Məhkəmə qərarları › İş №2(010)-1435/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1435/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1435/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh2 iştirakı ilə İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 2093.20 (iki min doxsan üç manat 20 qəpik), faiz borcu üzrə 462.81 (dörd yüz altmış iki manat 81 qəpik) manat olmaqla, cəmi 2556.01 (iki min beş yüz əlli altı manat, 01 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 45,56 (qırx beş manat 56 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub “Aqrarkredif’ QSCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-59 saylı, 28 iyul 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh2 arasında 12.11.2013-cü il tarixdə, № 1025/13 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 % tətbiq edilməklə, 36 ay müddətinə 5 000 (beş min) manat məbləğində pul vəsaiti verilmişdir. 12.11.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh2 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh1 arasında 12.11.2013-cü il tarixdə, № 1025/13 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Bank borc alana ev təmiri məqsədi ilə 5 000 (beş min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”m ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 24 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2 banka oğlunun hazırda olan əsas borc üzrə 2 093.20 (iki min doxsan üç manat, 20 qəpik) manat, faiz borcu üzrə 462.81 (dörd yüz altmış iki manat 81 qəpik) manat, olmaqla, cəmi 2 556.01 (iki min beş yüz əlli altı manat, 01 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bank ilə aralarında qeyd olunan kredit müqaviləsinin bağlandığını qeyd etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 12.11.2013-cü il tarixli, 1025/13 №-li kredit müqaviləsinə əsasən bank cavabdehə bank 36 ay müddətinə, illik 24 % şərtilə 5000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 12.11.2013-cü il tarixli, 1025/13 №-li zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin icra olunması ilə əlaqədar zamin durmuşdur. - S-FK-59 nömrəli, 28.07.2017-ci il tarixli, İddiaçı QSC BOKT tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktından görünür ki, Cavabdeh2 ilə bağlı Banka məxsus tələb hüququ İddiaçı QSC-yə keçmişdir. - 07.02.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, "xxxx" ASC-dən təhvil alınan borc məbləği 2093 manat əsas borc, 462.81 manat faiz borcu olmaqla cəmi 2556.01 manat təşkil edir. - 25.09.2021-ci il tarixli, 3323 nömrəli bildirişdən görünür ki, cavabdehlərə borcun 10 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Sonradan, Bankın qeyd edilən kredit müqaviləsi əsasında Cavabdeh2 qarşı yaranan tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. Hazırki iddia üzrə iddiaçı borclu və ona zamin duran şəxsdən borc məbləğinin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi cavabeh Cavabdeh2 münasibətdə əsaslıdır. Belə ki, qeyd olunan 12.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh2 öz öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Zaminlik müqaviləsinin 13.2-ci bəndinə görə borcalan kreditorla bağladığı 12.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faziləri, ödənişlərin gecikdirilməsi nəticəsində cərimə pulunu və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu Müqavilə qüvvədə olur. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin öhdəliyin bank qarşısında tam yerinə yetirilənədək qüvvədə olması şərti mülki qanunvericiliyin zaminliyi tənzimləyən normalarının tələbləri baxımından düzgün deyildir və ona görə də, zaminlik müqaviləsinin müddəti kimi qəbul edilə bilməz. Belə olduqda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 12.11.2016-cı ildə başa çatmış, həmin vaxtdan da bir il ərzidə kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia Cavabdeh2 münasibətdə təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45.56 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçı "xxxx" QSC-nin xeyrinə 2093 manat əsas borc, 462.81 manat faiz borcu olmaqla cəmi 2556.01 manat və 45.56 manat dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 244-245, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mı̇ rzəyev İsmayıl Əmrah oğlundan iddiaçı Aqrarkredı̇ t QSC-nin xeyrinə 2093.20 manat əsas borc və 462.81 manat faiz borcu olmaqla cəmi 2556.01 manat məbləğində borc və iş üzrə ödənilmiş 45.56 manat məbləğində dövlət rüsumu pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar