Məhkəmə qərarları › İş №2(010)-140/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-140/2022

03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-140/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh1 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ona vurulmuş 10000 (on min) manat həcmində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsinə əsasən Cavabdeh2 Sığorta Şirkəti ASC cavabdeh qismində işə cəlb olunmuşdur. İddia tələbinin dəlilləri İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, 15 dekabr 2018-ci il tarixdə, təxminən saat 22:30 radələrində onun **-CU-*** qeydiyyat nömrəli 2003-cü ildə buraxılmış “Folksvagen Pasat” markalı maşını “X4 1224” markalı **-JN-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən sürücü Cavabdeh1 tərəfindən yol hərəkət qaydalarını pozması nəticəsində zədələnmişdir. Qeyd edilən vaxtda o, orada olmamış və avtomobildə olmamışdır. Avtomobili idarə edən və avtomobili ilə qəza törədən şəxs ona məlum deyildir. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində avtomobili daha öncə izahatlarında ətraflı göstərdiyi formada ciddi zədələr almış, qeyd edilən yol nəqliyyat hadisəsi faktı üzrə Bakı şəhəri Səbail rayon X6 şöbəsində araşdırma aparılmışdır. Baş vermiş hadisənin qeydiyyata alınaraq müvafiq qaydada sənədləşdirilməsi, yol-nəqliyyat hadisəsinə səbəb olmuş yol hərəkəti qaydasını pozduğuna görə Cavabdeh1 barəsində törətdiyi xətaya uyğun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə edilməsi haqda inzibati tənbeh tətbiqetmə barədə qərarın qəbul edilməsi müəyyən olunmuşdur. Toqquşma zamanı onun atomaşını əhəmiyyətli dərəcədə zədələnmiş, bununla əlaqədar olaraq ona maddi ziyan dəymişdir. Qanunsuz hərəkətlərin nəticəsində ona 10000 (on min) manat həcmində dəyərləndirilən maddi ziyan vurulmuşdur. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, o, ekspertiza rəyi ilə razı deyildir. Belə ki, onun avtomobilinə vurulmuş zərər düzgün hesablanmamışdır. Həm rəydə göstərilən detallardan artıq hissə sıradan çıxmış, həm də rəydə göstərilən hissələrin qiymətləri də düzgün qoyulmamışdır. O, vurulmuş zərərin 10000 manat məbləğində olduğunu düşünür və bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçıya məxsus avtomobilə vurulmuş zərər hadisə baş verdikdən sonra 2 dəfə qiymətləndirilmiş, birinci dəfə 330 manat, 2-ci dəfə isə iddiaçının xahişi ilə özəl qiymətləndirmə aparılmaqla 351 manat hesablanmışdır. Qeyd edilən məbləğin iddiaçıya verilməsi qərara alınmış, lakin iddiaçı sığorta şirkətinə gələrək pulu götürməkdən imtina etmişdir. Cavabdeh1 məxsus avtomobil Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığortalandığından iddiaçıya vurulan və hesablanmış zərəri onlar ödəməyə hazır olmuşlar. Ona görə də, hesab edir ki, iddia tələbi onlara aid hissədə rədd edilməlidir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, məlum yol-nəqliyyat hadisəsini törətmiş və bununla əlaqədar olaraq inzibati tənbeh olunmuşdur. Hadisədən sonra sığorta şirkəti gəlib avtomobilə baxış keçirmiş, zərəri ödəyəcəklərini bildirmiş, bundan sonra o, iddiaçı ilə razılaşmış və oradan ayrılmışdır. Onun hər hansı bir mülki məsuliyyəti yoxdur və bu səbəbdən hesab edir ki, iddia ona aid hissədə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: - AB 720722 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Volkswagen Passat minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “X5 1224 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 22:30-da yol-nəqliyyat hadisəsi törətmişdir. - TP ******* saylı, xx.xx.2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. - Azərbaycan Respublikası DİN Bakı şəhər Polis İdarəsi Dövlət Yo Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, ***-**** Q-3220 saylı məktubundan görünür ki, İddiaçı maddi ziyanın ödənilməməsi ilə bağlı müraciətinə baxılmışdır. Araşdırma zamanı DYP əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verlməsi halı təsdiqini tapmamış. Baş vermiş hadisənin qeydiyyata alınaraq müvafiq qaydada sənədləşdirilməsi, yol-nəqliyyat hadisəsinə səbəb olmuş Cavabdeh1 barəsində inzibati tənbehin tətbiq olunduğu, avtomobilə dəymiş maddi ziyanın ödənilməsi və şikayətinizin olmaması ilə bağlı verdiyi məlumatın nəzərə alındığı bildirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ilkin defekt aktının surətindən görünür ki. “Volkswagen Passat minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 330 manat məbləğində ziyan vurulmuşdur (servis xidməti daxil olmaqla). - Müstəqil sığorta eksperti Talıblı Əhmədin verdiyi qüsur aktından müəyyən olunur ki, “Volkswagen Passat minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis xidməti daxil olmaqla 351 manat ziyan vurulmuşdur. - Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3183 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “Volkswagen Passat minik” markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir bərpa xərci təxminən 330 manat müəyyən olunur. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Volkswagen Passat minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Hadisə nəticəsində Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Sonuncuya məxsus avtomobil digər cavabdeh olan Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığorta edildiyindən sığortaçı qüsur aktı nəticəsində müəyyən edilmiş məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin iddiaçı bundan imtina etmişdir. Hazırda iddiaçı avtomobilə vurulmuş zərərin səhv qiymətləndirildiyini qeyd edir və ona vurulmuş zərərin məbləğinin 10000 manat olduğunu güman etdiyini bildirir. Cavabdehlər iddia tələbini qəbul etmirlər və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi “X5 1224 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan “Volkswagen Passat minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmin hal tərəflərin izahatı, inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar və iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin zədələnməsi təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Lakin məhkəmə hesab edir ki, vurulmuş zərərin məbləği iddia ərizəsində göstərilən qaydada 10000 manat deyil, keçirilmiş ekspertizaya əsasən 330 manat məbləğində müəyyən edilməlidir. Belə ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə almaqla yanaşı, iddiaçının avtomobilinə vurulmuş zərərin düzgün müəyyən edilməməsi barədə dəlillərinə də qiymət verərək qeyd edir ki, iddiaçı avtomobilə daha artıq məbləğdə zərərin vurulmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə tutulacaq 330 manat məbləğin hansı cavabdehdən tutulması ilə bağlı da qeyd edir ki, Cavabdeh1 idarə etdiyi “X5 1224 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığorta olunduğundan onun tərəfindən vurulmuş zərərin əvəzi sığorta şirkətindən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası avtomobilə vurulmuş zərərin əvəzi olan pulun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh2 Sığorta Şirkəti ASCdən 330 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti də Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 330 (üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar