Məhkəmə qərarları › İş №2(010)-1463/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1463/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1463/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatınin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatınin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş ünvan 1 ünvanda yaşayan borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1,305 ABŞ dolları əsas borc,819,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.124,24 ABŞ dolları məbləğində kredit borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9416/2014 saylı 19.12.2014-cü il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh 1305 (bir min üç yüz beş) ABŞ dolları məbləğində əsas borc, 819,24 (səkkiz yüz on doqquz dollar 24 cent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2124,24 (iki min yüz iyirmi dörd dollar 24 cent) ABŞ dolları məbləğində borc ödəniş anında AZN-lə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh 2(010)-9416/2014 saylı 19.12.2014-cü il tarixli məhkəmə əmrinə etiraz edərək məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-9416/2014 saylı 19.12.2014-cü il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə müraciət edərək mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” filialı ilə Cavabdeh arasında bağlanmış 31.10.2002-ci il tarixli, 236 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Suraxanı Rayon Məhkəməsinin 19.12.2014-cü il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh 1305 ABŞ dolları məbləğində əsas borc, 819,24 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2124,24 ABŞ dolları məbləğində borc ödəniş anında AZN-lə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Həmin əmrin ləğv edilməsi ilə bağlı cavabdeh tərəfindən ərizə verilmişdir. Hesab edir ki, 31.10.2002-ci il 236 nömrəli kredit müqaviləsi üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd olunanalara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, onunla bank arasında 31.10.2002-ci il 236 nömrəli kredit müqaviləsi bağlanmışdır və müqavilənin icra müddəti 12 ay müddətinə müəyyən olunmuşdur. İddiaçı məhkəməyə 19.12.2014-cü il tarixdə, yəni 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçının bu müqavilə üzrə əsas borc və ona bağlı olan faiz tələblərinin tələb olunması barədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 31.10.2002-ci il tarixli 236 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” filialı ilə Cavabdeh arasında bağlanmış 31.10.2002-ci il tarixli, 236 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 1 ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 1,305 ABŞ dolları əsas borc,819,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.124,24 ABŞ dolları məbləğində kredit borcu ödənilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 31.10.2002-ci il tarixdən 31.10.2003-cü il tarixinədək bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi cavabdeh tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 3 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə iddia müddətinin ötürülməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 31.10.2002-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər 31.10.2003-ci il tarixədək icra edilməli idi. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar