalə Maksim qızı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və banka təhvil verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin ilkin mərhələdə borc məbləğini ödəyəcəyi təqdirdə cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə hesab edir ki, kredit müqaviləsi bağlanan zaman iddiaçı tam həcmdə fəaliyyət qabiliyyəti əldə etdiyindən, bankla Məmmədova (Maksimova) Lalə Maksim qızı arasında tərəflərin iradə ifadəsinə əsaslanan müqavilə bağlandığından və iddiaçı həmin müqavilə üzrə öhdəliklərin icrasını öz üzərinə götürdüyündən bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunması və mənzilin ipoteka yüklülüyündən azad olunması barədə iddia tələbi əsassısdır və təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzilinin likvid dəyəri 60000 (altmış min) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzilinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən cəmi 50524.44 (əlli min beş yüz iyirmi dörd manat, qırx dörd qəpik)manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Məmmədova (Maksimova) Lalə Maksim qızından tutularaq "xxxx" ASC-nin xeyrinə tutulsun. Məmmədova (Maksimova) Lalə Maksim qızı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 18 nömrəli evin 35 nömrəli mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və banka təhvil verilsin. İddia qalan hissədə təmin olunmasın. İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “kredit və ipoteka müqaviləsinin etibarsız hesab olunması və mənzilin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar