Məhkəmə qərarları › İş №2(010)-1387/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1387/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1387/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 7 770.82 (yeddi min yeddi yüz yetmiş manat, 82 qəpik) manat, faiz borcu üzrə 818.36 (səkkiz yüz on səkkiz manat 36 qəpik) olmaqla, cəmi üzrə 8 589.18 (səkkiz min beş yüz səksən doqquz manat, 18 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 105,89 (yüz beş manat səksən doqquz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-44 saylı, 28 iyul 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı Filialı ilə Cavabdeh1 arasında 10.12.2015-ci il tarixdə, № 1855-10.12.2015-SUR56 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 21% olmaqla 8.800 manat məbləğində pul vəsaiti verilmişdir. 10.12.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh2 arasında 10.12.2015-ci il tarixdə, № 1855-10.12.2015-SUR56 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. "xxxx" ASCnin Suraxanı filialı ilə Cavabdeh3 arasında 10.12.2015-ci il tarixdə,№1855-10.12.2015- SUR56 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Bank borc alana istehlak məqsədi ilə 8 800 (səkkiz min səkkiz yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 21 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka hazırda olan əsas borc üzrə 7 770.82 (yeddi min yeddi yüz yetmiş manat, 82 qəpik) manat, faiz borcu üzrə 818.36 (səkkiz yüz on səkkiz manat 36 qəpik) olmaqla, cəmi üzrə 8 589.18 (səkkiz min beş yüz səksən doqquz manat, 18 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək hazırki iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün həmin tələbin təmin edilməməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki tələblə eyni məzmunlu olan iddia tələbi Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2022 saylı, 14.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əlaqədar geri qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək yuxarıda göstərilənlərə uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10.12.2015-ci il tarixli, № 1855/-10.12.2015-SUR56 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 21% olmaqla 8.800 manat məbləğində pul vəsaiti verilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 10.12.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 10.12.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur. - 11 avqust 2015-ci il tarixli, İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. - 03.11.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etməsi barədə cavabdehlərə məlumat verilmişdir. - 24.11.2021-ci il tarixli, 4773 nömrəli arayışdan görünür ki, Cavabdeh1 borcu ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı QSC-yə 28.07.2017-ci il tarixdə ötürülən borc məbləği 7920.82 manat əsas borc və 818.36 manat faiz borcu olmaqla cəmi 8739.18 manat təşkil edir. Cavabdehin 05.10.2021-ci il tarixinə İddiaçı QSCyə olan borcu isə 7770.82 manat əsas borc və 818.36 manat faiz borcu olmaqla ümumilikdə 8589.18 manat təşkil edir. - Suraxanı Rayon Məhkəməsinin 2(010)-1988/2018 saylı, 09.04.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7920.82 əsas borc və 818 manat faiz borcunun tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8034/2018 saylı, 25.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-1988/2018 saylı, 09.04.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədə qeyd edilir ki, iddiaçı “X2 Edilməsi Agentliyi özünün yox, məhz başqasının – İddiaçı QSC-nin mənafeyinə iddia qaldırmışdır. Həmçinin qeyd olunur ki, “X2 Edilməsi Agentliyi”nin öz mənafeyi üçün iddia qaldırmasına maddi-hüquqi əsas yoxdur, belə ki, o, həmin borc məbləğini tələb etmək hüququna malik deyildir. Beləliklə, işin hallarından məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Sonradan, Bankın qeyd edilən kredit müqaviləsi əsasında Cavabdeh1 qarşı yaranan tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. Hazırki iddia üzrə iddiaçı borclu və ona zamin duran şəxslərdən borc məbləğinin tutulmasını tələb edir. Cavabdeh1 isə öz növbəsində iddia tələbi ilə bağlı müddətin ötürülməsi ilə əlaqədar olaraq tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün həmin tələb təmin edilməməlidir. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 554.1-ci maddəsinə görə də müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə, müqaviləyə əlavə edilmiş saziş və ödəniş cədvəlindən görünür ki, müqavilənin icra müddəti 10.12.2018-ci il, cavabdehin son ödəniş tarixi isə 19.11.2018-ci ildir. Hazırkı iddia ərizəsi isə 10.02.2022-ci ildə məhkəməyə daxil olmuş, yəni həm müqavilənin icra müddətindən, həm də borclu şəxsin sonuncu ödəniş tarixindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Aqrarkredı̇ t QSC-nin cavabdehlər Cavabdeh1̇ oğlu, Cavabdeh2 və Qasımov Tofı̇ q İbrahı̇ m oğlundan əsas borc üzrə 7770.82 manat və faiz borcu üzrə 818.36 manat olmaqla cəmi 8589.18 manat pul vəsaitinin və ödənilmiş 105.89 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 105.89 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar