Məhkəmə qərarları › İş №2(010)-1377/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1377/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1377/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79612 İphone X 64GB markalı telefon üçün 1522 manat ödənilməmiş hissə, 405 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********34416 Samsung Galaxy S10+ markalı telefon üçün 1380 manat ödənilməmiş hissə, 414 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30037 Samsung Galaxy A50 markalı telefon üçün 546 manat ödənilməmiş hissə, 167 manat dəbbə pulu, ümumilikdə 4434 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********79612 İphone X 64GB markalı telefon, İMEİ kodu **********34416 Samsung Galaxy S10+ markalı telefon, İMEİ kodu **********30037 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 4434 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2700 manat (18 ay x 150 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********79612 İphone X 64GB markalı telefon üçün 1927 manat olmaqla ondan, 1522 manat ödənilməmiş hissə, 405 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3062 manat (12 ay x 230 manat + 302 manat ilkin ödəniş) olan İMEİ kodu **********34416 Samsung Galaxy S10+ markalı telefon üçün 1794 manat olmaqla ondan, 1380 manat ödənilməmiş hissə, 414 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********30037 Samsung Galaxy A50 markalı telefon üçün 713 manat olmaqla ondan 546 manat ödənilməmiş hissə, 167 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3058 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, «xxxx» MMC ilə müqavilə bağlayaraq mobil telefonlar almışdır. Sonradan maddi cəhətdən imkanı olmadığından «xxxx» MMC-yə telefonların qaytarılması barədə müraciət etsə də, lakin telefonları ondan qəbul etməmişlər. O əvvəllər də Kontakt Home ilə müqavilələr bağlamış və həmişə borcu vaxtında ödəmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00808415 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 18 ay müddətinə hər ay 150 manat nağd ödəniş olmaqla, qiyməti 2700 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00863908 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 12 ay müddətinə hər ay 230 manat nağd ödəniş olmaqla, qiyməti 3062 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00959242 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 12 ay müddətinə hər ay 62 manat nağd ödəniş olmaqla, qiyməti 744 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh “xxxx” ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 3448 manat ödənilməmiş məbləğ, 986 manat dəbbə borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Y/S, ev 14A, mənzil 64 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən mobil telefonlar almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 3448 manat ödənilməmiş hissə «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “xxxx” MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 986 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 3448 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 3448 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu, ümumilikdə 3548 (üç min beş yüz qırx səkkiz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar