Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1485/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 (iki min beş yüz) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun evində usta işləmişdir. Belə ki, o, 2020-ci ilin iyul ayında yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini təmir etdirmək istəyirdi. Bu məqsədlə cavabdehlə danışmış, cavabdeh evin təmiri üçün lazım olan ləvazimatları və materialları ona verdiyi pullar qarşısında almağı, evin təmiri üçün özü ilə birlikdə işləməyə fəhlələlər gətirməyi, eyni zamanda 2020-ci ilin 17 iyul tarixindən başlayaraq 1 ay 15 gün ərzində təmir işlərini yekunlaşdırmağı öhdəsinə götürmüşdür. Beləliklə, o, hər dəfə hissəhissə olmaqla lazım olan materialları alması üçün cavabdehə pul vermişdir. Lakin cavabdeh onun etibarından sui-istifadə etmiş, hər dəfə materialları keyfiyyətli olsun deyə Şərq bazarından aldığını bildirmiş, bu məqsədlə ondan bir material üçün ikiqat məbləğdə pul almışdır. Lakin onun əvvəllər materialların qiymətindən xəbəri olmamışdır. Sonradan cavabdehin fəhləsi ona bildirmişdir ki, cavabdeh heç vaxt materialları Şərq bazarından baha qiymətə almamış, əksinə Neftçilər metrosu yaxınlığında yerləşən 8 km bazarından çox ucuz qiymətə almış, ona verilən pulların bir qismini hər dəfə özünə götürmüşdür. Daha sonra cavabdehin fəhləsi ilə 8 km bazarına gedib materialların qiyməti ilə tanış olmuş və materialların çox ucuz qiymətə satıldığının şahidi olmuşdur. Beləliklə, bugünədək cavabdeh tərəfindən ona 2500 manat məbləğində ziyan vurulmuşdur. Eyni zamanda cavabdehin özü tərəfindən şəxsən yazılıb imzalanmış iltizam vardır ki, özü ona borclu olduğunu, ziyan vurduğunu etiraf etmişdir. Lakin orada məbləğ 1173 manat göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun aldığı materialların qiyməti çox ucuz olmuş, cavabdehin ona vurduğu ziyan 1173 manat deyil, 2500 manat olmuşdur. Belə ki, cavabdeh iş gördükcə ondan işinə uyğun məbləğdə pul istəyirdi və o da birdəfəlik deyil, materialların pulunu və əl haqqı verirdi. Göründüyü kimi cavabdeh öz vədinə əməl etməmiş, təmir işləri başladığı vaxtdan 1 ay 15 gün ərzində evi tam təmirli vəziyyətdə ona təhvil verməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə təmir işlərini görməkdən yayınmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, iddiaçını Kənan adlı dostu vasitəsilə tanımış və onun evində usta olaraq çalışmışdır. Lakin usta kimi işləyən zamanlar mal-materialların qiyməti ilə əlaqədar anlaşılmazlıqlar yarandığı üçün onun iddiaçıya borcu yaranmışdır. İddiaçı ondan 2500 manat pul tələb etsə də, o, bu barədə sahə müvəkkilinin yanında izahat da yazmış və həmin izahatda 1173 manat borcu qaldığını etiraf etmişdir. Buna görə də ərizə təqdim edərək, iddianı qismən, 1173 manat borcunun olması hissəsində etiraf etdiyini və həmin borc məbləğini hissə-hissə də olsa ödəyəcəyini bildirərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 27.10.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 6773 manat almış, həmin puldan 4000 manatına material almış, 1600 manat əlhaqqı kimi götürmüş və 1173 manat pul qalmışdır. Öhdəçilik götürür ki, 27.11.2020-ci il tarixinə kimi həmin 1173 manat pulu qaytaracaqdır. 13.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin 03.04.2021-ci il tarixli, 100-2547-1221 №-li məktubundan görünür ki, vətəndaş İddiaçı vətəndaş Cavabdeh qarşı pul tələbinə dair müraciəti bölməyə daxil olmamışdır. 02.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Hazırkı işdə İddiaçı Cavabdeh material alınması və əlhaqqı kimi 6773 manat məbləğində pul verməsi iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış iltizam ilə təsdiqini tapmışdır. Belə ki, cavabdeh öz iltizamında 27.10.2020-ci il tarixdə İddiaçı 6773 manat aldığını, həmin puldan 4000 manatına material aldığını, 1600 manat əlhaqqı kimi götürdüyünü və 1173 manat pulun qaldığını və öhdəçilik götürərək, 27.11.2020-ci il tarixinə kimi həmin 1173 manat pulu qaytaracağını bildirmişdir. Hazırda cavabehin evi tam təmirli şəkildə iddiaçıya təhvil verməməsi və aldığı puldan 1773 manat pulu qaytarmaması Cavabdeh iltizamı ilə təsdiq olunur. Belə olan halda, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. İddiaçı cavabdehin ona vurduğu ziyanın 1173 manat deyil, 2500 manat olduğunu iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü 2500 manat borcun tutulması tələbi üzrə iddianın 1173 manat hissəsi cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən həmin hissədə etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı həmin hissədə etiraf etməsi qəbul olunmalı və iddia həmin hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1173 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 16 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1173 (bir min bir yüz yetmiş üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 16 (on altı) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1485/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1485/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver