Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-150/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "Expressbank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 və Cavabdeh2 17871.05 manat məbləğində əsas borc və 3804.28 manat faiz borcu olmaqla, ümumilikdə 21675.33 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 06.03.2020 il tarixli 106804- 524868/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 06 mart 2020 il tarixli, 106804-524868/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 06.03.2020 il tarixli, 106804-524868/4 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 11.06.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17871.05 manat məbləğində əsas borcu və 3804.28 manat faiz borcu olmaqla, ümumilikdə 21675.33 manat məbləğində kredit borcu yaranmışdır. istehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi E.Səmədov iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatında göstərdi ki, o, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyi ilə razıdır, heç bir etirazı yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 06.03.2020-ci il tarixli 106804-524868/4 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit xətti açılmışdır. 06.03.2020-ci il tarixli 106804-524868/4 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İddiaçı ASC ŞCavabdeh1 və Cavabdeh2 ünvanladığı bildirişdən görünür ki, cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. 11.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank ilə bağlanmış 06 mart 2020 il tarixli 106804-524868/4 nömrəli Kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsilə, 36 ay müddətinə 20000 (İyirmi min (.00)) manat məbləğində kredit götürmüşdür. Belə ki, 11 iyun 2021 il tarixə Borcalanın Banka 17871.05 manat əsas borc və 3804.28 manat faiz borcu olmaqla, cəmi 21675.33 (İyirmi bir min altı yüz yetmiş beş (.33)) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 277 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6925 saylı 21.12.2021-ci li tarixli rəyindən müəyyən olunur ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi, və s.) 06 mart 2020 il tarixli 106804-524868/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 11.06.2021-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 17936,30 manat; faiz borcu üzrə 2624,97 manat. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı Cavabdeh1 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verməyi, cavabdeh isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçının iddia tələbi “Cavabdeh1 və Cavabdeh2 17871.05 manat məbləğində əsas borc və 3804.28 manat faiz borcu olmaqla, ümumilikdə 21675.33 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi”dir. Məhkəmə ekspertiza rəyini mötəbər sübut hesab etməklə müəyyən edir ki, Cavabdeh1 06.03.2020-ci il tarixli 106804-524868/4 nömrəli kredit müqaviləsi üzrə 11.06.2021-ci il tarixə əsas borcu 17936,30 manat, faiz borcu üzrə 2624,97 manatdır. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə borc məbləğinin hər iki cavabdehdən müştərək qaydada tutulması tələbində də haqlıdır. Belə ki, Cavabdeh2 ilə iddiaçı bank arasında 29.01.2020-ci il tarixində 06.03.2020ci il tarixli 106804-524868/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 digər Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsi hazırda qüvvədə olduğundan həmin cavabdeh iddiaçı qarşısında digər Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalıdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.03.2020-ci il tarixli 106804- 524868/4 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 17871,05 manat (iddia tələbinə uyğun olaraq), faiz borcuna görə 2624,97 manat olmaqla cəmi 20496,02 (iyirmi min dörd yüz doxsan altı manat iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.03.2020-ci il tarixli 106804-524868/4 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 17871,05 manat (iddia tələbinə uyğun olaraq), faiz borcuna görə 2624,97 manat olmaqla cəmi 20496,02 (iyirmi min dörd yüz doxsan altı manat iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-150/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-150/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver