Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1443/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41.500 ABŞ dolları pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Binəqədi rayonu, yeni massiv, döngə 8 ünvanında yerləşən fərdi yaşayış evini 2011-ci ildə Cavabdeh 41.500 (qırx bir min beş yüz) ABŞ dollarına almışdır. Qeyd edir ki, o, sözügedən fərdi yaşayış evini cavabdehdən almamışdan əvvəl fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənədinin olub-olmaması barədə cavabdehdən məlumat alarkən, ona bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bələdiyyəyə məxsusdur və istənilən vaxt Bələdiyyədən həmin torpaq sahəsinə dair sənəd ala bilər və yalnız bundan sonra o, cavabdehlə razılaşmış və sözügedən fərdi yaşyış evini cavabdehdən 41.500 (qırx bir min beş yüz) ABŞ dollarına almışdır. Sonradan cavabdehin vasitəçiliyi ilə ona Binəqədi rayonu, yeni massiv, döngə 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair sənəd verilmişdir. Həmin sənədə əsasən guya Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 28 noyabr 2011-ci il tarixli, 933 saylı qərarı ilə ona 500,0 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sənəd mövcud olduqdan sonra artıq arxayın olmuşdur ki, həqiqətən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ona məxsusdur və bundan sonra yaşadığı evi yaxşılaşdırmaq məqsədilə əlavə olaraq 14.000 (on dörd min) manat evin təmirinə xərc çəkmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, cavabdeh evi ona satmaq üçün onu aldatmış və həmin ərazinin guya Bələdiyyəyə məxsus olduğunu bildirmiş və ona saxta sənəd təqdim edilmişdir. Belə ki, bir müddət öncə sözügedən fərdi yaşayış evində yaşayan şəxslərə qarşı “evdən çıxarılma” iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edən zaman məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2012-ci il tarixli qərarı əsasında ona torpaq sahəsinin ayrılmasını nəzərdə tutan Binəqədi qəsəbə Bələdiyyəsinin qərarı etibarsız hesab edilmiş və həmin ərazilərin Bələdiyyəyə deyil, “X12” şirkətinə aid olduğu müəyyən edilmişdir. Daha sonra “X12“ şirkəti məhkəməyə müraciət edərək, onun onlara məxsus torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılmağı və ərazinin boşaldılmasını məhkəmədən xahiş etmiş və Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd edir ki, bu məhkəmə proseslərinin heç biri barədə məlumatı olmadığından Bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının etibarsız hesab edilməsi və həmin ərazinin boşaldılması barədə məhkəmə qərarlarından da xəbərim olmamışdır. Beləliklə, Cavabdeh evi hiylə ilə ona satmaq üçün onu aldatmış və həmin ərazinin guya Bələdiyyəyə məxsus olduğunu bildirmiş və bununla da ona saxta sənəd təqdim edilmişdir.
Tərəflərin izahatları
3. İşin məhkəmə icratı dövründə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia tələbinin iddia müddətinin tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir və ərizəsin onunla əsaslandırmışdır ki, 2011-ci ildə razılıq əsasında və şifahi olaraq əlyazma ilə fərdi yaşayış evinin satılması barədə ikitərəfli razılıq əsasında müqavilə bağlanmışdır ki, həmin şifahi müqaviləyə əsasən fərdi yaşayış evinin alqı-satqısı keçirilmiş, iddiaçı cavabdehə 41.500 (qırx bir min beş yüz) ABŞ dolları ödəmiş, cavabdeh isə tam təmirli mənzilini ona təhvil vermişdir. Hazırda isə üzərindən 12 (on iki) keçdikdən sonra ödənilmiş pulu əsassız olaraq geri tələb edir. Qeyd edir ki, tələbin bu hissəsinə iddia müddəti tətbiq edilməli və tələb bu hissədə əsassız hesab edilməlidir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin fərdi yaşayış evi 2011-ci ildə cavabdehdən alınmışdır. Tərəflər arasında rəsmi alqı-satqı müqaviləsi olmasa da, pulun verilməsi ilə bağlı şahidlərin iştirakı ilə qəbz imzalanmışdır. Evə dair sənədlər təqdim edildikdən sonra iddiaçıya məlum olmuşdur ki, həmin torpağa dair sənədlər məhkəmə qərarı əsasında etibarsız hesab edilmişdir. Bu səbəbdən hazırda pul tələbi formasında məhkəməyə müraciət edilmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı cavabdehdən həmin torpaq sahəsini 2011-ci ildə şifahi razılaşma əsasında 41.500 ABŞ dollarına almışdır. Artıq 12 il müddət keçmişdir və bu səbəbdən hesab edir ki, iddia müddəti ötürülmüşdür.
İş materialları
6. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Yeni massiv, döngə 8 ünvanında yerləşən fərdi yaşayış evini 2011-ci ildə 41.500 (qırx bir min beş yüz) ABŞ dollarına İddiaçı satmış və həmin pul vəsaitini alıcıdan tam şəkildə almışdır.
7. İş materiallarında olan digər qəbzdə qeyd edilir ki, X6 evini X2 qırx iki min dollara satmışdır və beş yüz dollar beh götürmüş, yerdə qalıq qırx bir min beş yüz dolları sənədləşmədən sonra alacaqdır.
8. Binəqədi qəsəbə Bələdiyyəsinin 933 nömrəli, xx.xx.2011-ci il tarixli qərarının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsində sahiblik və istifadə hüquqları İddiaçı verilmişdir.
9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin İddiaçı torpaq sahəsinin ayrılması barədə 933 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı etibarsız hesab edilmiş və ekspertiza tədqiqatının dəyəri olan 100 manat Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə aid edilmişdir.
10. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, “X12” şirkətinə məxsus şirkətin saziş ərazisi hüdudları daxilində İddiaçı tərəfindən inşa edilmiş tikilidən cavabdehin çıxaırlması və həmin tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq “X12” şirkətinin qanuni istifadəsinə qaytarılmış və 10 manat dövlət rüsumu cavabdehə aid edilmişdir.
10. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4135/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X7 və Abbasova (Həsənova) Lamiyə İbrahim qızına qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X3 bildirdi ki, iddiaçının bacısıdır. Cavabdeh evi bacısına satarkən orada olmuşdur. Evin pulunun çox hissəsini elə məhz o ödəmişdir, lakin özü Ağdam qeydiyyatı olduğu üçün evi bacısının adına almışdır. O, ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Gəlinini qeydiyyatdan çıxarmaq üçün məhkəməyə müraciət edən zaman məlum olmuşdur ki, torpaq sahəsi X8 məxsusdur.
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X4 bildirdi ki, o da iddiaçının bacısıdır. Evi Toğruldan alıblar. Həmin evdə bacısı Xalidə və onun ailə üzvləri yaşamışdır.
İşin faktiki halları
13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı barədə hər hansı müqavilə münasibəti olmamışdır. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, 2011-ci ildə iddiaçı cavabdehə 41.000 dollar pul vermiş, əvəzində dövlət qeydiyyatına alınmayan fərdi evə sahiblənmişdir. Bu faktı hər iki tərəf izahatı ilə təsdiq edir. İşdə olan digər qəbzə əsasən isə fərdi yaşayış evini qeyd edilən qiymətə X6 adlı şəxs X1. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid kimi dəvət edilən X3 qeyd edilənə uyğun ifadə verir. İddiaçı tələbində ona əsaslanır ki, cavabdeh 2011-ci ildə neft torpağında yerləşən evi saxta sənədlə ona satarkən onu aldatmışdır. Məhkəmə aktına əsasən tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Qeyd edilən əsasa görə cavabdeh ona verilən pulu geri qaytarmalıdır. Cavabdeh tərəf iddiaçı tərəfdən pul aldığını inkar etmir, bununla belə hesab edir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir. Ərizəsini onunla əsaslandırır ki, 2012-ci ildə baş tutan məhkəmə işindən iddiaçının məlumatı olmuşdur və o ümumi iddia müddətini ötürmüşdür.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
16. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan münasibətlər daşınmaz əmlakla bağlı müqavilə münasibətləri kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilən maddi hüquq normaları daşınmaz əmlakla bağlı alqı-satqı müqavilələrinin bağlanması qaydasını müəyyən etmişdir. Həmin qaydalara görə daşınmaz əmlakla bağlı alqı satqı müqaviləsi notarial qaydada həyata keçirilməli və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Hazırkı işdə mübahisə obyekti özbaşına tikilidir. Beləliklə, tərəflər arasında müqavilə münasibətləri olmadığına görə, məhkəmə iddiaçının cavabdehin onu aldadaraq saxta sənəd əsasında ona ev satması barədə dəlilini əqdin etibarsızlığı və onun nəticələrini tənzimləyən maddi hüquq normaları baxımından yoxlanılmasına lüzum görmür. Bundan başqa, hazırkı işdə cavabdehə verilən 41500 ABŞ dollarının iddiaçıya məxsus olması halı da sübut olunmur. Belə ki, məhkəmə iclasına iddiaçının özü tərəfindən dəvət edilmiş şahid X5 ifadəsində bildirmişdir ki, evin pulunun çox hissəsini elə o ödəmişdir, lakin özü Ağdam qeydiyyatı olduğu üçün evi bacısının (Yaqutun) adına almışdır. O, ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Digər şahid X4 da oxşar ifadə verərək evi Toğruldan aldıqlarını, həmin evdə bacısı Xalidə və onun ailə üzvlərinin yaşadğını bildirmişdir. İş materiallarında olan digər qəbzin məzmunu şahid ifadələri ilə üst-üstə düşür. Şahidlər iddiaçı tərəfindən dəvət edilib. Cavabdeh tərəf şahid ifadələrinə etiraz etmir. Məhkəmə hesab edir ki, şahid ifadələrinə tənqidi yanaşılması üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, hətta fərz edilsə ki, tələb edilən pul məbləği iddiaçıya məxsus olub, iddia tələbinin bu halda da qanuni əsası yoxdur. Çünki, qeyd edilən halda hazırkı mübahisə tapşırıq münasibətlərini tənzimləyən normalar baxımından yoxlanıla bilərdi. Belə ki, iddia tələbində qeyd edilmişdir ki, sonradan cavabdehin vasitəçiliyi ilə mənə (iddiaçıya) Binəqədi rayonu, yeni massiv, döngə 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair sənəd verildi. Artıq qeyd edildiyi kimi iddiaçı sənədin sonradan saxta olmasına əsaslanır. Mülki Məcəllənin 777-ci maddəsi baxımından cavabdeh iddiaçının ona tapşırdığı işi yerinə yetirmiş və buna görə haqq almışdır. Sözügedən bələdiyyə sənədi isə sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Bu hala görə cavabdeh məsuliyyət daşıya bilməz. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı verilmiş pul müqabilində dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak əldə edərkən hüquqlarının dövlət tərəfindən qorunmadığını bilirdi və bilməli idi.
17. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı təqdim etdiyi ərizəyə münasibətdə isə qeyd edir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Çünki, iddia tələbi özü-özlüyündə əsaslı deyildir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Rəhı̇ mova Yaqut Mehdı̇ qızının Cavabdeh Tofı̇ q oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Rəhı̇ mova Yaqut Mehdı̇ qızının Cavabdeh Tofı̇ q oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.