Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-150/2021 27.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “X15” MMC) Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən “X15” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 13010 (on üç min on) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X15” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. xx.xx.2018-ci il tarixli, 013-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli, 341-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixində Oba - Yeni Günəşli 4 mağazasında çalışdığı zaman aparılmış invertizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnvertizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 13900 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 890 manat güzəşt edilməklə qalıq borc 13010 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş aktlarda göstərilən mallar onun özü tərəfindən deyil, iddiaçı “X15” MMC-nin depo əməkdaşları tərəfindən sistemə vurularaq mağazaya gətirilmişdir. Yəni, həmin sənədlərdə göstərilən mallarla, faktiki olaraq mağazaya gətirilən mallar say və tərkib etibarilə eyni olmamışdır. Həmin mallar mağazaya gətiriləndə onsuz da əskik gəlmişdir ki, bu əskiklik iddiaçının depoda işləyən əməkdaşlarının təqsirindən yaranmışdır. Onun mağaza işçisi kimi bunda heç bir təqsiri olmamışdır və buna görə məsuliyyət daşımamalıdır. Həmçinin, iddiaçı “X15” MMC nədənsə ilk belə əskiklik ortaya çıxanda onu işdən azad etməmiş, növbəti yoxlamanı gözləmişdir. Bu hal özü onun təqsirsizliyini sübut edən hal kimi qiymətləndirilməlidir. Bundan başqa o, heç bir aktı imzalamamış, iddiaçı tərəfindən tərtib edilmiş heç bir sənədlə razılaşmamışdır. Həmin sənədlər hamısı saxtadır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlmədiyindən və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilmədiyindən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X15” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 13900 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 13900 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 890 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 13010 (13900-890) manat borcu qalmışdır. “X15” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 419 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. “X15” MMC və Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 3 ay sınaq müddəti ilə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. “X15” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 013 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə xx.xx.2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. “X15” MMC və Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin surətlərindən görünür ki, Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, işçinin icra etməyə borclu olduğu vəzifələrinin siyahısı müəyyən edilmişdir. “X15” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 341- saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 - əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş, Son haqqhesab: İstifadə edilməmiş 9.63 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli aktivlər üzrə invertizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2018-ci il tarixli invertizasiya siyahısı ilə yoxlama tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 11899.08 manat məbləğində əskikgəlmə aşkarlanmışdır. xx.xx.2018-ci il tarixli imtina aktında qeyd edilmişdir ki, Cavabdeh Elçin oğlu invertizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənərlərlə tanış olsa da sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənərləri imzalamaqdan və əksikgəlmələrin (-11899.08 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixli aktivlər üzrə invertizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2019-cu il tarixli invertizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 6806.82 manat məbləğində əskikgəlmə aşkarlanmışdır. xx.xx.2019-cu il tarixli imtina aktında qeyd edilmişdir ki, Cavabdeh Elçin oğlu invertizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənərlərlə tanış olsa da sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənərləri imzalamaqdan və əksikgəlmələrin (-6806.82 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/994-5/846 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli “Aktivlər üzrə invertizasiya nəticələrinə dair” yekun Aktda və həmin tarixli imtina aktında “H.H.Səfərov” yazılarının qarşısındakı imzalar, xx.xx.2019-cu il tarixli “Aktivlər üzrə invertizasiya nəticələrinə dair” yekun Aktda “X5” yazılarının qarşısındakı imza və xx.xx.2019-cu il tarixli imtina aktında “X6” yazılarının qarşısında əks olunmuş imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli “Aktivlər üzrə invertizasiya nəticələrinə dair” yekun Aktda, həmin tarixli imtina aktında, xx.xx.2019-cu il tarixli “Aktivlər üzrə invertizasiya nəticələrinə dair” yekun Aktda “X3 (Abdullayeva Ç.İ.)” yazılarının qarşısındakı imzalar və xx.xx.2019-cu il tarixli imtina aktında “X10” yazılarının qarşısındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli əmrə əsasən iddiaçı “X15” MMC-də satıcı-kassir kimi işə girmiş, xx.xx.2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə mağazada aparılmış invertizasiya zamanı müvafiq olaraq 11899.08 manat və 6806.82 manat məbləğində əskikgəlmələr müəyyən edilmişdir. Bu əskikgəlmələrə görə iddiaçı tərəfindən Cavabdeh güzəşt tətbiq edilməklə cəmi 13010 manat məbləğində pul tələb edilmişdir. İddiaçı müvafiq invertizasiya nəticələrini təsdiq edən mötəbər sübut kimi xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu “Aktivlər üzrə invertizasiya nəticələrinə dair” yekun Aktları Məhkəməyə təqdim etmişdir. Lakin bu aktlarda, eləcə də müvafiq imtina aktlarında yoxlama komissiyasının müxtəlif üzvləri adına çəkilmiş imzalar arasında gözlə görülə bilən, açıq-aşkar bənzərlik imzaların eyniliyi ilə bağlı məhkəmədə əsaslı şübhələr yaratdığından və bu aktlarda olan imzaların bütün mümkün şübhələri istisna edən həqiqiliyi işin mahiyyəti üzrə düzgün həlli üçün mühüm əhəmiyyət daşıdığından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2886/2020 saylı qərardadı ilə məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/994-5/846 saylı ekspert rəyində imzalarla bağlı şübhə doğuran hallar təsdiqini tapmış, ekspertiza qarşısında qoyulmuş suallarda göstərilmiş imzaların eyni şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə tam razılaşır və hesab edir ki, rəydə göstərilmiş imzalar arasında olan eynilik açıq-aydın görünür və inkarolunmazdır. Bundan əlavə, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı müvafiq imzalar ümumi (vərdiş, sürət, ölçü, koordinasiya, meyil və s.) və xüsusi (quruluşuna görə, hərəkətin birləşmə formasına görə, hərəkətin forma və istiqamətinə görə, hərəkətin başlanğıc və bitmə nöqtələrinin yerinə görə) əlamətlərinə görə tədqiq edilərək müqayisə edilmiş, imzalar arasında olan aşkar eynilik aparılmış ekspertiza araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də imzaların eyniliyi ilə bağlı heç bir izahının olmadığını bildirmiş, bunun səbəbini izah edə bilməmişdir. Belə olan halda məhkəmə müvafiq rəylə tam razılaşaraq rəydə göstərilmiş imzaların eyni şəxs tərəfindən icra olunması nəticəsinə gəlir. Aydındır ki, belə bir vəziyyətdə bu aktların həqiqiliyindən və iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçı “X15” MMCyə hər hansı maddi ziyan vurulduğunu sübut etmək iddiaçının vəzifəsidir. Hazırkı işdə isə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar şübhəli sübutlardır və mötəbər sübut hesab edilə bilməz. Müvafiq şübhəli aktların cavabdehin maddi məsuliyyətini sübut etmək üçün təqdim edilən yeganə sübut olduğunu, iddiaçı tərəfindən bu aktlardan başqa cavabdehin ona maddi ziyan vurduğunu təsdiq edəcək başqa heç bir sübut təqdim edilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir və iddia tələbində bu rüsumun əvəzinin də cavabdehdən tutulması tələb edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 133 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir, iddia təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 133 (yüz otuz üç) manat məbləğində pul iddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-150/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-150/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver