Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1373/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğluna qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 12650 (on iki min altı yüz əlli) manat borc pul məbləğinin, habelə həmin borcun ödənilməsinin 12 ay gecikdirilməsinə görə ümumilikdə 1480 (min dörd yüz səksən) manat mülki dövriyyə nəticəsində əldən çıxmış faydanın, eləcə də dövlət rüsumu kimi ödədiyi 128 (yüz iyirmi səkkiz) manatın, cəmi 14258 (on dörd min iki yüz əlli səkkiz) manat pulun xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə tələb olunun faiz dərəcəsinin 5 faiz olmaqla təxminən 9 ay üçün 467.87 manat məbləğində tutulmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. Cavabdeh ilə aralarında bağladığı xx.xx.2023-cü il tarixli Borc müqaviləsinə əsasən, borclu Cavabdeh 12650 (on iki min altı yüz əlli) manat borca pul vermişdir. Borclu isə əldə etdiyi borc pul vəsaitini 3 (üç) ay ərzində, yəni xx.xx.2023-cü il tarixə kimi ona (borcverənə) tam şəkildə geri qaytaracağını öz öhdəsinə götürmüşdür. Lakin, borclu tərəfindən həmin məbləğ geri qaytarılmamışdır. Sonradan, həmin məbləğin geri qaytarılması və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi üçün, borcluya xx.xx.2023-cü il tarixdə rəsmi qaydada bildirişlə müraciət edilmişdir. Həmin bildiriş xx.xx.2023-cü il tarixdə "xxxx" MMC- tərəfindən borcluya təqdim edilmişdir. Borclu tərəfindən borc məbləğinin geri qaytarılmaması səbəbi ilə əmr icraatı qaydasında borc pul vəsaitinin tutulması üçün Suraxanı rayon məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(010)-2954/2023 nömrəli qərardadı ilə sənədlər ona geri qaytarılmış və iddia qaydasında müraciət etməyi bildirilmişdir. Bundan başqa "QALF DRİLLİNQ SAPLEY FZE"-nin xx.xx.2023-cü il tarixli, 62 nömrəli sənədinə əsasən, Cavabdeh xx.xx.2023-cü ildən etibarən "QALF DRİLLİNQ SAPLEY FZE"-nin Azərbaycan ofisində elektrik mühəndisi vəzifəsində işləməsi, əmək haqqı məbləğinin 2449,69 (iki min dörd yüz qırx doqquz manat altımış doqquz qəpik) manat təşkil etməsi bildirilmiş və həmin sənəd X1 Azərbaycan Respublikasında yerləşən Səfirliyinə təqdim edilməsi üçün verilmişdir. Bu səbəbdən də borclunun aralarında bağlanmış borc müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi və ölkədən qaçıb getməsi üçün əsaslı şübhələr vardır. Hazırda borclu borc müqaviləsi üzrə öz öhdəliklərini icra etmir və bundan boyun qaçırır.
Tərəflərin izahatları
4. Cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğlu iddia tələbi ilə razı olduğunu bildirmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
İş materialları
6. xx.xx.2023-cü il tarixli “Borc Müqaviləsi”ndən görünür ki, Borcverən - İddiaçı 12650 (on iki min altı yüz əlli) manat məbləğində pul vəsaitini Borcalan - Səlı̇ mzadə Elvı̇ n İlham oğluna verir, Borcalan isə həmin borc məbləğini 3 ay ərzində tam şəkildə ödəməyi öhdəsinə götürür.
7. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli “Borc Müqaviləsi”i üzrə borc məbləğinin 1 iş günü ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
8. Tərəflər arasında borc müqaviləsinin bağlanması və həmin müqavilə əsasında iddiaçının cavabdehə 12650 (on iki min altı yüz əlli) manat məbləğində borc verməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf cavabdehin ona olan borcunu hələ də qaytarmadığını iddia edir, borc məbləğinin və borcun gecikdirilməsinə görə 12 ay müddəti ərzində hesablanan faiz məbləğinin qaytarılmasını tələb edir. İddiaçı tələbinə dəqiqləşmə (tələbin azaldılması) verərək əsas borc məbləğinə 9 ay üçün 5 % lə əldən çıxmış fayda hesablanmasını xahiş edir. Cavabdeh isə iddia tələbi ilə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 739. Borc müqaviləsi 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarı. Həmin qərarda göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. Məhkəmə ilk öncə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığına qiymət verməyi zəruri hesab edir. İşdən görünür ki, tərəflər arasında mülki qanunvericiliyin tələbinə uyğun olaraq yazılı formada borc müqaviləsi bağlanmışdır. Müqavilənin əhəmiyyətsizliyinə dəlalət edən hallar yoxdur. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır, ona görə də, məhkəmə mübahisəyə müqavilə münasibətlərini tənzimləyən normalar baxımından yanaşır.
14. Məhkəmə qeyd edir ki, iş materialları və iddiaçı tərəfin izahatından aydın olur ki, iddiaçı cavabdehə 3 ay müddətində tam qaytarmaq şərtilə - 12650 manat məbləğində borc pul versə də, lakin cavabdeh qeyd olunan borc məbləğini qaytarmamaqla öz öhdəliyini icra etməmiş və eyni zamanda iddia tələbini təkzib edən hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh tərəf də əsas borc məbləğinin qaytarılması tələbinə etiraz etmir və bu razılığını yazılı şəkildə də məhkəməyə bildirmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı əsas borc tələbi ilə yanaşı, eyni zamanda borc məbləğinin gecikdirildiyi təxminən 9 ay müddəti ərzində illik 5 faizlə hesablanmaqla cəmi 467.87 manat məbləğində pul vəsaitini də tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı məbləğdə faiz borcunu tələb etməkdə də haqlıdır. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli borc müqaviləsi 3 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək imzalanmışdır. Həmin tarixdən iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək olan müddət isə 8 ay 25 gün (270 gün) təşkil edir. Belə olan halda məhkəmə AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq hesab edir ki, qeyd olunan dövr ərzində - 270 gün ərzində borc məbləğinin gecikdirilməsi ilə bağlı əsas borc məbləği olan 12650 manata münasibətdə illik 5 faizlə hesablanmalı olan məbləğ 467.87 manat təşkil edir. Digər tərəfdən, cavabdeh tərəf də əsas borca münasibətdə əldən çıxmış faydanın tutulmasına etiraz etməmiş və razılığını yazılı formada məhkəməyə bildirmişdir.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 129.35 manat hissəsi cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğlundan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğlundan 12650 manat borc pul vəsaiti və 467.87 manat əldən çıxmış fayda olmaqla cəmi 13117.87 (on üç min yüz on yeddi manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli və iş üzrə ödənilmiş dövlət rüsumunun 129.35 manat hissəsi cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğlundan tutularaq İddiaçı ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğlundan 12650 manat borc pul vəsaiti və 467.87 manat əldən çıxmış fayda olmaqla cəmi 13117.87 (on üç min yüz on yeddi manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 129.35 manat hissəsi cavabdeh Səlı̇ mzadə Elvı̇ n İlham oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.