Məhkəmə qərarları › İş №2(010)-1379/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1379/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1379/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun yaxın qonşusu olan və yaxın münasibətdə olan Cavabdeh1 18 mart 2022-ci il tarixdə onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Babək” filialından 23500 manat pul götürməyindən xəbər tutan kimi onun evinə gələrək həyat yoldaşı Cavabdeh2 iş yerində vəzifəsini qaldırmaq üçün pul lazım olduğunu bildirmiş və həyat yoldaşı Cavabdeh2lə də onu mobil telefonu ilə danışdıraraq onu inandırmış və həyat yoldaşı Cavabdeh2 də bu sözləri təsdiq edərək 1 həftə ərzində 10 manat aldıqları pulu ona qaytaracaqlarına söz versələr də, 18 mart 2022-ci il tarixdə 10 manat pulu ondan alması barədə öz xətti ilə yazaraq və imzası ilə təsdiq edərək ona qəbz versə də, sonradan onu aldatdıqlarını başa düşmüş və pulu tələb etdikdə Aynurənin atası onu döymüş və o, döyülmə və aldadılmağı barədə hər iki iş barədə polisə müraciət etmiş və 1-ci iş üzrə polis tərəfindən məhkəməyə müraciət etmək hüququ ona izah olunmuş və 2-ci iş üzrə isə 30-cu Polis şöbəsində araşdırma aparılır. Həm Cavabdeh1, həm də həyat yoldaşı Cavabdeh2 müxtəlif bəhanələr gətirərək 10 manat aldıqları pulu qaytarmaqdan açıq-aşkar imtina etmişlər və onların hər ikisinin onunla olan səs yazıları yazılmış CD diski də iddia ərizəsinə əlavə edilmişdir. Borc məbləği cavabdehlər tərəfindən qeyd etdiyi kimi hal-hazıra qədər qaytarılmamışdır.

İddiaçının tələbi.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada 10.000 manat pul vəsaitinin və həmin pul vəsaitinin qanunsuz olaraq mart 2022-ci il tarixdən hal-hazıra kimi 11 ay saxlanılmasına görə hər ay üçün 5 faiz olmaqla, yəni 500 manat x 11 ay = 5500 manat faiz məbləğinin cəmi 15.500 manat məbləğinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada 10.000 manat pul vəsaitinin və həmin pul vəsaitinin qanunsuz olaraq mart 2022-ci il tarixdən 15 ay saxlanılmasına görə hər ay üçün 5 faiz olmaqla, yəni 500 manat x 15 ay = 7500 manat faiz məbləğinin cəmi 17.500 manat məbləğinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh1 evi və onun dükanı qonşuluqda yerləşir, hansı ki həmin dükan əvvəl öz evi olub sonradan dükan kimi istifadə edib. Onun qızı Aynurənin kirpiklərini düzəldəndə Aynurə onun bankdan pul götürəcəyinin qulaq şahidi olmuş və bunda sonra ondan ərinin vəzifəsinin qalxması üçün pul lazım olduğundan borc pul istəmiş, ərinə də zəng edərək zəng vasitəsilə Aynurənin əri Mətləb olduğunu, ona pul lazım olduğunu və pulu qaytaracağını demişdir. Aynurə onun etibarını qazandığı və qonşusu olduğu üçün 2022-ci ilin mart ayında 10000 manat pulu onlara borc olaraq vermişdir. O, yalnız 10000 manat pulu borc olaraq vermiş, heç bir faiz istəməmişdir. Bundan sonra Aynurə ərinin 4000-5000 manat maaş aldığı üçün 2-3 aya borcu qaytaracağını demişdir. Aynurə və əri Mətləb hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışlar, belə ki, Aynurə gah əri Mətləbin maşınla adam vurduğuna görə ona pul lazım olduğunu, gah Mətləbin maşının vurulduğu və maşına ziyan dəydiyini, gah Mətləbin kartının bloklandığını, sonra Mətləbin gedib kartı blokdan çıxardığını və kartı Aynurəyə vermək üçün öz qardaşına verdiyini, qardaşının kartı Aynurəyə vermədiyini, gah ərinin başqasının yerinə də dənizdə olduğunu, gəldikdən sonra pulu ödəyəcəyini, gah da əriylə boşanacağını demişdir. Aynurə əri Mətləbi gizlətməyə çalışmış və sonuncu dəfə o, Mətləbin evinə gedərkən Mətləbin evə daxil olduğunu görmüş, amma Aynurə onun evdə olmadığını demişdir. Mətləbin qardaşı ona bildirmişdir ki, Mətləb və Aynurə evlərini satırlar, ona görə də onlardan borc veridiyi pulu almasını məsləhət görmüşdür. Aynurənin onun tanışı Məhəbbət adlı xanımdan da 500 manat borc almış, lakin ona da borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.

5. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

6. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, İddiaçı ona 10000 manat yox, 3000 manat pul borc vermişdir, həmin pulu da qaytarmışdır. Belə ki, imzaladığı qəbzdəki imza ona məxsusdur, lakin qəbzi imzaladığı vaxt pul götürməmiş, Şəlalə xanımı tanıdığı üçün ona inanmış, sonrakı gün İddiaçı ona zəng edərək 3000 manat pul borc verə biləcəyini demişdir. O da Şəlalə xanıma etibar etdiyi üçün həmin qəbzi saxlamadığını, cırıb atdığını zənn etmişdir. Həmçinin, həmin 3000 manat borcu 2022-ci ilin mart ayında yox, daha sonra almışdır, belə ki, “whatsapp” smslərindən də görünür ki, iddiaçının qızı ona 3 aydır səbr etdiklərini demişdir. O, aldığı həmin 3000 manat borcu ödəmiş, faiz borcu qalmışdır. Sonradan maddi vəziyyəti pisləşdiyinə görə faiz borcunu ödəyə bilməmişdir. Şəlalə xanımdan əvvəllər də borc almış və faizi ilə qaytarmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.

7. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

8. xx.xx.2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 10000 manat məbləğində nağd pul vəsaitini hər ayın 18-i 495 manat qaytamaq şərti ilə almışdır.

9. 29 aprel 2021-ci il tarixli ərizədən görünür ki, "xxxx" QSC-də İddiaçı adına cari hesab açılmışdır.

10. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 18 mart 2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan İddiaçı 18 aprel 2022-ci il tarixdən 20 may 2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 23500 manat, faiz borcuna görə 5760,24 manat olmaqla cəmi 29260,24 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

11. Suraxanı rayon Polis İdarəsi 30-cu Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, qarşı tərəfin izahatı alınmışdır və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

12. İş əlavə edilmiş iddiaçının qızı X3 ilə Cavabdeh1 arasındakı “whatsapp” yazışmalarından müəyyən olunur ki, “- səbrin yoxdu ay Elnarə..- 3 aydı səbr eliyirikdə..telefonu niyə açmırsan? - ..ged denən pul almışam erimlə indidə odemirəm.. necə edim ödəyim..bölməyə gedincə erivin nömrəsini vererdin e..- sən səhər mənim anamın üzünə necə baxacaqsan..- sənə görə hələ başqalarına da ağız açıb pul alıb verib..bu indi məni hədələyir..- deyirəm bankın pulun ödəyib, məni hədələyir hələ..biz səni ölümlə hədələməmişik, borc almısan..- Şəlalə xala gələn aydan inşallah qabaqcadan veriləcək pul sənə..- 1-ci gün götürəcəm pulu verəcəm.. - Şəlalə xala indi gəlmişik, qaçmırıq, burdayıq, gecikmənin faizi nədisə ödəyəcəm hamısın, Allah haqqı ödəyəcəm, mənə köçürsünlər pulu bugun ödəyəcəm hamısın..Şəlalə xala sən mənə kodu at bankın kodun qurban sənə mən kartdan ödəniş edim birdə aparatla ödəməyim.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində qeyd etmişdri ki, iddiaçı onun anasıdır, cavabeh uzun illərdir qonşusudur. Mütəmadi olaraq Aynurə anasından pul istəmiş, yalvarmışdır. Anası da ona inandığından onun yanında Ayrəyə pul vermiş, Aynurə də qəbz yazmışdır. Aynurə pulu alandan sonra pulu qaytarmamış və pul aldığını danır.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində qeyd etmişdri ki, tərəfləri tanıyır, Şəlaləni 15 ildir tanıyır, Aynurəni də onun yanında dəfələrlə görmüşdür. Dəfələrlə Şəlalədən eşitmişdir ki, Aynurədən pulunu istəyir. O, da bir dəfə Aynurəyə Şəlalə vasitəsilə pul vermişdir. Dəfələrlə Aynurənin atası evinə Şəlalə ilə birlikdə gedib pullarını tələb etmişlər.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayin keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə tərəfləri və şahidləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, işdə olan, Cavabdeh1 tərəfindən imzası mübahisələndirilməyən əlyazma qəbzdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə öz imzası ilə təsdiq etməklə İddiaçı hər ayın 18-i 495 manat qaytarmaq şərti ilə 10000 manat məbləğində borc pul almışdır.

19. Həmçinin iş materiallarında olan İddiaçı, onun qızı Elnarə Hüseynli və Cavabdeh1 arasında “WhatsApp messenger”i vasitəsilə olan yazışmaların çıxarışlarından və məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilərək tədqiq olunmuş, iddiaçının sübut olara diskdə təqdim etdiyi səs yazılarından görünür ki, iddiaçının Cavabdeh1 pul verməsi və mütəmadi olaraq, ona pulun qaytarılması ilə bağlı iddiaçının və onun qızının müraciətlər etməsi öz əksini tapır.

20. İş üzrə tərəflər arasında olan yazışmalarda göstərilən məlumatlar və şahid ifadələri işin digər halları ilə yanaşı qiymətləndirilərək Cavabdeh1 iddiaçıya borcunun olmasının sübutu kimi qəbul edilir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında həmin yazışmaların iddiaçı ilə arasında olan, iddiaçıdan alıb, qaytardığı üç min manatın faizi ilə bağlı olduğunu, imzaladığı qəbzdə yazılan on min manatı iddiaçıdan götürmədiyini bildirmişdir. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

21. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda borc məbləğini İddiaçı qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh1 İddiaçı borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi Cavabdeh1 hissədə təmin edilməlidir.

22. Göründüyü kimi, məhz Cavabdeh1 borc götürməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Digər Cavabdeh2 aid hissədə isə iddia sübut olunmadığından təmin edilməməlidir.

23. Həmçininin məhkəmə iddianın “cavabdehlərdən pul vəsaitinin qanunsuz olaraq mart 2022-ci il tarixdən 15 ay saxlanılmasına görə hər ay üçün 5 faiz olmaqla, yəni 500 manat x 15 ay = 7500 manat faiz məbləğinin cəmi 17.500 manat məbləğinin onun xeyrinə ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalıdır.

24. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

25. Sadalanan xüsusatlara və qanunvericilik aktına əsasən məhkəmə hesab edir ki, cavabdehin üzərinə düşən pul öhdəliyini 15 ay müddətində icra etməməsi nəticəsində bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 625 manat məbləğində təşkil edir. Belə ki, iddiaçının borcun qaytarılmasının xx.xx.2022-ci il tarixdən qətnamə çıxarılan vaxtadək gecikdirilmiş 15 ay üçün illik 5% tələbini əsaslı hesab edib, bu tələb üzrə cavabdehdən iddiaçının xeyrinə 625 manatın tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. (10000:100x5%=500 manat illik 5%); (500 manat (illik 5%)+125 manat (3 ay 5%) = 625 manat). Buna görə də, cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə faizlər Cavabdeh1 tutulmalıdır.

26. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh1 10000 manat məbləğində borc, 625 manat məbləğində faiz borcu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 10000 (on min) manat məbləğində əsas borc, 625 manat məbləğində faiz borcu olmaqla, cəmi 10625 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar