Məhkəmə qərarları › İş №2(010)-1445/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1445/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1445/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızına, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızına və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızına, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızına və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 42407.06 manat məbləğində kredit borcu, 38581.84 manat məbləğində faiz borcu və 35499.02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 116487,92 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzilinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 116487,92 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Budaqova (Rəhimova) Esmira Mövcud qızı, Cavabdeh2, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızı, Cavabdeh3, Məmmədova (Rəhimova) Firuzə Mövcud qızının həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.01.2009-ci il tarixli 02L000004640 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 05.03.2013cü il tarixli 4640 saylı sazişlə kredit xətti müqaviləsinin müddəti 170 (yüz yetmiş) ay, məbləği 100000 (yüz min) ABŞ Dolları müəyyənləşdirilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 01.11.2016-cı il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 42650 (qırx iki min altı yüz əlli) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.03.2017-ci il tarixli 002R**********S saylı, 22.09.2017-ci il tarixli 002R**********SA saylı, 06.04.2018-ci il tarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.11.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 242.94 manat ödəmiş, onun 42407.06 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfındən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.10.2020-ci il tarixə 700 gün üçün hesablanmış faiz borcu 38581.84 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 01.10.2020-ci il tarixə 700 gün üçün hesablanmış cərimə 35499.02 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafıq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 17.03.2010-ci il tarixli 02M000000858 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 480 nömrəli reyestr kitabının 44349 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya MA ******* №-li Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzili Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflərin imzaladıqları 07.03.2013-cü il tarixli 858 saylı sazişə əsasən ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilmiş, kredit xətt müqaviləsinin müddəti və məbləği barədə bəndlər ipoteka müqaviləsində də öz əksini tapmışdır. İpotekanın əlavə qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfındən 480 nömrəli reyestr kitabınm 44349 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə Seriya RX ******* №-li Çıxarış verilmişdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh- ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 23.09.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafıq Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o bankla müqavilə bağlayaraq pul götürmüş, lakin həmin pulun çox hissəsini artıq banka qaytarmışdır. Lakin buna baxmayaraq bank ondan 116487 manat pul tələb edir. Onun cəmi banka 10000 manat borcu qalmışdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və bank tərəfindən verilmiş iddia ərizəsi ilə razı deyildir. Belə ki, banka olan borcu ödəmələrinə baxmayaraq, bank onlardan yenə artıq pul tələb edir. Buna görə də iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş 02L000004640 saylı, 19.01.2009-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış uzunmüddətli kredit müqaviləsinə əsasən Bank borcluya 120 ay müddətə 20 000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarına əlavə edilmiş 17.03.2010-cu il tarixli «İpoteka müqaviləsi»ndən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş 002R********** saylı, 01.11.2016-cı il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə borclu Cavabdeh1 oğlu arasında imzalanmış kredit razılaşmasına əsasən Bank borcluya 24 ay müddətinə 2.3333% olmaqla 42650 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 10.03.2017-ci il tarixli 002R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında 19.01.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli Kredit Müqaviləsi üzrə 01.11.2016-cı il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 10.03.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 22.09.2017-ci il tarixli 002R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında 19.01.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli kredit Müqaviləsi üzrə 01.11.2016-cı il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22.09.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 06.04.2018-ci il tarixli 002R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında 19.01.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli kredit Müqaviləsi üzrə 01.11.2016-cı il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 06.04.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 19.01.2009-cu il tarixli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 zaminlik müqaviləsi bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdürlər. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 05.03.2013-cü il tarixdə sazişdən müəyyən olunur ki, Cavabdeh2 ilə bank arasında saziş imzalanmış və kredit xətti müqaviləsindən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədə olması şərtləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.03.2013-cü il tarixli seriya RX ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzili İddiaçı QSC-nin xeyrinə girovla yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 002R********** saylı, 01.11.2016-cı il tarixli kredit razılaşması üzrə 34907.06 manat məbləğində kredit borcu, 43544.59 manat məbləğində faiz borcu və 41879.71 manat məbləğində cərimə borcu olmaqla, cəmi 120331.36 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin MKTD Suxaranı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 11.03.2010-cu il tarixli Forma-2 arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızı, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızı və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 15.07.2021-ci il tarixli LF 20 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 60000 manat, likvid dəyəri 51000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Məhkəmə ekspertiza Mərkəzinin 09.07.2021-ci il tarixli 9/3312 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Cavabdeh1 oğlunun əsas borc üzrə 30482.32 manat borcu vardır. İş materiallarında əlavə edilmiş əlavə edilmiş İddiaçı QSC tərəfindən cavabdeh Cavabdeh1 oğluna ünvanlanmış Xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh1 mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.01.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 002R********** saylı, 01.11.2016-cı il tarixli kredit razılaşmasına əsasən Bank borcluya 24 ay müddətə 42650 manat məbləğində kredit vermişdir. Tərəflərin imzaladıqları 10.03.2017-ci il tarixli 002R**********S saylı, 22.09.2017ci il tarixli 002R**********SA saylı, 06.04.2018-ci il tarixli və 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Bunun nəticəsində Cavabdeh1 İddiaçı QSC-yə 002R********** saylı 01.11.2016-cı il tarixli kredit razılaşması üzrə 30482.32 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 01.11.2016-cı il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə 30482.32 manat məbləğində əsas kredit borcu və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu və bank xidmət xərci İddiaçı QSC-nin xeyrinə tutulmalı, Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinin likvid dəyəri 51000 manat müəyyən olunmalıdır. Tələb ipoteka qoyulmuş Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızı, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızı və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılmalı, ev boşaldılmalı və alıcıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 01.11.2016-cı il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə 30482.32 (otuz min dörd yüz səksən iki manat, otuz iki qəpik) manat məbləğində əsas kredit borcu və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu və bank xidmət xərci İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinin likvid dəyəri 51000 (əlli bir min) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı QSC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızı, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızı və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılsınlar, mənzil boşaldılsın və alıcıya təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri – 200 (iki yüz) manat Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsi xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar