Məhkəmə qərarları › İş №2(010)-1455/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1455/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1455/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mübahisə predmeti olan əşyanın dəyərinin müəyyən edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış və Lənkəran rayon 1 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə qalıq borc 10000 (on min) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödədiyi 120 manatın, cəmi 10120 manatın alınaraq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu 1 saylı Notariat ofisində bağlanmış müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə qalıq borc 10000 (on min) manat, adi mülki dövriyyə şəraitində əldə edəcəyi 2499 manat gəlir (əldən çıxmış fayda), 120 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 520 manat məbləğində pul vəsaiti olmaqla cəmi 13139 manat pulun tutularaq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 9300 manat, vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş 500 manat və ödənilmiş 115 manat dövlət rüsumunun olmaqla, cəmi 9915 manat tutularaq ona (Cavabdeh) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsinə əlavə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, mübahisə predmeti olan parket kəsən dəzgahın qiyməti 10000 manat olaraq müəyyən edilməsi və İddiaçı 9300 manat, vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş 500 manat və ödənilmiş 115 manat dövlət rüsumunun olmaqla, cəmi 9915 manat tutularaq ona (Cavabdeh) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsi üzrə Cavabdeh ilə parket çəkən avadanlığı 20.000 (iyirmi min) manat dəyərində qiymətləndirərək həmin məbləğin 2000 (iki min) manatını dərhal, qalıq 18.000 (on səkkiz min) manatını isə 02 (iki) ay müddətinə ödənilməsinə dair aralarında razılığa gəlmişlər. Həmin razılıq xx.xx.2022-ci tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Lakin Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ilkin olaraq 2000 (iki min) manat, daha sonra müxtəlif vaxtlarda ödənilməklə cəmi 8000 (səkkiz min) manat, ümumilikdə 10.000 (on min) manat ödəniş etmişdir. Bundan sonra Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, bununla da ona maddi ziyan vurulmuşdur. xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə dəfələrlə şifahi və yazılı xəbərdarlıq etsə də, cavabdeh boprcunu ödəməkdə qərəzli şəkildə yayınmışdır.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh uzun müddətdir ki, fərdi sahibkar olaraq parket istehsalı ilə məşğuldur. Əvvəllər Ukrayna Respublikasının Ludik şəhərində yaşamış və orada yaşayan zaman da bu işlə məşğul olmuşdur. Ukraynada müharibə başlayan zaman 2022-ci ildə ölkəyə qayıtmış və bütün əşyaları orada qalmışdır. Ölkəyə gəldikdən sonra öz işini bərpa etmək məqsədi ilə parket kəsən dəzgahı almaq niyyətində olmuşdur. Bu səbəbdən 2022-cü ilin avqust ayında İddiaçıla tanış olmuş və onda olan dəzgah aparatını və əlavə avadanlıq (vintilyator) almalı olduğu barədə razılaşmışlar. Həmin dəzgah Lənkəran şəhərində yerləşdiyindən həmin dəzgahı Lənkərandan Bakıya gətirmişdir. Dəzgahın işləməsini yoxlamışlar və işləmiş, lakin əllərində xammal olmadığı üçün parket kəsimi edib yoxlaya bilməmişlər. Necə parket istehsal etməsini yoxlamaq mümkün olmamışdır. Aparatın pulunu ödəmək üçün 35 saylı notariat kontoruna getmişlər və həmin pulu kassaya köçürmüşlər. Qalan 18000 manat pulu isə 2 ay müddətində ödəyəcəyi barədə notariusda müqavilə bağlamışlar. Bundan sonra xam malları gəlmiş, dəzgahı işə salmışlar. Dəzgah taxtanı kəsməmiş və məlum olmuşdur ki, dəzgahın çatışmayan hissələri vardır. Bunlar alınıb dəzgahin üzərinə bərpa olunmalıdır. Sonradan dəzgahın köhnə olması və onun yaxşı görünməsi üçün yalnız üzəri boya ilə rəngləndiyi məlum olmuşdur. Eyni keyfiyyətli dəzgahın cəmi 10000 manat qiyməti olduğu ona məlum olmuşdur. İddiaçı aldığı dəzgaha 9.300 manat əlavə xərc edərək həmin çatışmayan hissələri almış və düzəltdirmişdir. Bundan sonra dəzgah işləməyə başlamışdır. Bu günə qədər köhnə dəzgaha mütəmadi xərc qoymalı olmuşdur. Bütün bunlara baxmayaraq ödəməli olduğu puldan qısa müddət ərzində 8000 manatını Azada ödəmişdir. Hesab edir ki, dəzgahı düzəltmək məqsədi ilə çəkdiyi xərci İddiaçı ödəməlidir. Belə ki, dəzgah normal işləmədiyindən onun çatışmayan hissələrinin alınması və təmir edilməsi üçün çəkilən 9300 manat xərc İddiaçı günahından olduğu üçün həmin ziyanı da o ödəməlidir. Həmçinin hüquqi yardım göstərilməsinə görə vəkil ilə müqavilə haqqı olaraq ödənilmiş 500 manat və dövlət rüsumu olaraq 115 manat, cəmi 9915 manat Azad Axudovdan tutularaq ona ödənməlidir.

Tərəflərin izahatları.

7. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə vaxtında ödənilməmş 25 manat dövlət rüsumu olmaqla cəmi 10.025 manat pulun tutulması haqqında 17 noyabr 2023-cü il tarixdə icra qeydi aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-860/2024 saylı qətnaməsi ilə Bakı şəhəri 35 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-8604 reyestr nömrəli icra qeydi ləğv edilmişdir. İcra qeydinin ləğv edilməsinə səbəb icra qeydi barədə bildirişin cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim edilməməsi olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, göründüyü kimi iddiaçı Cavabdeh icra qeydinin aparılması qaydasını (ona heç bir məlumat verilməməsini) mübahisələndirir. İddia tələbinin əsasını iddiaçıya (hazırki iş üzrə cavabdehə) heç bir məlumat verilməməsi ilə icra qeydinin aparılması qaydasının pozulması təşkil edir. O, iddia edir ki, müvafiq icra qeydinin aparılması ilə bağlı ona icra qeydini aparan Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu və iş üzrə İddiaçı tərəfindən heç bir məlumat verilməmişdir. Beləliklə, Cavabdeh “icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsində borcu etiraf etmiş olur. Eyni zamanda qətnamə ilə Cavabdeh müvafiq müqavilə üzrə iddiaçıya 10.000 manat borcunun yaranması təsdiqini tapır. Qeyd edir ki, iddiaçı parketçəkən avadanlığı 20.000 manat dəyərində qiymətləndirərək cavabdehə satdıqdan sonra həmin məbləğə taxta çəkən avadanlıq alaraq fayda və gəlir götürmək istəmişdir. Lakin cavabdeh müqavilə şərtini yerinə yetirmədiyinə, iddiaçının pulunu vaxtında qaytarmadığına görə iddiaçı nəzərdə tutduğu taxtaçəkən avadanlığı ala bilməmiş və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Tərəflər arasında müqavilə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmışdır. 2024-cü ilin mart ayında məhkəməyə müraciət edilmişdir. Deməli iddiaçı 01 il 06 ay (18 ay) 10.000 manat şəxsi vəsaitindən gəlir götürə bilməmişdir. Beləliklə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin illik beş faizi 01 il 06 ay üçün 2499 manat təşkil edir. Yəni iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi 2499 manat gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Bundan əlavə iddiaçı ona hüquqi yardım göstərilməsi üçün vəkillə 520 manat məbləğində müqavilə bağlamışdır.

8. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış və tərəflər parket çəkən avadanlığı 20.000 (iyirmi min) manat dəyərində qiymətləndirərək həmin məbləğin 2000 (iki min) manatını dərhal, qalıq 18.000 (on səkkiz min) manatını isə 02 (iki) ay müddətinə ödənilməsinə dair aralarında razılığa gəlmişlər. Həmin müqavilədə qeyd olunmuşdur ki, satılan əmlakın yararlıq vəziyyəti aktla müəyyənləşdirilə bilərdi. Həmin əmlak Lənkəran şəhərində yerləşmiş, cavabdeh tərəf iki dəfə öz tanıdığı usta ilə birlikdə həmin dəzgaha baxış keçirmiş, həmin dəzgahı işə salmış, işləməsinə nəzarət etmiş və sonradan əşyanı bəyənərək iddiaçı ilə müqavilə bağlamışdır. Bundan sonra tərəflər arasında telefon danışığı olmuş və həmin telefon danışığında cavabdeh borcu tezliklə ödəyəcəyinə dair söz vermişdir. Qeyd olunanlara əsasən ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh uzun müddətdir ki, fərdi sahibkar olaraq parket istehsalı ilə məşğuldur. Əvvəllər Ukrayna Respublikasının Ludik şəhərində yaşamış və orada yaşayan zaman da bu işlə məşğul olmuşdur. Ukraynada müharibə başlayan zaman 2022-ci ildə ölkəyə qayıtmış və bütün əşyaları orada qalmışdır. Ölkəyə gəldikdən sonra öz işini bərpa etmək məqsədi ilə parket kəsən dəzgahı almaq niyyətində olmuşdur. Bu səbəbdən 2022-cü ilin avqust ayında İddiaçıla tanış olmuş və onda olan dəzgah aparatını və əlavə avadanlıq (vintilyator) almalı olduğu barədə razılaşmışlar. Həmin dəzgah Lənkəran şəhərində yerləşdiyindən iki dəfə usta ilə birlikdə həmin dəzgaha baxış keçirərək işə salmışlar, lakin xammal olmadığından parket kəsməsini yoxlaya bilməmişlər. Bundan sonra razılaşaraq müqavilə bağlasa da, sonradan məlum olmuşdur ki, həmin dəzgah yaxşı işləmir. Belə ki, dəzgahın işləməyən bir neçə hissəsini xaricdən sifariş vermiş və həmin çatışmayan hissələrə görə 9300 manat vəsait xərcləmişdir. Bundan əlavə o həmin dəzgahı mütəxxəssis rəyinə əsasən qiymətləndirmiş və müəyyən olunmuşdur ki, həmin əmlakın dəyəri təqribi bazar qiyməti 10000-12000 manat təşkil edir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunması və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

Şahidlərin ifadələri.

10. Belə ki, iş üzrə şahid X5 ifadə verərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir tanıyır. İddiaçı isə Cavabdeh vasitəsi ilə tanımışdır. Həmin dəzgah Lənkəran şəhərində olduğundan onlar dəzgaha baxmaq üçün Lənkəran şəhərinə getmişlər. Dəzgahın işləməsini yoxlamışlar, lakin əllərində xammal olmadığı üçün parket kəsimi edib yoxlaya bilməmişlər. Həmin dəzgahın parket istehsal etməsini yoxlamaq mümkün olmamışdır. Cavabdeh buna baxmayaraq dəzgahı almış və Bakıya gətirmişdir. Həmin dəzgahın texniki pasportu olmadığından elektrik işlərini yoxlamaq üçün elektrik çağırmışlar. Həmin dəzgahı aldıqdan sonra Türkiyə Respublikasından Frez sifariş vermişlər. Frez isə 4 komplektdən ibarətdir və qiyməti 2000-2200 dollar təşkil edir. Avadanlığın bəzi motorları da yaxşı olmadığından dəyişmişlər. Həmin avadanlığın qiyməti təxmini 10000-11000 manat təşkil edir.

11. iş üzrə şahid X3 ifadə verərək bildirmişdir ki, həmin avadanlıq tez-tez xarab olmuş və onu düzəltmək üçün hər dəfə onun avadanlıqlarını alaraq təmir etdirmişlər.

İş materialları.

12. xx.xx.2022-ci il tarixli tərəflər arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə(nisyə alğı-satqı) bağlanmışdır. Müqaviləyə əsasən Parket çəkən avadanlığı 20000 (iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Həmin pulu 2000 (iki min) manatını satılan tərəfə (İddiaçı) notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 18000 (on səkkiz min) manatı iki ay ərzində satılan tərəfə (İddiaçı) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeyd hissəsinə əsasən satılan əmlakın yararlıq vəziyyəti aktla müəyyənləşdirilə bilər.

13. Lənkəran rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə aralarında xx.xx.2022-ci ildə bağlanmış müqaviləyə əsasən aldığı Parket çəkən avadanlığa görə 2 ay müddətinə ödəmək şərti ilə 18000 (on səkkiz min) manat borc pulunun 8000 (səkkiz min) manatını ödəməmiş, 10000 (on min) manatı müqavilənin şərtlərinə riayət etməyərək qaytarmamış və bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi bildirilmişdir.

14. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-860/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “İcra Qeydinin ləğvi” tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmişxx.xx.2023-cü il tarixli, 8İ-8604 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, taxta məhsullarını kəsən dəzgah boyalandığından texniki göstəricilərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən qiymətləndirmə tarixinə, yəni xx.xx.2024-cü il tarixinə, təqribi bazar qiyməti 10000 (on min) manat – 12000 (on iki min) manat civarında təşkil edilir.

İşin faktiki halları.

16. Cavabdeh uzun müddətdir ki, fərdi sahibkar olaraq parket istehsalı ilə məşğul olmuş və ölkəyə gəldikdən sonra öz işini bərpa etmək məqsədi ilə parket kəsən dəzgahı almaq niyyətində olmuşdur. Bu səbəbdən 2022-cü ilin avqust ayında İddiaçıla tanış olmuş və onda olan dəzgah aparatını və əlavə avadanlıq (vintilyator) almalı olduğu barədə razılaşmışlar. Həmin dəzgah Lənkəran şəhərində yerləşdiyindən iki dəfə usta ilə birlikdə həmin dəzgaha baxış keçirərək işə salmışlar, lakin xammal olmadığından parket kəsməsini yoxlaya bilməmişlər. xx.xx.2022-ci il tarixli tərəflər arasında müqavilə bağlanmış və İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Parket çəkən avadanlığı 20000 (iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Həmin pulu 2000 (iki min) manatını satılan tərəfə (İddiaçı) notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 18000 (on səkkiz min) manatı iki ay ərzində satılan tərəfə (İddiaçı) ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilənin qeyd hissəsinə əsasən satılan əmlakın yararlıq vəziyyətinin aktla müəyyənləşdirilə bilməsi barədə razılığa gəlsələr də, həmin dəzgahın yararlıq vəziyyəti barədə akt tərtib etməmişlər.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi.

21. İşin hallarından görünür ki, cavabdeh uzun müddətdir ki, fərdi sahibkar olaraq parket istehsalı ilə məşğul olmuş və ölkəyə gəldikdən sonra öz işini bərpa etmək məqsədi ilə parket kəsən dəzgahı almaq niyyətində olmuşdur. Bu səbəbdən 2022-cü ilin avqust ayında İddiaçıla tanış olmuş və onda olan dəzgah aparatını və əlavə avadanlıq (vintilyator) almalı olduğu barədə razılaşmışlar. Həmin dəzgah Lənkəran şəhərində yerləşdiyindən iki dəfə usta ilə birlikdə həmin dəzgaha baxış keçirərək işə salmışlar, lakin xammal olmadığından parket kəsməsini yoxlaya bilməmişlər. xx.xx.2022-ci il tarixli tərəflər arasında müqavilə bağlanmış və İddiaçı ilə Cavabdeh arasında müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Parket çəkən avadanlığı 20000 (iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Həmin pulu 2000 (iki min) manatını satılan tərəfə (İddiaçı) notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 18000 (on səkkiz min) manatı iki ay ərzində satılan tərəfə (İddiaçı) ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilənin qeyd hissəsinə əsasən satılan əmlakın yararlıq vəziyyətinin aktla müəyyənləşdirilə bilməsi barədə razılığa gəlsələr də, həmin dəzgahın yararlıq vəziyyəti barədə akt tərtib etməmişlər.

22. İddiaçı tərəf cavabdeh tərəfindən usta ilə birlikdə iki dəfə Lənkəran şəhərinə gələrək dəzgaha baxış keçirildiyini və həmin dəzgahın işləməsini yoxladıqlarını və dəzgahı bəyəndiyini qeyd etmiş, lakin cavabdeh tərəf isə dəzgaha baxış keçirərək işə saldıqlarını, lakin xammal olmadığından parket kəsməsini yoxlaya bilmədiklərini bildirmişlər.

23. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, tərəflərin iradə ifadəsinə əsasən həmin dəzgah 20000 manat qiymətləndirilmiş, həmin puldan Cavabdeh 2000 (iki min) manatını satılan tərəfə (İddiaçı) notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 18000 (on səkkiz min) manatı iki ay ərzində satılan tərəfə (İddiaçı) ödəməyi öhdəsinə götürmüşdür.

24. Sonradan Cavabdeh həmin dəzgahın yaxşı işləməməsini və onun bir sıra detallarını Türkiyə Respublikasından sifariş verməsini və həmin dəzgahın təmirinə görə 9300 manat pul vəsaiti xərclədiyini qeyd etmişdir.

25. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

26. Məhkəmə hesab edir ki, hazırkı halda hər iki iddia tələbi üzrə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehlə onun arasında notariat orqanda bağlanmış müqavilə təqdim etmiş, həmin müqavilənin şərtlərinə əsasən əşyanın dəyəri alıcı tərəfindən iki ay ərzində tam ödənilməli olmuşdur. İddiaçı tərəf, yəni satıcı əşyanı alıcının mülkiyyətinə vermiş, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı satıcının ona lazımi keyfiyyətdə olmayan əşyanın verildiyini iddia etsə də, xx.xx.2022-ci il tarixli müqavilənin bağlanmasından xeyli müddət keçməsinə və 2 ay ərzində əşyanın dəyəri tam ödənilməli olmasına baxmayaraq, əşyanın keyfiyyətsiz olması ilə bağlı olaraq iddiaçıya heç bir irad bildirməmiş, həmçinin alış qiymətinin azaldılmasını, qüsurların əvəzsiz aradan qaldırılmasını, özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməmişdir.

27. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əşyanın qüsurlu olmasını iddia etsə də, xx.xx.2022-ci il tarixdən sonra aldığı əşyanın keyfiyyətsiz olması halı cavabdehə məlum olmuş, lakin o bu halı mübahisələndirməmiş və alqı-satqı müqaviləsinin predmeti olmuş əşyanı bəyənmiş və qarşı tərəfə hər - hansı bir pretenziyasını bildirməmişdir. Belə ki, təqdim olunmuş səs yazısından da müəyyən olunur ki, Cavabdeh borcu olmasını etiraf edir, lakin həmin əmlakın keyfiyyətsiz olmasını mübahisələndirmir.

28. Məhkəmə hesab edir ki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olsalar da, iddiaçı tərəf öhdəliyin icrasını vaxtında tələb etməmiş və pulun alınması ilə bağlı ağlabatan müddətdə tədbir görməmiş, yalnız xx.xx.2023-cü ildə icra qeydi verilməsinə nail olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbinin əldən çıxmış fayda hissəsində iddia tələbi təmin oluna bilməz.

Məhkəmə xərcləri.

29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 520 manat məbləğində nümayəndəyə ödənilən xərc və 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 500 manat məbləğində nümayəndəyə ödənilən xərc və 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

30. Belə olan halda məhkəmə hesab edir ki, 520 manat məbləğində nümayəndəyə ödənilən xərc və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 120 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 10 000 (on min) manat pul vəsaiti, 520 (beş yüz iyirmi) manat məbləğində nümayəndəyə ödənilən xərc və 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mübahisə predmeti olan əşyanın dəyərinin müəyyən edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh 10 000 (on min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində nümayəndəyə ödənilən xərc və 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mübahisə predmeti olan əşyanın dəyərinin müəyyən edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar