Məhkəmə qərarları › İş №2(010)-1461/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1461/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1461/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 27.02.2020-ci il tarixli 178micNAR/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh xeyrinə 20000 AZN əsas, 3249,72 AZN faiz, cəmi 23249,72 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqının tutulmasını, tələbin Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxani rayonu Yeni Günəşli Y/M massivi, ev 25, mənzil 118-ə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 27.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 18% ödəmək şərtilə 20000 AZN məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Y/M, “V” massivi, 25 saylı evi, 118 saylı mənzili "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsi 10.06.2019-cu il tarixdə DƏDRX tərəfindən verilmiş RX seriyalı, ********** nömrəli Çıxarışla dövlət qeydiyyatına alınmışdır. Cavabdeh bank ilə əsas kredit müqaviləsini bağladığı vaxt evin ipoteka edilməsi barədə ailəsinin razılğı olub və buna dair ərizələri iş materiallarına əlavə edilib. Bu razılıq daha sonra bağlanılan əlavə müqavilələrə də aid edilir. Cavabdeh özü ipoteka müqaviləsini imzalayıb və həmin müqavilədə mənzilin qiyməti 60000 manat qeyd olunub və cavabdeh həmin məbləğ ilə razılaşıb. Hazırda ekspertiza həmin mənzili 60000 manat məbləğində qiymətləndirib, cavabdeh isə bununla razı olmadığını bildirirək yenidən ipoteka predmetinin qiymətləndirilməsini tələb etsə də, tərəf özü baxış keçirilməsinə şərait yaratmayıb və bu hal ekspertiza keçirilməsindən imtina kimi onun əleyhinə qiymətləndirilməlidir. Cavabdehin izahatı ilə hərəkətləri arasında ziddiyyət var və bu açıq şəkildə cavabdehin mülki işin müddətini uzatdığını göstərir. Lakin Cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Kredit alanın banka 25.01.2021-ci il tarixə 20000 manat əsas, 3249,72 manat faiz, cəmi 23249,72 manat borcu yaranmışdır. Cavabdeh əsas borcundan heç bir ödəniş etmədiyi üçün qrafik açıla bilməz. Belə ki, qrafikin açılması üçün cavabdehin 12000 manatdan çox ödəniş etməsi lazımdır. Əslində müqavilə üzrə faiz borcu artıb, lakin bank cavabdehə güzəşt edərək iddia ərizəsində tələb edilən məbləğin tutulmasını istəyir. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, bankdan birdən-birə pul götürməmişdir. Əvvəl Bank of Bakudan, sonra Nikoyl Bankdan, sonra isə Unibankdan kredit götürmüşdür. Kredit götürməkdə məqsədi digər banklardan götürdüyü kredit məbləğlərini ödəmək idi. Daha sonra pandemiya dövrü olduğu üçün borclarını ödəyə bilməmişdir. Qrafik açılacağı təqdirdə borcunu ödəyə bilər. Bundan əlavə, evin qiyməti ilə də razı deyildir. Belə ki, o, kredit müqaviləsinə əlavələrə dair müqavilə imzalayan vaxt ailəsinin xəbəri olmayb, onların razılığı yoxdur. Onun evinin qiyməti təxminən 110000 manat olar. Məhkəmə prosesində mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və mülki iş Müstəqil Məhkəmə Ekspertizasına göndərilmişdir. Ekspertiza Mərkəzi tərəfindən iki dəfə onunla əlaqə saxlanılmış, lakin o, Bakıda olmadığı üçün iştirak edə bilməmiş və mənzilə baxış keçirilmədən mülki iş geri qaytarılmışdır. Bundan sonra mülki iş yenidən qiymətləndirilməyə göndərilmişdir. Ekspert rəyində qeyd olunub ki, onun evinin bazar dəyərinə uyğun likvid qiyməti 60000 manat müəyyənləşirilib, lakin o, ekspert rəyi ilə razı deyildir. Ümumiyyətlə o, iddia tələbini borc hissəsində qəbul edir, lakin borcun evinə yönəlməsinə etiraz edir. Belə ki, o, həmin evdə ailəsilə birlikdə yaşayır və buna görə də qiymətləndirici tərəfindən evə baxılmasına ailəsi şərait yaratmamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.06.2019-cu il tarixli “əsas kredit və bank hesabı” müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh illik maksimum 32% olmaqla, 07.06.2029-cu il tarixədək 150.000 manat məbləğində kredit limiti ayrılır. 27.02.2020-ci il tarixli 178micNAR/20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" KB ASC-dən 24 ay müddətinə illik 18% ödəmək şərtilə 20000 AZN məbləğində istehlak məqsədləri üçün kredit götürmüşdür. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh verilmiş kreditin 27.03.2020-ci il tarixdən 27.02.2022-ci il tarixədək faiz ödənişi cəmi 3966,3 manat, əsas məbləğ ödənişi 20.000 manat olmaqla, cəmi 23.966,3 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 118 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 23.11.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1233 nömrəli reyestr kitabının 112198 nömrəli vərəqində qeydiyyata alınmışdır. 07.06.2019-cu il tarixli 266micİNAR/19 saylı ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 118 saylı mənzili «Unibank” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir (bənd 2.3). İş materiallarında olan ərizədən görünür ki, X1 evin ipotekaya qoyulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 118 saylı mənzili "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 120 ay müddətinədək müəyyən edilmişdir. 25.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 20.000 manat əsas, 3249,72 manat faiz olmaqla, cəmi 23249,72 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 09 avqust 2021-ci il tarixli, 183 №-li məktubunda qeyd olunmuşdur ki, 09.06.2021-ci il tarixdə "xxxx" MMC-yə 2(010)-1461/2021 saylı qərardad daxil olmuşdur. Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq o, mənzilə baxış keçirilməsinə şərait yaratmamış, bu səbəbdən də 2(010)-1461/2021 saylı qərardad icrasız geri qaytarılmışdır. "xxxx" MMC-nin 13 oktyabr 2021-ci il tarixli, 328/E №-li ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil 2 otaqlı 42,8 kv.m ümumi, 30,1 kv.m əsas, 18,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyər 60000 (altmış min) manat müəyyən edilir. "xxxx" MMC-nin 22 dekabr 2021-ci il tarixli, 328E №-li ekspert rəyində qeyd olunmuşdur ki, hər iki vətəndaşa müraciət olunmasına baxmayaraq, onlar əmlaklara baxış keçirməyə şərait yaratmamış, həmçinin qiymətləndirmə xərcini ödəməkdən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh kredit müqaviləsi üzrə 20.000 manat əsas, 3249,72 manat faiz borcunun tutulması barədə tələb əsaslıdır. 29.09.2020-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün 22.10.2020-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və 28.10.2020-ci il tarixdə bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ona tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında yerləşən 118 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilinin dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən dəfələrlə qiymətləndirmə təyin edilməsinə baxmayaraq, cavabdeh qiymətləndirmənin keçirilməsi üçün şərait yaratmamış və qiymətləndirmə xərcini ödəməkdən imtina etmişdir. Yalnız "xxxx" KB ASC tərəfindən qiymətləndirmə xərci ödənildikdən sonra qiymətləndirmənin keçirilməsi baş tutmuş və ipoteka predmetinin likvid dəyəri 60.000 manat müəyyən olunmuşdur. Ona görə də hesab olunur ki, adı çəkilən müqavilədə ipotekaya qoyulmuş əmlakın qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi, 60.000 manat göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 27.02.2020-ci il tarixli 178micNAR/20 saylı kredit müqaviləsi üzrə 20.000 manat əsas, 3249,72 manat faiz, cəmi 23.249,72 manat məbləğində borc iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilinə yönəldilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilməli və ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 118 saylı mənzili açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 23.249,72 manat məbləğində borc iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, «Unibank” KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, 300 manat qiymətləndirmə xərci "xxxx" KB ASC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul və ipoteka predmetinin qiymətləndirmə xərci olan 300 (üç yüz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.02.2020-ci il tarixli 178micNAR/20 saylı kredit müqaviləsi üzrə 20.000 manat əsas, 3249,72 manat faiz, cəmi 23.249,72 (iyirmi üç min iki yüz qırx doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 118 saylı mənzili açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 23.249,72 (iyirmi üç min iki yüz qırx doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İpoteka predmetinin qiymətləndirmə xərci olan 300 (üç yüz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar