Məhkəmə qərarları › İş №2(010)-1402/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1402/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1402/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil2, Cavabdeh və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ona borclu olduğu 13000 manat məbləğində pulun, həmçinin ödədiyi 140 manat dövlət rüsumunun, ümumilikdə 13140 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin cavabdehin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “2021-ci ilin fevral ayında tanışım Emin adlı şəxsin vasitəsilə tikinti şirkəti olan Cavabdeh ilə tanış olmuşdum. Kəramət ilə aramızda Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində mənə məxsus həyətyanı sahədə bir mərtəbəli həyət evinin tikilib təhvil verilməsi barədə razılığa gəldik. Evin tikilməsindən sonra biz aramızda evin təmir edilməsi üçün də razılaşdıq. Mən təmir üçün razılaşdığımız məbləği Kəramətə ödədikdən sonra təmirin sonlarına yaxın Kəramət mən verdiyim pulları şəxsi ehtiyacına xərclədiyinə görə məndən borc istədi və söz verdi ki, aldığı pulları təmir qurtardıqdan sonra qaytaracaqdır. Aramızda etibar olduğuna görə mən Cavabdeh 13000 manat borc pul verdim. Lakin Kəramət məndən pul aldıqdan sonra mənim evimin təmir işlərini yarımçıq qoyaraq qaçdı. Pulumu tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələrlə məni aldatdı. Buna görə də mən məcbur qalıb Kəramətin mənə qarşı dələduzluq etməsi ilə bağlı ərizə ilə Nəsimi RPİ-yə müraciət etdim. Nəsimi RPİ-də aparılan araşdırma zamanı o, mənə yalvararaq ondan şikayət etməməyimi xahiş etdi. Həmçinin, cavabdeh təmiri yekunlaşdırmadığına görə ona vurulmuş külli miqdarda ziyanı qaytarmağa gücü çatmasa da sonda aldığı 13000 manat borcu qaytaracağına söz verdi. Mən də bir kişi kimi onun sözünə inanıb, həm də səhvini etiraf etməsinə görə onunla razılaşdım. Kəramət söz verdi ki, borclu olduğu 13000 manat pulu 10 gün müddətində qaytaracaq. Nəsimi RPİ-də aparılan araşdırmada isə cinayət işinin başlanması rədd edilərək mənə mülki qaydada məhkəməyə müraciət etməli olduğum bildirildi. Qeyd edim ki, cavabdeh polisdə aparılan araşdırma zamanı mənə 13000 manat borcu olmasını etiraf etmişdir. Lakin o, yenə verdiyi sözə əməl etməyərək, borclu olduğu 13000 manat pulu qaytarmadı. Buna görə də məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Buna görə də hesab edirəm ki, Cavabdeh mənə borclu olduğu 13000 manat məbləğində pulun cavabdehdən alınaraq mənə qaytarılması barədə qətnamə qəbul edilməli, həmçinin cavabdehin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmalıdır”. İddiaya etirazın əsaslandırıldığı hallar. Cavabdeh iddiaya etiraz vermiş, etiraz onunla əsaslandırılmışdır ki: “İddiaçı mənə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məndən 13000 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi mənimlə onun arasında Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində ona məxsus həyətyanı sahədə bir mərtəbəli həyət evinin tikilib təhvil verilməsi barədə razılığa gəlməyimizi, mənim təmir üçün razılaşdırılmış məbləği aldıqdan sonra işi tam başa vurmamağımı, işi yekunlaşdırmaq üçün ondan 13000 manat borc almağımı göstərmişdir. Mən iddia tələbi ilə razı deyiləm, bildirmək istəyirəm ki, iddia tələbi tam əsassızdır və aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, 2021-ci ilin fevral ayında İddiaçı mənə müraciət edərək, onun Bilgəh qəsəbəsində olan evinin sökülərək, yenidən tikilməsini, həyətin yenidən dizayn edilməsini istədiyini dedi, mən həyətə baxaraq, ilkin qiymət kimi orada olan tikililərin sökülərək yerində yeni tikili inşa edilməsi üçün 65000 manata razılaşdıq. Həmin qiymətə yalnız həyətdə 160 m2 olan tikilinin inşa edilməsi daxil idi. Razılaşmağımıza əsasən iddiaçı əlavə olaraq, evin dizaynının çəkilməsi üçün 2000 manat məbləğində pul verməli idi. Mən öz briqadamla işə başlayıb, tez bir zamanda həmin tikilini tikib qurtardıqdan sonra iddiaçı mənə həmin tikilinin tam təmiri edilməsini tapşırdı və bizim razılaşmağımıza əsasən hər m2-ə görə 350 manat olmaqla həmin tikintini tam təmir etməyi öz öhdəmə götürdüm. Biz təmir işlərinə başladıq və təmir zamanı iddiaçı bizə əvvəlcədən razılaşdırmadığımız bir sıra başqa işlər də tapşırdı. Belə ki, iddiaçı evin içində “Kamen” tipli peçin quraşdırılmasını, həyətdə şəlalənin, uşaq hovuzun tikilməsini, su çəninin binasının sökülməsini, yeni su hovuzunun tikilməsini, çəpərlərin rənglənməsini, çöl hasarın rənglənməsini, həyətdə olan tametin dəyişdirilməsini tapşırdı. Mən bunların danışdığımız qiymətə daxil olmamasını, pullarının əlavə ödənilməli olmasını bildirdim. O isə axırda hesablaşacağımızı mənə dedi. Bundan başqa isə kafel metlaxın vurulması zamanı mən aldığım kafeli bəyənmədiyinə görə iddiaçı mənə m2 40 manata olan kafel aldırdı və kafel baha olduğuna görə usta da həmin kafeli baha qiymətə vurdu ki, bu da əlavə olaraq danışdığımız qiymətdən 2250 manat artıq pul vəsaiti xərcləməyimə səbəb oldu. Beləliklə də, iddiaçı mənə edilən sifarişdən əlavə mənə sifariş etdiyi işlərin dəyəri kimi 15400 manat, dizayn edilməsi üçün 2000 manat və sifariş etdiyi işlərə istifadə edilməli olan tikinti materiallarının ən bahalısını tələb etdiyi üçün 2250 manat, ümumilikdə isə 19650 manat pul ödəməli olduğunu hesabladım, lakin iddiaçı həmin məbləğin 13000 manat hissəsini tikinti materiallarına özü sərf etdiyinə görə qalan 6650 manatı mənə verməli olduğunu iddiaçıya dedim. İddiaçı həmin məbləği isə işləri qurtardıqdan sonra verəcəyini bildirdi. Mən işləri tam qurtarıb ona təhvil verdim. Bundan sonra gördüyüm işlərin hesabatını aparmaq, təmir etdiyimiz sahənin dəyərini hesablamaq üçün sahəni ölçmək istədikdə o, mənimlə mübahisə etməyə başlayıb, mənə heç bir məbləğdə pul verməyəcəyini, əksinə mənə verdiyi pulu məndən alacağını dedi. Hətta o, sahəni ölçməyə belə mənə imkan vermədi və mənim üstümə idmançıları gətirib, məni döyəcəyi ilə hədələdi, hədə-qorxu ilə məndən pulu tələb etməyə başladı. İddiaçı bundan sonra isə mənim barəmdə hüquq mühafizə orqanlarına şikayət etdi, Nəsimi RPİ-də onun şikayətinə baxılaraq 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rədd qərarı qəbul edildi. Nəsimi RPİ İŞ-nin 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rədd qərarında mənim guya izahat verərək, 13000 manat Əjdər tərəfindən əlavə xərclənmiş pul vəsaitini Əjdərə qaytaracağımı öz öhdəmə götürməyimi bildirdiyim göstərilmişdir. Halbuki mən heç bir zaman elə izahat verməmişəm, qərarda mənim izahatım təhrif edilmişdir. Bildirmək istəyirəm ki, mən ondan heç bir məbləğdə borc pul almamışam, iddiaçı öz evinin tikilməsi üçün zəruri olan vəsaiti xərcləmiş, sonra isə mənə qalan borcunu ödəməsin deyə xərclədiyi pulu da məndən tələb etmişdir. Mən qərarda göstərilən izahatı təsdiq etmirəm və bildirmək istəyirəm ki, həmin qərarın heç bir preyudisial qüvvəsi yoxdur. Göründüyü kimi məhkəmə Nəsimi RPİ İŞ-nin 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rədd qərarında mənim izahatımda göstərilmiş halları sübut kimi qəbul edə bilməz. Çünki həmin iş cinayət işi olmamış, iş üzrə ətraflı araşdırma aparılmamışdır. Məhkəmənin nəzərinə bir halı çatdırmaq istəyirəm ki, mən iddiaçı ilə razılaşaraq həmin evin inşasına başlayan zaman tikinti materialları ucuz olmuş, tikintiyə başladıqdan sonra tikinti materialları bahalaşmış, mən tikinti materiallarını baha alsam da iddiaçı tikintinin razılaşdırılmış qiymətində dəyişiklik etməmişdir. Beləliklə də, iddianın mahiyyətində də görünür ki, iddiaçının mənimlə razılıq əsasında mənə ev tikilməsini və təmirini sifariş etməsi, həmin sifariş üçün mənə razılaşdırılmış pul məbləğini ödəməsi, sonradan isə əlavə işlərin görülməsi üçün 13000 manat məbləğində pul vəsaiti ödəməsi işin mübahisə edilməyən halıdır. Yəni, iddiaçı mənim yerinə yetirdiyim tikinti işlərinin keyfiyyətindən, kəmiyyətindən şikayət etməmiş, sadəcə olaraq mənə verdiyi 13000 manat məbləğində pul vəsaitini yerinə yetirdiyim işin dəyəri kimi deyil, borc kimi verdiyini bildirmişdir. Belə olduqda isə o, həmin pul vəsaitini mənə borc verməsini sübut etməlidir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün mənə verdiyi 13000 manat məbləğində pul vəsaitini mənə məhz borc qismində verdiyini təsdiq edən heç bir sübutu yoxdur. Qanunvericiliyin tələbindən də görünür ki, cavabdeh tələbin əsaslandığı halları etiraf etmirsə, iddiaçı həmin tələbin əsaslandığı halları sübut etməlidir. Etiraf dedikdə isə qanunvericilik məhkəmə prosesində edilmiş etirafı nəzərdə tutur. Yəni, hər hansı bir cinayət işinin rədd edilməsi barədə heç bir məcburi qüvvəyə malik olmayan bir qərarda göstərilən izahatın sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, mən Nəsimi RPİ İŞ-nin 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rədd qərarından şikayət vermişəm və bu baxımdan şikayətim prokuror tərəfindən baxılaraq yekun qərar qəbul edilənədək, həmin qərara iddianın əsaslandığı halların təsdiqi kimi istinad edilə bilməz. Evin tikintisinin və təmirinin natamam qalmasına münasibətdə isə bildirmək istəyirəm ki, evin tikintisi və təmiri tam başa çatdırılmış, hətta evi təmir etdirdikdən sonra da iddiaçı öz mebel və digər avadanlıqlarını həmin evə daşımış, bundan sonra mən evin hazır vəziyyətdə olan fotoşəklini çəkmişəm. Bütün fotoşəkilləri isə məhkəməyə təqdim edirəm. Beləliklə də belə hesab edirəm ki, iddia tələbi heç bir əsası olmayan bir tələb olduğuna görə rədd edilməlidir”. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə aralarında əldə edilmiş şifahi razılığa əsasən təxminən 140 m2-ə yaxın sahəsi olan bağ evi cavabdeh tərəfindən kvadratı 350 manatdan təmir edilməli idi. Bütün bu təmir işləri üçün ümumilikdə 48000 manat məbləğində pul ödəməsi barədə cavabdehlə razılığa gəlmişlər. Bundan sonra o, cavabdehə hissə-hissə 48000 manat pul vermişdir. 2021-ci ilin iyun ayında Kəramət ona bildirmişdir ki, verdiyi pul qurtarmış və tikinti materiallarını vaxtında ala bilməmiş, ustalara isə borcu qalmışdır. Kəramət ona təklif etmişdir ki, ona 13000 manat məbləğində borc pul versə, işi tam yekunlaşdırar. İş yekunlaşdıqdan sonra 10 gün ərzində isə pulu qaytaracağını bildirmişdir. O, əvvəlcə Kəramətə inanmayıb razılaşmasa da evin təmir edilib yekunlaşması üçün köməkçisi vasitəsilə Kəramətə 13000 manat məbləğində pul vermişdir. Lakin sonradan Kəramət borcunu qaytarmamış, bu barədə onunla maraqlandıqda isə Kəramət bir neçə gün zənglərinə cavab verməmiş, sonra özünü Kəramətin əmisi Hicran kimi tanıdan bir şəxsi evə göndərmişdir. Hicran adlı şəxs evə baxaraq, bildirmişdir ki, evdə görülən təmir işlərinə görə onun Kəramətə 30000 manat məbləğində borcu var. Kəramət hesablamanı səhv apardığına görə ondan yalnız 13000 manat almışdır. O, buna etiraz etdikdən sonra isə Hicran adlı şəxs ona hədə-qorxu gəlmişdir. O da bundan sonra polisə müraciət etmişdir. Kəramət polisdə izahat verən zaman evin təmiri üçün guya daha artıq məbləğdə razılaşdıqlarını bildirsə də qəbul etmişdir ki, ondan 13000 manat borc almış və həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Hansı ki, polisə müraciət etməzdən əvvəl hesablamanı səhv apardığını bildirmişdir, hazırda isə əlavə işlər görməsindən, materialların qiymətinin qalxmasından bəhs edir. Hətta o, polisə müraciət etdikdən sonra cavabdeh ona müstəntiqin yanında təkidlə acizanə surətdə xahiş etdi ki, ərizəsini geri götürsün və bildirdi ki, pulunu qaytaracaq. Hazırda isə o, əsassız olaraq iddia edir ki, guya evi təmir edən zaman aldığı materialların qiyməti qalxmış və əlavə işlər görmüşdür. Əslində isə razılaşmada nəzərdə tutulmayan Kəramətin gördüyü yeganə iş həyətdə fontan tikmək olmuşdur ki, bunu da özü tələb etməmiş, Kəramət ona hədiyyə etdiyini demişdir. Hər bir halda ona bu fontan lazım deyil və istəyirsə gəlib götürə bilər. Qalan işlərin hamısı isə aralarında olan razılığa uyğun olaraq görülmüşdür və razılaşmadan kənar ondan heç nə tələb etməmişdir. Təmir gedişində tikinti materiallarının qiymətinin qalxması isə həqiqətə uyğun deyil. Heç bir materialın qiyməti artmamış, cavabdeh də bunu sübut edə bilməmişdir. Əslində Kəramət evin təmiri üçün ona verdiyi pulu xərcləmiş, ev tikintilərinə görə aldadıb borclu qaldığı adamlara olan borclarını qaytarmışdır. Hətta bir dəfə evin qarşısında bir neçə şəxsin Kəramətlə mübahisə etdiyini, evin qarşısında səs-küy saldığını görmüş, maraqlandıqda Kəramətin borclu olduğu şəxslərin ondan pullarını tələb etdiyini öyrənmişdir. Kəramət demişdir ki, həmin şəxslər onun daha əvvəl evlərində tikinti-təmir işləri gördüyü şəxslərdir. O da həmin şəxslər evin ətrafından kənarlaşsın deyə Kəramətə pul vermişdir ki, gedib onların pulunu versin. Onun bildiyi qədərilə onun belə borclu olduğu adamlar çoxdur. Elə bu borclara görə də onun verdiyi pulla evi təmir edib başa çatdıra bilməmiş, bunun üçün ondan 13000 manat borc almış, təmirdən sonra borcunu qaytaracağını bildirsə də geri qaytarmamışdır. O, bunu polis idarəsində verdiyi izahatda da təsdiq etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh iddiaçı ilə aralarında əldə edilmiş şifahi razılığa əsasən İddiaçı məxsus bağ evində təmir işləri aparmış, bunun qarşılığında razılığa uyğun olaraq iddiaçıdan 48000 manat məbləğində pul almışdır. Buna baxmayaraq, o, pulu xərclədiyini, təmir işlərini isə tam qurtara bilmədiyini bildirərək, iddiaçıdan 13000 manat məbləğində borc pul istəmiş, ev təmir edildikdən sonra pulu geri qaytaracağını bildirmişdir. Cavabdeh bütün bu halları polis idarəsində verdiyi izahatda da təsdiq etmişdir. Onun hazırda bunu inkar etməsinin əhəmiyyəti yoxdur. Belə ki, məhz onun bu izahatı əsasında əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmadığı nəticəsinə gəlinərək cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək ilk növbədə bildirdi ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun adından yazılmış izahatı müstəntiqin təzyiqi ilə yazmışdır. Əslində isə İddiaçı ilə aralarında əldə edilmiş şifahi razılığa əsasən o, iddiaçıya məxsus ümumi ölçüsü 165 m2 olan evin kvadratını 350 manatdan təmir etməli idi. Hansı ki, bu evi özü tikmişdi və iddiaçı razı qaldığına görə təmiri də ona həvalə etmişdi. Evin təmiri üçün iddiaçı ona hissə-hissə 47000 manat məbləğində pul vermişdir. Lakin təmir vaxtı iddiaçı ilə aralarında mübahisə düşmüşdür. Belə ki, iddiaçı əlavə xərcləri ödəməkdən imtina etmişdir. Məsələn, onun vurulmasını tələb etdiyi kafel ən bahalı kafel olmuşdur ki, ilk razılaşmalarında bu qədər bahalı kafel vurulması nəzərdə tutulmamışdır. Kafel bahalı olduğuna görə usta işinin də qiyməti artmış, 5000 manata razılaşdıqları iş 7500 manata başa gəlmişdir. İddiaçının pulu ödəmədiyinə görə ustaya 2500 manat borclu qalmışdır. Bundan əlavə evdə iddiaçının istəyi ilə razılaşmadan əlavə müəyyən işlər görülmüşdür. Məsələn, kamin soba, həyətdə fontan, su hovuzunun içərisində balaca uşaq hovuzu, həyətdəki artıq tikilinin sökülməsi, yerinə su çəniniin yerləşdirilməsi, hasarın çöl tərəfdən rənglənməsi, həyətdə olan dəmir hasarların rənglənməsi, tamet döşəmənin dəyişilib yenisi ilə əvəzlənməsi və s. Bütün bu işlər əlavə vəsait tələb etsə də iddiaçı bu pulu ödəməkdən imtina etmişdir. O, iddiaçı ilə mübahisəsi düşsə də ona etibar etdiyindən təmiri yarım qoymamış, evi tam təmir etmişdir. Həm də təmirə görə ustalara borcu olduğundan təmiri yarım qoymamışdır. Əslində o, həmin evin tikintisi və təmiri ilə birlikdə evdə 150000 manatlıq iş görmüş, bütün işi təhvil vermişdir. O, iddiaçıdan 13000 manatı gördüyü işlərə görə almışdır. Yəni, o, nəinki iddiaçıdan borc almamışdır, hətta gördüyü bütün bu işlərə görə iddiaçının ona borcu var. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən izahata gəldikdə isə o belə bir izahat verməmiş, onun izahatı təhrif edilmişdir. Beləliklə, onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, tərəflər arasında borc münasibətləri olmamışdır. Sadəcə olaraq onlar öz aralarında iddiaçıya məxsus bağ evinin əvvəlcə tikintisi, daha sonra təmiri ilə bağlı razılığa gəlmişlər. Təmir gedişində bəzi materialların qiyməti qalxdığına, əlavə təmir işləri görüldüyünə görə cavabdeh iddiaçıdan əlavə pul tələb etmişdir. Görülmüş əlavə işlərin həcminə baxıldıqda, əksinə iddiaçının cavabdehə borclu qaldığı görünür. Cavabdeh adından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda yazılmış və əslində təhrif edilmiş izahat isə işin həqiqi hallarını əks etdirmir və heç bir preyudisial əhəmiyyət daşımır. Onlar hazırda həmin qərardan şikayət vermişlər. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflər arasında borc münasibətlərinin olması nəticəsinə gələ bilmək üçün onlar arasında yazılı müqavilə olmalı, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına əməl etməli idi. Hazırkı işdə isə bu hallar müəyyən edilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X13 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı Cavabdeh ona qarşı dələduzluq etməsi barədə şikayəti üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki prosessual qanunvericiliyin tələbləri əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, tikinti və təmir işlərini həyata keçirən şirkət kimi fəaliyyət göstərir. Lakin şirkət kimi qeydiyyatdan keçməmişdir. Belə ki, ayrı-ayrı ustalardan ibarət komandası var. Həmçinin, təmir və ya tikintisini həyata keçirdiyi işləri dostluq münasibətləri əsasında qəbul edir. Şirkətdə ondan başqa qardaşı Kamil Seyidov və əmisi Seyidov Hicran Kamil oğlu da işləyir. Lakin rəhbər o sayılır. 2021-ci ilin fevral ayında Emin adlı dostunun vasitəsilə İddiaçı ilə tanış olmuşdur. Əjdər özünə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bir mərtəbəli həyət evi tikmək istəmişdir. Həmin evin ümumi sahəsi 200 m2 təşkil edirdi. Evin tikintisi üçün materialı və ustaları vermək şərtilə ümumilikdə 65000 manata razılaşmışlar. Lakin reallıqda evin tikintisi 80000-90000 manat etmişdir. Evin tikintisinə başlamamışdan əvvəl hazırda adını xatırlamadığı dizayn şirkətinə 2000 manat pul müqabilində evin xarici görünüşünü dizayn etdirmişdir. Əjdər evin dizaynını bəyəndikdən sonra tikintiyə başlamışlar. Tikinti 2021-ci ilin may ayının əvvəlinə kimi davam etmişdir. Tikinti zamanı evin həyətyanı sahəsində tikilən şəlalə Əjdərə hədiyyə olaraq verilmişdir. Tikintini tam bitirdikdən sonra Əjdər evin təmirini həyata keçirməyi təklif etmişdir. Təmir üçün evin hər m2-ni 350 manata razılaşmışlar. Ümumilikdə evin tam təmirini 80000 manata razılaşmışlar. 2021-ci ilin may ayının əvvəlindən evdə təmirə başlamışlar. Əvvəlcə dizaynerə evin daxili dizayn etmək üçün 2000 manat vermişdir. Ümumi təmir prosesində tikinti mallarının qiyməti qalxmışdır. Buna görə qabaqcadan planlaşdırılan kimi alınan tikinti məhsulları baha qiymətə əldə olunmuşdur. Çünki təmirə sərf olunan tikinti məhsullarını almış və ustalara vermişdir. Əjdərdən evin təmiri üçün 47000 manat pul almışdır. Həmin pulları müxtəlif məbləğlərdə almışdır. X12 rayonu ərazisində yerləşən “Pakdad“ restoranında və “Ferrari Bakı” mərkəzinin yaxınlığında almışdır. Evin təmirinə Əjdər razılaşdıqlarından əlavə olaraq özü 13000 manat pul sərf etmişdir. Həmin pulu da özü Əjdərə qaytarmağı öhdəsinə götürür. Lakin hazırda imkanı olmadığından borclu olduğu 13000 manatı Əjdərə verə bilmir. 10 ədəd fotoşəkil və 1 ədəd CD-dən təmir edilmiş qonaq otağı, sanitar qovşaq, sanuzel, eyni zamanda, təmir işləri aparılan bağ evi görünür. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X6 bildirmişdir ki, o, İddiaçı evində kafel işi görmüşdür. Cavabdeh isə 2-3 ildir tanıyır və onunla usta kimi işlər görmüşdür. Belə ki, Cavabdehla Bayıl, “Tarqoviy”, Ramanada birlikdə işləmiş, kafel vurulması işi görmüşdür. Onun Cavabdeh İddiaçı borc alıb-almamasına dair heç bir məlumatı yoxdur. O, sadəcə olaraq kafel işini görmüş, 2500 manat alacağı qalmışdır. Belə ki, əvvəlcə 30 manatlıq kafeli 11 manatdan vurmağa razılaşmış, lakin sonradan 45 manatlıq kafel aldıqlarından kafel vurmaq üçün də qiymət artmış, 15 manat olmuşdur. Onun ancaq Kəramət müəllimlə əlaqəsi olduğundan pulu ondan istəmiş, həmin vaxt Kəramət müəllim ona demişdir ki, qalan pulu Əjdər müəllim verəcək. Lakin pulu hələ də verilməmişdir. İşin faktiki halları. Cavabdeh Bilgəh qəsəbəsində İddiaçı məxsus torpaq sahəsində bağ evi tikmişdir. Onlar arasındakı şifahi razılığa əsasən evin tikintisi üçün material və ustaları cavabdehin təmin etməsi şərtilə iddiaçı tərəfindən cavabdehə qeyri-müəyyən məbləğdə (iddiaçıya görə 66500 manat, cavabdehə görə 65000 manat məbləğində) ödəniş edilmişdir. Belə görünür ki, onlar arasında evin tikintisi ilə bağlı heç bir narazılıq olmamışdır. Hətta iddiaçı evin tikintisindən sonra təmiri üçün də cavabdehlə razılaşmışdır. Elə tərəflər arasındakı mübahisə də bu mərhələdən sonra başlamışdır. Belə ki, iddiaçı iddia edir ki, evin m2-nin təmiri üçün 350 manat olmaqla, evin təmiri üçün hissə-hissə cəmi 48000 manat pul ödəməsi müqabilində cavabdeh yenə tikinti materialları və ustalar da daxil olmaqla evi təmir etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə tikinti materialları və ustaları təmin etmək şərtilə evin m2-ni 350 manatdan təmir etməyi öhdəsinə götürdüyünü qəbul etsə də təmir edilən sahənin daha böyük olduğunu, razılaşmadan əlavə işlər görüldüyünü, tikinti materiallarının qiymətinin qalxdığını, iddiaçının daha bahalı materiallar seçdiyini, bütün bu səbəblərdən evin təmirinin ona razılaşmada nəzərdə tutulandan daha baha başa gəldiyini, iddiaçının ona borclu qaldığını bildirmişdir. İddiaçının ona evin təmiri üçün 47000 manat məbləğində pul verdiyini qəbul etsə də iddiaçının görülmüş əlavə işlərə görə ona borclu olduğunu bildirmişdir. İddiaçı isə əksinə, cavabdehin ona borclu olduğunu iddia edir. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh evin təmirini razılaşdıqları qiymətə başa çatdıra bilmədiyinə görə (o, cavabdehə verdiyi pulun bir hissəsi ilə cavabdehin evi təmir etmək əvəzinə borclarını qaytardığını iddia edir) ondan 13000 manat məbləğində borc istəmiş, ondan aldığı borcu qaytaracağını bildirmişdir. Öz növbəsində cavabdeh isə iddiaçıdan 13000 manat məbləğində pul aldığını inkar etməsə də bu pulun yuxarıda qeyd edildiyi kimi gördüyü əlavə işlərə, qalxan tikinti materialları qiymətlərinə, iddiaçının daha bahalı materiallar seçməsinə görə evin təmirinin ilkin razılaşma ilə müəyyən edilmiş məbləğdən daha baha başa gəlməsi ilə izah etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Cavabdeh ona qarşı dələduzluq etdiyini iddia etmişdir. Həmin ərizə üzrə müstəntiq tərəfindən aparılmış araşdırma nəticəsində mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, aparılmış araşdırma gedişində hazırkı iş üzrə hər iki tərəfin izahatları dinlənilmişdir. İddiaçı həmin qərardan görünən izahatı hazırkı iddia tələbinin əsaslandırıldığı hallar və iddiaçının məhkəmə iclasındakı izahatı ilə əsasən eynilik təşkil etsə də iş üzrə Cavabdeh müstəntiqə verdiyi izahatla məhkəmə iclasında verdiyi izahat bir-biri ilə əhəmiyyətli uyğunsuzluq təşkil etmişdir. Belə ki, Cavabdeh müstəntiqə verdiyi izahatında İddiaçı əlavə 13000 manat pul aldığını, bu pulun borc olduğunu və geri qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə icraatı gedişində izahatı dinlənilən Cavabdeh bu halı gah müstəntiqin ona təzyiq göstərməsi, gah da verdiyi izahatın təhrif edilməsi ilə əlaqələndirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2.7. Əsassız varlanma. Maddə 135. Əşya hüququnun obyektləri. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh 13000 manat məbləğində pul verilməsini hər iki tərəf öz izahatları ilə təsdiq edir. Lakin əsas mübahisə bu pulun hansı təyinatla verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı bu pulu borc kimi verdiyini iddia etsə də cavabdeh pulu gördüyü əlavə təmir işlərinin əvəzi olaraq aldığını bildirmişdir. Deməli, mübahisənin həlli üçün məhkəmə tərəfindən ilk növbədə bu hala qiymət verilməlidir. Bunun üçün isə məhkəmə tərəflərin dəlillərini tədqiq etməyi zəruri hesab edir. İddiaçının öz arqumentini dəstəkləyən əsas dəlili onun ərizəsi əsasında Nəsimi rayon Polis İdarəsi müstəntiqinin apardığı apaşdırma gedişində izahat verən Cavabdeh bu borcu etiraf etməsidir. Cavabdehin isə belə görünür ki, öz mövqeyini dəstəkləyən əsas dəlili məhkəmə iclasında onun vəsatəti əsasında dinlənilmiş şahid ifadəsi və evin keyfiyyətli şəkildə təmir edildiyini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi foto-video çəkilişlərdir. Məhkəmə, ilk növbədə iddiaçının dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan həqiqətən də Cavabdeh borcunu etiraf etdiyi görünür. Məhkəmə iddiaya etirazda təkidlə bu qərarın heç bir preyudisial əhəmiyyət daşımadığını qeyd edən cavabdehin diqqətinə çatdırır ki, bu qərar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından qərarla müəyyən edilmiş halların, verilmiş izahatların heç bir preyudisial əhəmiyyət daşımadığı onsuz da mübahisəsizdir. Lakin bu o demək deyil ki, vətəndaşın ərizəsi əsasında araşdırma aparmış müstəntiqin bu araşdırmanın yekununda qəbul etdiyi qərar əslində heç bir əhəmiyyət daşımır və qərarda qeyd edilən izahatın bu iş üçün heç bir əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, müstəntiq cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir. Hazırkı iş materiallarında olan qərarı qəbul etmək də onun səlahiyyətində olmuşdur. Bu baxımdan əgər iş üzrə Cavabdeh qərarda qeyd edilmiş izahatının həqiqəti əks etdirmədiyini iddia edirsə, buna inanmağa imkan verəcək ən azından ilkin sübutları (məsələn, bu qərardan verdiyi şikayəti, qərardakı izahatının təhrif edilməsi ilə bağlı həmin müstəntiqə, yaxud onun tabe olduğu şəxslərə ünvanlanmış müraciəti, müstəntiqin ona izahat verərkən təzyiq göstərməsi ilə bağlı istənilən formada şikayəti, müstəntiqə izahat verərkən təzyiqə məruz qaldığını, yaxud müstətiq tərəfindən izahatının təhrif olunduğunu birbaşa ondan eşidən şahid ifadələri və s.) məhkəməyə təqdim etməli idi. Cavabdeh nəzərə almalıdır ki, iddiaçı müstəntiqin izahatları təhrif etmədiyini, bu izahatların işin həqiqi hallarını əks etdirdiyini sübut etməyə borclu deyildi, lakin cavabdeh izahatının təhrif edildiyini sübut etməyə, ən azından bu ehtimala inanmağa əsas verən ilkin sübutları məhkəməyə təqdim etməyə borclu idi. Lakin cavabdeh iddiaya etirazda qərardan hazırda şikayət verdiyini bildirməklə kifayətlənmişdir. Hansı ki, cavabdeh tərəfindən bu qərardan həqiqətən hazırda şikayət verilmiş olduğu müəyyən edilsəydi belə qərarın məhz hazırda – bu iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra mübahisələndirilməsi məhkəmədə cavabdehin həqiqi hüquqi niyyətinə dair şübhə yaratmaya bilməzdi. Məhkəmə xüsusi olaraq nəzərə alır ki, cavabdehin müstəntiqə verdiyi izahatda iddiaçıya borcu olduğunu bildirməsi onun barəsində cinayət işinin başlanmasının rədd edilməsinə, hazırkı məhkəmə iclasında cavabdehə heç bir borcu olmadığını bildirməsi isə barəsində qaldırılmış mülki iddianın rədd edilməsi məqsədinə xidmət edir. Yəni, bu birbirinə zidd məzmunlu izahatlardan biri ilə cavabdeh cinayət məsuliyyətindən, digəri ilə isə mülki məsuliyyətdən azad olmağı güman edə bilərdi ki, bunun cavabdehin mənafeyinə uyğun olduğu şübhəsizdir. Bu baxımdan məhkəmə müstəntiq tərəfindən verilmiş qərarda Cavabdeh İddiaçı 13000 manat məbləğində borc alması ilə bağlı qeyd edilənləri işin həqiqi halı kimi qiymətləndirir. Bunun davamı olaraq, cavabdehin məhkəmə icraatı gedişində verdiyi izahatları isə işin həqiqi hallarının öz mənafeyinə uyğun dəyişdirilməsi cəhdi kimi qiymətləndirir və inandırıcı hesab etmir. Bu cür nəticəyə gələrkən məhkəmə ilk növbədə nəzərə alır ki, cavabdeh tərəfindən təqdim edilmiş dəlillərin heç biri işin əsas mübahisəli halını – iddiaçının cavabdehə verdiyi 13000 manat məbləğində pulun görülmüş təmir işlərinin müqabilində verilib-verilməməsini müəyyən etməyə imkan vermir. Bu dəlillərdən foto və video-çəkilişlərin ümumiyyətlə, sübut əhəmiyyəti yoxdur. Çünki cavabdehin iddiaya etirazda da qeyd etdiyi kimi “iddiaçı onun yerinə yetirdiyi tikinti işlərinin keyfiyyətindən, kəmiyyətindən şikayət etməmişdir”. Belə olan halda cavabdehin iş üzrə sübut əhəmiyyəti daşıya biləcək yeganə dəlili onun vəsatəti əsasında dinlənilən şahid X3 ifadəsidir. Hansı ki, həmin şahid evin təmirində kafel ustası kimi işləmiş (bunu iddiaçı da mübahisələndirmir), eyni zamanda tikinti-təmir işləri görən Cavabdehla başqa layihələrdə də usta kimi işlədiyini bildirmişdir. Həmin şahid görəcəyi işin qiymətinin sonradan kafelin qiymətinin artmasına mütənasib artdığını, lakin pulunun ödənilmədiyini bildirsə də bu təklikdə o nəticəyə gəlməyə əsas vermir ki, iddiaçı həmin pulu ödəməmişdir. Belə ki, şahid ifadəsində bildirmişdir ki, onun İddiaçıla heç bir əlaqəsi olmamış, yalnız Cavabdehla danışmış, Cavabdeh ona demişdir ki, qalan pulu İddiaçı verəcək. Yəni bu şahid tərəflər arasında hər hansı pul mübahisəsi, İddiaçı ustalara pul ödəməkdən imtina etməsi kimi hallara şahid olmamışdır. Cavabdehin özünün də qəbul etdiyi kimi evin təmiri üçün ona iddiaçı tərəfindən verilmiş 47000 manat məbləğində pul hissə-hissə verildiyindən ola bilər ki, bu ustaya ödənilməli olan qalan pul da bu pulun içərisində olsun, lakin cavabdeh tərəfindən ustalara verilməsin. Yəni, bu şahidə pulunun tam ödənilməməsi, mütləq şəkildə o mənaya gəlmir ki, iddiaçı bu pulu ödəməmişdir. Belə ki, iddiaçı bu pulu cavabdehə ödəmiş, lakin cavabdeh ustaya ödəniş etməmiş də ola bilər. Nəzərə alınmalıdır ki, cavabdehin vəsatəti əsasında dinlənilmiş şahidin ifadəsi bu ehtimalı istisna etməyə əsas vermir. Həmçinin, o da nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş müstəntiq tərəfindən qəbul edilmiş qərarda araşdırma gedişində izahatı alınmış başqa şahidlərin ifadələrinə də yer verilmişdir. Bu şahidlərdən X1 adlı şəxsin (cavabdeh bu şəxsin onunla birlikdə tikinti işi ilə məşğul olan qardaşı olduğunu bildirmişdir) təklifi ilə Bilgəh qəsəbəsində yerləşən evdə elektrik işləri gördüyünü, görəcəyi iş müqabilində ona 2300 manat məbləğində pul verilməsi barədə əvvəlcədən razılığa gəldiklərini, lakin evdə işlədiyi dörd ay ərzində Kamilin ona cəmi 450 manat pul verdiyini, qalan 1950 manat pulunu isə vermədiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X2 adlı başqa bir şəxs Kamil və Kəramət adlı qardaşlarla tanış olduğunu, bu şəxslərin ev təmiri ilə məşğul olduqlarını, Bilgəh qəsəbəsində yerləşən bağ evi üçün dizayner-dekor işlərini həyata keçirmək üçün 3600 manat qarşılığında onlarla razılaşdığını, bir həftə ərzində işini yekunlaşdırdığını, Kamilin ona verəcəyi puldan 2200 manatı hissə-hissə verdiyini, qalan 1400 manatı isə vermədiyini bildirmişdir. İzahatı alınmış başqa bir şəxs - X4 tanımadığı Kamil adlı şəxsin mağazasına daxil olaraq Əjdər adlı qonşusunun evində ustaların işlədiyini, özünün orada nəzarətçi olduğunu, ustaların evin təmir edildiyi dövrdə mağazadan ərzaq alacaqlarını və həmin pulları özünün verəcəyini, İddiaçı tanıdığına görə ona etibar etdiyini, dörd ay ərzində mağazasından ümumilikdə 2319 manat dəyərində ərzaq alındığını, lakin Kamilin pulunu ona vermədiyini bildirmişdir. Göründüyü kimi bütün bu ifadələrin ortaq cəhəti cavabdehin birlikdə tikinti işləri gördüyü qardaşı Kamil Seyidovun İddiaçı evində işləyən ustalara və bu ustaları ərzaqla təmin edən satıcıya “şəxsən verməyi öhdəsinə götürdüyü” pulu verməməsi olmuşdur. Təkidlə qərardakı izahatının həqiqəti əks etdirmədiyini bildirən cavabdeh bu şahid ifadələrinə heç bir münasibət bildirməmişdir. Bütün bunlardan başqa məhkəmə cavabdehin izahatını həm də ona görə inandırıcı hesab etmir ki, cavabdehin izahatından belə təəssürat yaranır ki, o, iddiaçının evində gördüyü işlərin böyük əksəriyyətini, belə demək mümkünsə, təmənnasız görmüşdür. Cavabdeh əminliklə ifadə etmişdir ki, o, bu evin təmiri üçün 47000 manat pul alsa da əslində 80-90000 manatlıq təmir işləri görmüş, ümumiyyətlə isə o, bu evdə 150000 manatlıq iş görmüşdür. Cavabdeh iddia edir ki, evin dizaynının verilməsi, uşaq hovuzu tikilməsi, su çəninin yerləşdirilməsi, çəpərlərin rənglənməsi, çöl hasarının rənglənməsi, “kamin” soba qurulması, həyətdə fontan tikilməsi, həyətdə tamet döşəmənin dəyişilməsi və s. kimi işlərin hamısı iddiaçı ilə razılaşmalarından kənar, “əlavə iş” olmuşdur. Lakin təmir işləri görülən obyektin məhz bağ evi olduğu nəzərə alındıqda bütün bu işlər çıxıldıqdan sonra geriyə nə qaldığı, iddiaçının verdiyi 47000 manat məbləğində pulun hansı işlərə xərcləndiyi barədə cavabdeh izahat verməmişdir. Bir sözlə, cavabdeh yalnız əlavə gördüyü işlərdən bəhs etmiş, razılaşmaya uyğun gördüyü və müqabilində 47000 manat pul aldığını qəbul etdiyi işlər barədə isə məlumat verməmişdir. Digər tərəfdən, nəzərə alınsa ki, cavabdeh özünün də qəbul etdiyi kimi peşəkar şəkildə təmir-tikinti işləri ilə məşğul olur, onun tikinti materiallarında “gözlənilməz qiymət artımları”, “razılaşmadan kənar” görülən çoxlu işlər, pulu ödənilməsə də “öz hesabına başa vurulan təmir” barədə qeyd etdikləri inandırıcılıqdan çox uzaqdır. Cavabdehə görə hətta iddiaçı evin təmiri üçün “sonradan artan” qiymətləri ödəməkdən imtina etsə belə o, işi yarım qoymamış, evin tam təmir edilməsinə nail olmuşdur. Üstəlik, bununla da kifayətlənməmiş, iddiaçı ona “borcunu” qaytarmasa da ondan bunu məhkəmə qaydasında tələb etməmiş, bu borcu “xatırlamaq” üçün iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsini gözləmişdir. Bütün bunları da gah iddiaçıya olan etibarından, gah iddiaçı onu hədələdiyinə görə, gah da ustalara borclu olduğuna görə etdiyini bildirmiş, bu hissədə də izahatları üst-üstə düşməmişdir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə cavabdehin izahatının qeyri-səmimi olduğunu, dəlillərinin isə işin üçün əhəmiyyət daşıyan hər hansı halı təsdiq etmədiyini hesab edir, tərəflər arasında iddiaçının qeyd etdiyi kimi borc münasibətləri olduğu nəticəsinə gəlir. Bununla belə nəzərə alınmalıdır ki, verilən borcun məbləği 13000 manat olsa da tərəflər arasında bağlanmış hər hansı yazılı müqavilə yoxdur və bu, işin mübahisəsiz halıdır. Halbuki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada (yazılı) bağlanmamışdır. Məhkəmə bu əqdin mübahisə edilən yox, məhz əhəmiyyətsiz əqd olması nəticəsinə ona görə gəlir ki, bu əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsızdır. Təsadüfi deyil ki, yazılı formada bağlanmaq da daxil olmaqla tələblərə uyğun bağlanmayan girov müqaviləsinin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 280.4), bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 946.2), bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 955.2) birbaşa qanunla müəyyən edilmişdir. Eynilə, borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda müqavilənin yazılı formada bağlanması tələbinə riayət edilməməsinin borc müqaviləsinin etibarsızlığına səbəb olması və bu müqavilənin əhəmiyyətsiz sayılması qəbul edilməlidir. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu qəbul edilməlidir. Belə olan halda hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır. Bu hissədə məhkəmə qeyd edir hər nə qədər iddia tələbinin hüquqi əsasını verilmiş borcun qaytarılması təşkil etsə də yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsinin Plenum qərarında da qeyd edildiyi kimi istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddianın hüquqi əsası var və iddia əsaslı iddiadır. Odur ki, əhəmiyyətsiz borc müqaviləsi üzrə əldə etdiyi 13000 manat hesabına əsassız varlanmış Cavabdeh həmin pulu İddiaçı qaytarmalı, iddia bu hissədə təmin edilməlidir. Lakin cavabdehin əməllərində cinayət tərkibi əlamətləri olduğuna görə barəsində xüsusi qərardad çıxarılması ilə bağlı hissədə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, onun mövqeyinə görə cavabdehə borc vermiş, məhkəmənin mövqeyinə görə isə cavabdeh əhəmiyyətsiz əqd üzrə iddiaçı hesabına əsassız varlanmışdır. Hər bir halda cavabdehin hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən edilmir. Odur ki, məhkəmə cavabdeh barəsində xüsusi qərardad çıxarılması nəticəsinə gəlmir. Bununla belə məhkəmə cavabdeh barəsində xüsusi qərardad çıxarılması ilə bağlı xahişi iddia tələbi kimi qiymətləndirmədiyindən bu xahişin təmin edilməməsini iddianın qismən təmin edilməsi kimi qiymətləndirmir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı 140 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbindən görünür ki, iddiaçı ödədiyi dövlət rüsumunun da bütövlükdə cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İddia təmin edildiyi halda ödənilmiş dövlət rüsumunun tam olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanunla müəyyən edilsə də nəzərə alınmalıdır ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödəməli olduğu rüsumdan (129 manat) artıq rüsum ödəmişdir. Bunda isə cavabdehin təqsiri yoxdur. Belə olan halda yalnız iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəməli olduğu 129 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, rüsumla bağlı qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13000 (on üç min) manat məbləğində pul və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar