Məhkəmə qərarları › İş №2(010)-1399/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1399/2020

10.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1399/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bayramov Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bayramov Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4197/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2017ci il təvəllüdlü Bayramlı Ayan Cavabdeh qızının yetkinlik yaşına çatana kimi hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin cavabdeh Bayramov Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Bayramov Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2017-ci ildə Bayramlı Ayan Cavabdeh qızı adlı bir uşaqları olmuşdur. Onların arasında olan nikah məhkəmənin 2(010)-4197/2018 saylı,xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2017-ci ildə Bayramlı Ayan Cavabdeh qızının saxlanılması üçün cavabdehdən hər ay 154 manat aliment tutulması qət edilmişdir. Hazırda 154 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyil. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasına heç bir maddi yardım göstərmir və problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 400 manata qədər xərci çıxır ki, bu məbləği də ödəməkdə çətinlik çəkir. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərmir, nə də ki uşağın maddi rifahının yüksəldilməsi üçün tədbir görmür. Uşağın normal yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geym əşyaları tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Halbuki cavabdeh kifayət qədər gəirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşaqlarını daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilərdi. Buna görə də uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh Bayramov Cavabdeh “İNCOTEC” şirkətində işləyirdi və 1000 manat maaş alırdı. Onlar artıq 2-3 ildir ki, ayrılmışdır. Cavabdeh bu qədər müddət ərzində bir dəfə də uşağını görməyə gəlməmiş, onunla maraqlanmamışdır. O özü isə hazırda atasının evində yaşayır. Qardaşı evləndikdən sonra isə kirayə evə köçərək yaşamalı olacaq, yəni xərcləri daha da artacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Bayramov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(010)-4197/2018 saylı qətnaməsinin surətindən görünür ki, qətnaməyə əsasən Bayramov Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Bayramlı Ayan Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğinə alimentin X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarnda olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 306679 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramov Cavabdeh və X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilmsəi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 392 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunduqdan sonra qadına İsazadə soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.20170-ci il tarixli, AZ-İİİ 933505 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bayramlı Ayan Cavabdeh qızı (atası Bayramov Cavabdeh, anası X3) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 360 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4197/2018 saylı qətnaməsi ilə Bayramov Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Bayramlı Ayan Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğinə alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4197/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2017-ci il təvəllüdlü Bayramlı Ayan Cavabdeh qızının yetkinlik yaşına çatana kimi hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin cavabdeh Bayramov Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarda bundan başqa göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bundan başqa, işdən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir və onun saxlanılması ilə bağlı bütün xərclər iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 170 (yüz yetmiş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq xx.xx.2017-ci il təvəllüdlü Bayramlı Ayan Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4197/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Bayramov Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, cavabdeh Bayramov Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4197/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2017-ci il təvəllüdlü Bayramlı Anar Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Bayramov Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4197/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra olunduqdan sonra ləğv edilsin. Ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Bayramov Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar