Məhkəmə qərarları › İş №2(010)-1497/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-1497/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1497/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2800 manat məbləğində pulun və 48 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əvvəlcədən tanıdığı Cavabdeh birinci dəfə xx.xx.2021-ci il tarixdə 2500 manat, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə 500 manat olmaqla, cəmi 3000 manat məbləğində borc pul vermişdir. Cavabdeh ondan aldığı borc pulu 2 ay müddətində qaytarmağı öhdəsinə götürsə də, həmin puldan cəmi 200 manat ona qaytarmış, borcdan qalan pulu isə bu vaxtadək qaytarmamışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh və arvadı Kəmalə onun yaşadığı mənzilin qonşuluğunda kirayə yaşamışlar. Kəmalə ilə o bir müddət dostluq etmiş, bir gün Kəmalə ona əri Rəşada pul lazım olduğunu deyib 2500 manat borc pul istəmişdir. Kəmalə həmin vaxt ona demişdir ki, özlərinə məxsus evləri var və onu satıb borclarını qaytaracaqlar. Onları düzgün insan kimi tanıdığına görə inanıb 2500 manat borc vermişdir. Həmin vaxt cavabdeh pulun alınması barədə öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş qəbzi tərtib edərək ona vermişdir. Bundan sonra cavabdeh yenə ondan 500 manat borc istəmişdir. O, yenə də cavabdehə inanıb həmin pulu vermiş, bu dəfə qəbz almamışdır. Bundan bir müddət sonra o, pulunu istəsə də, cavabdeh evinin satılmamasını bəhanə edərək pulu qaytarmaqdan yayınmışdır. 2021-ci ilin yay aylarında cavabdeh qonşuluqdan köçmüş, bundan sonra onunla əlaqə saxlamaq çətin olmuşdur. Cavabdeh ondan aldığı 3000 manat məbləğində borcdan iki dəfəyə 100 manat olmaqla, cəmi 200 manat ödəmişdir. Qalan 2800 manat borc isə ödənilmədən qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Həmçinin İddiaçı məhkəməyə ərizə verərək cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi.

6. Cavabdeh ilə məhkəmənin hazırlıq iclasında telefon əlaqəsi saxlanılmış, cavabdeh iddiaçıya olan borcunu qəbul etdiyini, hazırda yeni işə başladığını, borcunu hissə-hissə, hər ay 100 manat ödəyəcəyini bildirmişdir.

İş materialları.

7. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində borc aldığını və iki ay müddətində həmin borcun qaytarılması barədə öhdəlik götürdüyünü təsdiq etmişdir.

İşin faktiki halları.

8. İddiaçı və Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh iddiaçıdan cəmi 3000 manat məbləğində borc pul almışdır.

9. Hazırda İddiaçı iddia edir ki, Cavabdeh ondan aldığı 3000 manat məbləğində borcun yalnız 200 manatını qaytarmış, borcun qalanını qaytarmaqdan isə yayınmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3000 manat məbləğində borc pul vermişdir. Buna baxmayaraq cavabdeh borc müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödənilməmiş 2800 manat məbləğində borcu qalmışdır. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı borcun 200 manatının qaytarıldığını etiraf etdiyindən məhkəmə də öhdəliyin həmin həcmdə icra edildiyi nəticəsinə gəlir. Lakin qalan 2800 manat hissədə öhdəlik icra edilmədən qalmışdır. Məhkəmənin hazırlıq iclasında telefon vasitəsilə əlaqə saxlanılmış cavabdeh də iddiaçıya borcu olduğunu qəbul etmiş, bu borcu hissə-hissə, hər ay 100 manat olmaqla ödəyə biləcəyini qeyd etmişdir.

14. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə ödənilməmiş 2800 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

15. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 48 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 manat məbləğində borc və 48 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

17. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində borc və 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar