Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1466/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Vaqapovnaya qarşı “mənzilə istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 9 mərtəbəli, 20 nömrəli evin, 3-cü mərtəbəsində, 5 otaqlı, 60.26 m2 yaşayış sahəsi olan, 78 saylı mənzilə 30.07.2005-ci il təvəllüdlü X1 istifadə hüququnun tanınması və pasport qeydiyyatına salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 9 mərtəbəli, 20 nömrəli evin, 3-cü mərtəbəsində, 5 otaqlı, 60.26 m2 yaşayış sahəsi olan, 78 saylı mənzildə pasport qeydiyyatındadır. Cavabdeh onun qaynanasıdır. Onun qeydiyyatda olduğu mənzilin kirayəçisi Cavabdeh həmin yaşayış sahəsi 1985-ci ildə mənzil uçotunda duran çoxuşaqlı ana kimi 11.03.1990cı il tarixli, 036177 saylı orderlə Orconikidze rayon XDSİK-nin 2 saylı, 07.02.1990-cı il tarixli qərarı ilə 6 nəfər ailə tərkibi ilə (özü, əri, üç oğlu, bir qızı) ayrılmışdır. O, mənzilin kirayəçisinin oğlu X9 ilə 30.06.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu VVADQ Şöbəsində nikaha girmişdir. Nikaha girməmişdən öncə onların faktiki nikahından bir qız övladı – 30.07.2005-ci il təvəllüdlü X5 doğulmuş, bu barədə akt qeydləri kitabında 2005-ci ilin sentyabr ayının 6-da 971 nömrə ilə qeyd edilmiş və Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İV 309305, 29.10.2019-cu il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Uşağın atalığı müəyyən edilmiş, bu barədə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ 372803, 16.10.2019-cu il tarixdə X8 adına atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. O, uşağa şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN xidmət” mərkəzinə müraciət etmiş, ancaq burada ona bildirmişlər ki, uşağın 14 yaşı tamam olduğu üçün o, yaşadığı yer üzrə qeydiyyata alındıqdan sonra onlar uşağa şəxsiyyət vəsiqəsi verə bilərlər. O, cavabdehə bu barədə bildirsə də o, uşağın qeydiyyata alınması üçün razılıq barədə ərizə verməkdən imtina etmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı Müzəməddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdeh qayınanasıdır. Hazırda qeydiyyatda olduğu mənzil orderlə onun adına verilmişdir. O özü də bu mənzilə qeydiyyata düşmək istəyən vaxt qayınanası başda buna razı olmamış, gəlinlərin evi əlindən alacağından ehtiyat etdiyini demişdir. Cavadehin oğlu ilə 2006-cı ildə ailə qurmuş, iki qızları doğulmuşdur. Qızlardan kiçiyi həmin mənzildə qeydiyyatdadır. Lakin böyük olan rəsmi nikahdan əvvəl doğulduğundan o, avtomatik qeydiyyata alına bilməmişdir. Cavabdeh isə bunun üçün razılıq ərizəsi vermişdir. Halbuki, uşaqların ikisi də bu mənzildə doğulmuşdur və onların bu mənzildən istifadə hüquqları var. Bundan əlavə, mənzilin verilməsi barədə orderdə təkcə qayınanasının yox, eləcə də yoldaşının, baldızının, qayınlarının adları göstərilmişdir. Yəni, cavabdehin bu mənzildə doğulmuş qızının mənzildən istifadə hüququnu məhdudlaşdırması qanunsuzdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini və iddianın təmin edilməsinə heç bir etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən İddiaçı üvanlanmış 03.03.2021-ci il tarixli, 096-54087-1221 nömrəli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh məxsus olduğundan övladı X1 həmin mənzilə qeydiyyata alınması üçün Cavabdeh razılıq ərizəsinin mütləq olduğu qeyd edilmiş, razılıq ərizəsi ilə birlikdə “ASAN xidmət” mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 27.01.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, X3, X2 və X6 ünvan 1 ünvanında qeydiyyatdadır. Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.10.2019-cu il tarixdə verilmiş AZ-İV 309305 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası X10, anası İddiaçı) 30.06.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.09.2005ci il tarixdə 971 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı 30.07.2005-ci il təvəllüdlü X1 anasıdır. X1 həm anası, həm də atası (X10) ünvan 1 ünvanında qeydiyyatdadır. Bu mənzil isə hələ 1990-cı ildə orderlə Cavabdeh adına verilmişdir. Orderdə həmçinin, X1 atası X4 də adı yazılmışdır. Hər iki valideyni də ünvan 1 ünvanında qeydiyyatda olsa da Cavabdeh razılıq vermədiyindən 30.07.2005-ci il təvəllüdlü X1 bu mənzilə qeydiyyata alınması mümkün olmamışdır. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 30.07.2005-ci il təvəllüdlü X5 doğulduğu vaxtdan bəri valideynləri və kiçik bacısı ilə birlikdə bu mənzildə yaşayır. Bacısı mənzilə qeydiyyata alınmış olsa da o, mənzilə qeydiyyata alına bilmir. Bu səbəbdən anası İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmişdir. Məhkəmə ilk növbədə, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, mübahisəli mənzildən istifadə hüququnun olması mübahisələndirilən X5 30.07.2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 16 yaşlı X1 tam həcmdə mülki prosessual fəaliyyət qabiliyyəti olmadığından hüquqlarının qorunması üçün onun qanuni nümayəndəsi (anası) olan İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, nəzərə alınmalıdır ki, X1 mülki hüquq qabiliyyəti vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın qanuni nümayəndəsi kimi iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. X1 nənəsinə (cavabdehə) məxsus mənzildən istifadə hüququnun olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini və iddianın təmin edilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Belə bir vəziyyətdə məhkəmə cavabdehin iddianı qəbul etməsini iddianın etirafı kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Lakin hər nə qədər cavabdeh iddianı tam etiraf etsə də nəzərə alınmalıdır ki, şəxsin pasport qeydiyyatına alınmasına dair iddialara ümumi məhkəmələrdə baxılmır. Belə ki, şəxs bununla bağlı ilk növbədə müvafiq inzibati orqana müraciət etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə inzibati icraat qaydasında məhkəməyə müraciət etməli, uşağın yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb etməlidir. Odur ki, iddia tələbinə baxılması bu hissədə məhkəmədə baxılmalı olmadığından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(010)-1466/2021 nömrəli qərardadı ilə iş üzrə icraata bu hissədə xitam verilmiş, iddiaçıya bu cür şəxsin qeydiyyatına xitam verilməsi üçün əvvəlcə müvafiq inzibati orqana müraciəti etməsi, bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələrin bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilməsi barədə izah edilmişdir. Qalan hissədə isə məhkəmə etirafı qəbul edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin, eləcə də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də etiraf qismən – iş üzrə icraata xitam verilməyən hissədə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 30.07.2005-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа qismən təmin edilsin. 30.07.2005-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınsın. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1466/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1466/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver