Məhkəmə qərarları › İş №2(010)-1385/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1385/2022

08.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1385/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Cavabdeh 04.02.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(010)-2192/2021 saylı qətnaməsi ilə tutulan sabit pul məbləğində 175 manat alimentin və 28.07.2009-cu il təvəllüdlü X4 və 10.04.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(010)-4528/2019 saylı qətnaməsi ilə hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 160 manat, cəmi 320 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat, cəmi 579 manat sabit pul məbləğində alimentin və 50 manat mediatora ödənilmiş rüsumun onun xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(010)-4528/2019 saylı qətnaməsi ilə 28.07.2009cu il təvəllüdlü X4 və 10.04.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində, cəmi 320 manat alimentin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(010)-2192/2021 saylı qətnaməsi ilə 04.02.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat alimentin Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. İndiki iqtisadi çətinliklər dövründə cavabdehin hər ay ödəməli olduğu 160 manat və 175 manat aliment yetərincə deyil. Qiymətlərin sürətli artımı uşaqlara sərf olunan xərclər artırdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Alimentin artırılması təklifi ilə o, cavabdehə müraciət etdikdən sonra Mediasiya Şurasına müraciət etmişdir. O, məsələni məhkəmədən kənar qaydada öz aralarında razılığa gələrək həll etməyə çalışsa da cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün buna müvəffəq ola bilməmişdir.” Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə olan nikahından üç uşağı doğulmuşdur. Aralarında olan nikah pozulduqdan sonra məhkəmə qətnaməsi ilə cavabdehdən uşaqlardan ikisinin saxlanılması üçün 320 manat, digəri üçün isə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh adətən alimenti vaxtı-vaxtında ödəsə də sonuncu ay gecikdirmişdir və 535 manat aliment borcu yaranmışdır. Cavabdehin uşaqların saxlanılması üçün ödədiyi aliment uşaqların xərclərini qarşılamağa kifayət etmir. Onlar ailəli olduqları vaxt cavabdeh pərdə satışı ilə məşğul olmuş, gəliri yaxşı olmuşdur. Hazırda isə maşın ticarəti ilə məşğuldur. Hər ay 700-750 manata icarəyə verdiyi üç maşını var və təkcə bu maşınlara görə ayda kifayət qədər gəlir əldə edir. Bundan əlavə, cavabdeh ikinci dəfə ailə qurmuşdur və arvadının əvvəlki nikahından olan qızını ödənişli liseydə oxudur. Cavabdeh hazırda həmin xanımın evində qalır və bu xanımın maddi imkanı kifayət qədər yaxşıdır. O özü isə əvvəllər gözəllik salonunda saç ustası kimi işləsə də bir il olar ki, kimyəvi məhsullara allergik reaksiya verdiyindən işdən ayrılmışdır. Cavabdehlə birgə nikahından olan böyük oğlu əvvəllər cavabdehlə qalsa da hazırda həmin uşaq da onunla qalır. Oğlu son vaxtlar bərbərlik öyrənib bərbər kimi işləməyə başlasa da hələ təzə-təzə işə başladığından gəliri olmur. İcarə haqqını da cavabdehin verdiyi aliment hesabına özü ödəyir. Lakin cavabdehin ödədiyi aliment bütün bu xərcləri qarşılamağa kifayət etmir. Əgər onun uşaqları saxlamaq üçün alimentdən başqa öz qazancı olsa idi alimenti 20 manat artırmaq üçün məhkəməyə müraciət etməzdi. Hesab edir ki, cavabdehin gəliri yüksəkdir və bu səbəbdən ondan uşaqların saxlanılması üçün tutulan alimentin miqdarı artırılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hal-hazırda qazancı çox azdır. Belə ki, cəmi bir maşını var və onu da arendaya verərək ayda 750 manat pul qazanır. Bundan əlavə, aliment borcu yaranmasın deyə bankdan hissə-hissə 8000 manata yaxın kredit götürmüşdür ki, həmin kreditləri də ödəməlidir. Uşaqların saxlanılması üçün ayda 500 manatdan çox aliment ödəyir. Halbuki, onların saxlanılması təkcə onun deyil, iddiaçının da vəzifəsidir. Üstəlik, böyük oğlu Məhəmməd bərbər işləyir və onun da gəliri olur. Belə ki, o özü oğlunu bir bərbər tanışının yanına şagird kimi qoymuşdur. Bundan başqa, iddiaçı özü də gözəllik salonunda işləyir. Hətta iddiaçını bir gün əvvəl işlədiyi salona gedərkən görmüşdür. Yeni ailə qurduğu xanıma gəldikdə isə həmin xanımın qızını anası öz qızıllarını sataraq oxudur. Yəni, həmin uşağın təhsili üçün o özü heç bir xərc çəkmir. Həm də artıq bu ildən anası uşağı oxuduğu məktəbdən çıxaracaq. İddiaçının həmin uşağın təhsil haqqını guya onun (cavabdehin) ödəməsi ilə bağlı qeyd etdikləri düzgün deyil. Əksinə, iddiaçı həm özü işləyir, həm də onun yanında qalan böyük oğlu Məhəmməd işləyərək evə gəlir gətirir. Uşaqları saxlamaq onun olduğu kimi iddiaçının da vəzifəsidir. Onun daha artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında fikri dinlənilən tərəflərin birgə nikahından doğulmuş 04.02.2006-cı il təvəllüdlü X7 bildirmişdir ki, o, 2021-ci ilin mart ayından anası ilə qalır. Anası işləmir və heç bir qazancı yoxdur. O özü təxminən 1-2 aydır ki, bərbərliklə məşğul olur və ayda 20-30 manat pul qazanır. Atası isə maşın alqı-satqısı ilə məşğul olur və bir neçə maşını da icarəyə verir. İş materialları. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X7 04.02.2006-cı il tarixdə, X8 10.06.2009-cu il tarixdə, X12 10.04.2017-ci il tarixdə doğulmuşlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(010)-4528/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında bağlanmış nikahın pozulması, 04.02.2006-cı il təvəllüdlü X3 Cavabdeh, 28.07.2009-cu il təvəllüdlü X8 və 10.04.2017-ci il təvəllüdlü X9 X2 yanında qalması, 28.07.2009-cu il təvəllüdlü X8 və 10.04.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 09.08.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(010)-2192/2021 nömrəli qətnaməsindən görünür ki, 04.02.2006-cı il təvəllüdlü X3 anası İddiaçı verilməsi, 04.02.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay 175 manat miqdarında alimentin tutulması qət edilmişdir. İşin faktiki halları. İddiaçı X5 və Cavabdeh nikahından 04.02.2006-cı il təvəllüdlü X7, 10.06.2009-cu il təvəllüdlü X8 və 10.04.2017-ci il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər arasında olan nikah pozularkən birgə nikahdan doğulan uşaqlardan ikisinin ananın, ən böyük uşağın isə atanın yanında qalması müəyyən edilsə də sonradan hər üç uşağın da ananın yanında qalması müəyyən edilmişdir. Bu uşaqlardan 04.02.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat, 28.07.2009-cu il təvəllüdlü X8 və 10.04.2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçı X5 məhkəmədən Cavabdeh uşaqların hər üçünün saxlanılması üçün tutulan aliment miqdarının artırılmasını və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh iddianı qəbul etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cari ildə uşaqların saxlanması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə nəzərə alınmalıdır ki, üç uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Bu zaman xüsusən cavabdehin maddi vəziyyəti, onun izahatında qeyd etdiyi hallar, eləcə də tərəflərin birgə nikahından doğulmuş ən böyük uşağın özünün də qəbul etdiyi kimi əmək fəaliyyəti ilə məşğul olması mütləq nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 180 manat məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Bu cür nəticəyə gələrkən məhkəmə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və onun uşaqlara qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Məhkəmə hər iki tərəfə xatırladır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.

Məhkəmə xərcləri.

İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci çəkilmişdir və iddiaçı həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə dair cədvəldən görünür ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat məbləğində haqq ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36. Mediasiya xərcləri. 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 04.02.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(010)-2192/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində, 10.06.2009-cu il təvəllüdlü X4 və 10.04.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(010)-4528/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 180 (yüz səksən) manat olmaqla, hər ay üç uşağa görə cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.04.2022-ci il tarixli, 2(010)-1385/2022 saylı qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı, 50 (əlli) manat məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(010)-2192/2021 saylı qətnaməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(010)-4528/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqələri tam icra edildikdən sonra ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 04.02.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(010)-2192/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində, 10.06.2009-cu il təvəllüdlü X4 və 10.04.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(010)-4528/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 180 (yüz səksən) manat olmaqla, hər ay üç uşağa görə cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.04.2022-ci il tarixli, 2(010)-1385/2022 saylı qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı, 50 (əlli) manat məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(010)-2192/2021 saylı qətnaməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(010)-4528/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqələri tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar