Məhkəmə qərarları › İş №2(010)-1444/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1444/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1444/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəza çəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılması, Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm edilmişdir.

2. 27 may 2022-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə” Protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir.

3. 27 may 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli hökmünə əsasən ona təhkim olunmuş elektron nəzarət vasitələrini—01 ədəd mobil qurğu (Attenti markalı, 35654209 №-li), 01 ədəd mobil zoğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE19905 №-li) qəbul etmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlamış 13 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli hökmünə əsasən təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pulun ödənilməsi tələb olunur. Elektron elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pul könüllü ödənilmədiyi halda həmin pulun məcburi tutulması üçün məhkəməyə müraciət olunacaqdır.

5. 13 oktyabr 2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə marketdən alış-veriş edib qayıtdıqdan sonra əlində olan zənbilləri mobil qurğu ilə birlikdə daşıya bilmədiyi üçün mobil qurğunu yerə qoymuş və evə getmişdir. Səhəri gün mobil qurğunu itirdiyinin başa düşərək axtarmağa çıxmış, lakin tapa bilməmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-702/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmasına dair Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru Rövşən Ağayevin təqdimatı təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş Cavabdeh təyin olunmuş 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 09 (doqquz) gün hissəsi dəyişdirilərək 02 (iki) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.

7. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan, "Attenti" markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında, aşağıdakı cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulması üçün təqdim olunur: Sadə elektron qolbaq -sadə elektron qolbaq – x1 -mobil nəzarət qurğusu – x1 -elektrik adapteri – x1 -proqram lisenziyası- x1, qiymət 1930 manat, ƏDV 347,40 manat, ümumi 2277,40 manat.

İşin faktiki halları

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsinin itirilməsi və cavabdehin qeyd olunan faktı etiraf etməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

9. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 saylı xx.xx.2022- ci il tarixli hökmü ilə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə böyük icra məmuru Rövşən Ağayev tətəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Həmin gün müvafiq iltizamla 01 ədəd mobil qurğu (Attenti markalı, 35628510 №-li) , 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE19905 №-li), 01 ədəd mobil qurğu üçün qoruyucu qab hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadəqə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsi olan mobil qurğunu itirməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pulun təqdim olunmuş müvafiq hesaba ödəməsi barədə xx.xx.2022-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq o, tələbi icra etməmişdir. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Sabunçu Rayon Məhkəməsinin 7(008)-702/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur.

Tərəflərin izahatları

11. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, qolbağı itirdiyini etiraf edir və dəymiş ziyanı ödəməyə razıdır, lakin borcunu birdəfəlik deyil, hissə-hissə ödəmək imkanına malikdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

16. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirməsi həvalə edilmişdir. Hökm icra olunması üçün göndərildikdən sonra icra məmuru tərəfindən cavabdehə üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmiş və cavabdehə 01 ədəd mobil qurğu, 01 ədəd mobil zoğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq təhvil verilmişdir. Lakin icra məmuru tərəfindən cəzanın icrası müddətində cavabdehə tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, qolbaq tapılmır və mobil qurğu söndürülüb. Buna görə də Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Sabunçu Rayon Məhkəməsinin 7(008)-702/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Qeyd olunan fakt cavabdehin özü tərəfindən məhkəmə iclasında etiraf edilmiş və cavabdeh mobil qurğunu itirdiyini bildirərək, dəymiş ziyanı ödəyəcəyini qeyd etmişdir. Odur ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələrdövlət rüsumu ödəməkdən azad olunurlar.

19. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

21. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 42,27 manat təşkil edir.

22. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün 42,27 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət nəfinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

23. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2227,40 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 2227,40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Cavabdeh 42,27 (qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar