Məhkəmə qərarları › İş №2(010)-1489/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1489/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1489/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9600 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək, Cavabdeh ümumilkdə 7100 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 117 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 123 A-da qeydiyyatda olmaqla 07 sentyabr 2013-cü il təvəllüdlü azyaşlı oğlu X2 birlikdə həmin ünvanda yaşamışdır. 2013-cü ildə X1 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin münasibətləri pozulduğuna görə 2016-cı ilin aprel ayında Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı oğlu Zaur Piroğlanovun yetkinlik yaşına çatanadək iddiaçının himayəsində qalması qət edilmişdir. Zaur anadangəlmə «Düşen miopatiyası» əzələ xəstəliyindən əziyyət çəkir. Zaurun müalicəsi ilə əlaqədar 2019-cu ilin noyabr ayında Bakı şəhərində müxtəlif tibb klinikalarına müraciət etdikdə məlum olmuşdur ki, həmin xəstəliyin ölkə ərazisində müalicəsi üçün müvafiq şərait yoxdur və müalicə üçün təcili olaraq Almaniya Federativ Respublikasına getmək lazımdır. Bununla əlaqədar 2019-cu ilin noyabr ayının ortalarında Bakı şəhərində yaşayan iddiaçı qardaşı Fərid Fərmanovla söhbət edərək narahatlığını bildirdikdə Fərid tanışı Cavabdeh əvvəllər Almaniyada yaşadığını bildirib və bu məqsədlə onunla məsləhətləşəcəyini demişdir. Razılaşmış və bir neçə gün sonra Fərid Rəşadla Bakı şəhərində görüşüb danışdıqdan sonra onunla əlaqə saxlayaraq Zaurun Almaniyada müalicəsi üçün Rəşadın 10000 (on min) manat pul istədiyini demişdir. Zaurun səhhəti getdikcə pisləşdiyindən çarəsiz qalıb razılaşmış və bu barədə həmin ərəfələrdə Qusar rayonu, Samur qəsəbəsində yaşayan iddiaçının atası Fənnan və anası Ceyrana bildirmişdir. İddiaçının atası kömək üçün iddiaçıya 4000 (dörd min) manat pul təşkil edib göndərmişdir. Həmin pulu iddiaçı qardaşı Fəridə vermiş və Fərid xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər metrostansiyasınm yaxınlığında Rəşadla görüşüb ilkin olaraq 4000 (dörd min) manat pulu ona vermişdir. Bir neçə gün sonra Rəşad pulun yerdə qalan hissəsini istədiyinə görə iddiaçı uzun müddətdən bəri müxtəlif gözəllik salonlarında işləyərək topladığı 3000 manat pulu 24 noyabr 2019-cu il tarixdə Rəşadın göndərdiyi Xanış adlı bir şəxsə vermişdir. Bir həftə sonra, yəni 01 dekabr 2019-cu il tarixdə səhər saatlarında iddiaçının qardaşı Fərid ona zəng vuraraq Rəşadın yerdə qalan pulu istədiyini bildirmiş, iddiaçı isə tanışlarından 1500 manat borc pul alıb Rəşada çatdırmaq üçün Xanış adlı şəxslə görüşərək ona vermişdir. Daha sonra, 08 dekabr 2019-cu il tarixdə Rəşadın istəyi ilə iddiaçının qardaşı Fərid öz vəsaiti ilə 700 manat pul köçürmüş, 31 dekabr 2019cu il tarixdə isə yerdə qalan 400 manat məbləğində pulu Rəşadın tapşırığı ilə anası Dünya adlı qadına vermişdir. Beləcə Rəşada ümumilikdə 9600 (doqquz min altı yüz) manat pul vermişdir. Həmin vaxtdan etibarən bir neçə dəfə «WhatsApp» proqramı vasitəsilə Rəşadla əlaqə saxlayıb oğlu Zauru müalicə üçün nə vaxt Almaniyaya apara biləcəyini soruşmuş, Rəşad əvvəlcə uşağı Macarıstan Respublikasına aparmaq lazım olduğunu, məhz bundan sonra müalicə üçün Almaniyaya qəbul olunacaqlarını bildirmiş və bu kimi müxtəlif bəhanələrlə onu aldatmışdır. Hətta bir dəfə Aynur adlı bir qadın ona zəng vurub Macarıstan Respublikasının Bakı şəhərindəki konsulluğunda işlədiyini, Rəşadın xahişi ilə uşağın müalicəsi üçün ona zəng vurduğunu söyləyib səbirli olmasını tövsiyə etmişdir. Bir müddət sonra Rəşadın onu aldadaraq 9600 (doqquz min altı yüz) manat məbləğində pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona görə də, ondan pulunu tələb etməyə başlamışdır. Buna cavab olaraq Rəşad Litvada yaşayan tanışı Habil adlı şəxsin vəsiqəsini «WhatsApp» proqramı vasitəsilə ona göndərərək tezliklə həmin şəxsin Bakıya gəlib pulunu qaytaracağını vəd elmişdir. Lakin hal-hazırda Rəşad onun pulunu qaytarmamış və bu əsasla iddiaçı Cavabdeh pulunu tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o 2008-ci ildən Avropada yaşayır, lakin viza məsələlərinə o baxmır. O, Qusarda olarkən Səbinənin qardaşı Fəridlə tanış olmuşdur. Azyaşlı uşağın müalicə olunması ilə bağlı iddiaçı tərəfindən verilmiş pulu Habil Ağayev adlı şəxsə vermiş və Səbinə özü də onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Lakin sonradan həmin şəxs həm Səbinə, həm də onunla bütün əlaqələri kəsmişdir. Bundan sonra Səbinə pulu yalnız ondan tələb etmişdir. Bundan sonra o Səbinəyə maddi yardım kimi 2500 manat pul vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin İŞ-də aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda İddiaçı müraciəti üzrə toplanmış materiallar üzrə aparılmış yoxlama zamanı cinayət hadisəsinın olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı övladının xəstəliyi ilə xarici dövlətdə müalicə olunması üçün Cavabdeh müxtəlif vaxtlarda 9600 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu Habil Ağayev adlı şəxsə verdiyini, dolayı yolla vasitəçilik etdiyini iddia etsə də, bununla bağlı olaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflərin izahatından və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, 2500 manat pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı verilmişdir. Mübahisələndirilən pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verildiyindən, lakin cavabdeh tərəfindən həmin pul vəsaitinin qaytarılması və ya başqa şəxsə verilməsi barədə sübutların mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7100 manat məbləğində pul vəsaiti və 117 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul vəsaiti və 117 (bir yüz on yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar