Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-151/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Nurullayeva (Musayeva) Mətanət Rauf qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Nurullayeva (Musayeva) Mətanət Rauf qızına qarşı "mülkiyyət hüququnun müdafiəsi və mənzildən istifalə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Nurullayeva (Musayeva) Mətanət Rauf qızına qarşı "mülkiyyət hüququnun müdafiəsi və mənzildən istifalə hüququna xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ümumilikdə 4500 AZN məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və X2, mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilində olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil «iddia predmetinin dəqiqləşdirilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ümumilikdə 9000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və X2, mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilində olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 25.84 kv.m-dan ibarətdir. Cavabdehlər iddiaçıya məxsus həmin mənzildə yaşadıqları üçün mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbi ilə Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Suraxanı rayon məhkəməsinin 2(010)-1499/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X2, iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindən istifadə hüququ tanınmışdır. Hazırda yoldaşı və qızı ilə birlikdə həmin mənzilə köçməsinə zərurət yaranmışdır. Qızının 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Belə olan halda ümumi sahəsi 25.84 kv.m-dan ibarət olan ona məxsus həmin mənzildə cavabdehlərlə birlikdə yaşaması mümkün deyildir. Cavabdehlər ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində qeydiyyatda olublar və həmin fərdi yaşayış evi Cavabdeh1 məxsusdur, sözügedən mənzil cavabdehlər tərəfindən kirayəyə verilmişdir. AB Consulting MMC tərəfindən verilmiş mənzilin dəyərinin müəyyən etmək üçün qiymətləndirmə hesabatından görünür ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinin orta bazar dəyəri 42000 manat, bir aylıq kirayə haqqı isə 100-150 manat təşkil edir. Hesab edir ki, iddiaçı tərəfindən 4500 AZN məbləğində kompensasiya ödənilməklə cavabdehlərin, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindəki istifadə hüququna xitam verilməli, cavabdehlər həmin mənzildən çıxardılmalı və iddiaçıya məxsus həmin mənzil cavabdehlərin hesabına boşaldılmalıdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Tərəflərin izahatları İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun baldızıdır. Mübahisəli evə 1984-cü ildə gəlin köçərək gəlmişdir, birgə nikahdan bir qızı var. O, mübahisəli evdə pasport qeydiyyatındadır və yaşayır, həmin evə istifadə hüququ məhkəmə qaydasında tanınmışdır. O, təklif edilən kompensasiya məbləği ilə razı deyil. İddiaçı ayrıca olaraq ona 9000 (doqquz min) manat verərsə, o, iddiaçı ilə razılaşar. Cavabdeh Nurullayeva (Musayeva) Mətanət Rauf qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun bibisidir. O, anası ilə birlikdə mübahisəli mənzildə yaşayır. Bir uşağı var, ikinci övladına hamilədir, həyat yoldaşından faktiki olaraq ayrılmışdır. Onun mübahisəli mənzilə dair istifadə hüququ məhkəmə tərəfindən tanınmışdır. İddiaçı ayrıca olaraq ona 9000 (doqquz min) manat verərsə, o, iddiaçı ilə razılaşar. İş materiallarına əlavə edilmiş: ÖM seriyalı 249758 saylı xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4 saylı evin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-1499/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma, mənzilin oşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk iddia təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddiaçılar Cavabdeh1 və X2 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” qarşılıqlı iddia tələbinə dair iddia təmin edilmiş, qarşılıqlı iddiaçılar Cavabdeh1 və X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları tanınmış, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçılar Cavabdeh1 və X3 ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 12 nömrəli mənzilin vizual orta bazar dəyərini və bir aylıq kirayə haqqını müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Həmin əmlakın xx.xx.2021-ci li tarixinə olan vizual orta bazar dəyəri 42000 (qırx iki min) manat və bir aylıq kirayə haqqı 100-150 manat aralığında dəyişir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 60000,0 manat (51x1200) məbləğində müəyyən olunur. Mənzillərin kirayə haqqının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 1499/2021 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və X2 iddiaçıya məxsus mənzilə istifadə hüquqları tanınmışdır. Hazırda iddiaçı cavabdehlərə ümumilikdə 9000 manat məbləğində kompensasiya ödənilməklə ona məxsus mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdehlər təklif edilən kompensasiya məbləği ilə razılaşmırlar və 20000 manat kompensasiya verilərsə iddianı qəbul edəcəklərini bildirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Göstərilənlərə əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətçi kimi cavabdehlərin kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi Mülki Məcəllənin 228.2-ci maddəsinə görə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin Plenum qərarında qeyd olunmuşdurki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülkihüquq münasibətlərində bir neçə formada çıxış edir: • mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; • sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; • qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; • mənəvi zərərin ödənilməsi; • habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bundan əlavə R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi vəya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Mülki Məcəllənin qeyd olunan normlarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Yuxarıda göstərilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 9000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Məhkəmə qeyd etməyi hesab edir ki, kompensasiya məbləği müəyyən edilərkən cavabdehlərin 3 il ərzində kirayə mənzildə yaşaya bilmələri nəzərə alınmış, kirayə mənzillərin qiyməti isə cavabdehlərin məhkəmə iclaslarında qeyd etdikləri məbləğdə, yəni 250 manatdan hesablanmışdır. Belə ki, hər ay 250 manatdan 3 illik kirayə haqqını hesabladıqda 9000 manat (3x12x250=9000) edir ki, məhkəmə həmin məbləğin qanuni və ədalətli olması qənaətinə gəlir. Əlavə olaraq məhkəmə cavabdehlərin ev almaq üçün 20000 manat məbləğində kompensasiya ödənilməklə iddia tələbini qəbul etmələri barədə dəlillərinə qiymət verərək qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından aydın göründüyü kimi hazırkı iddia tələbinə dair işlərə baxarkən cavabdehlərin başqa mənzil almaları üçün kompensasiya verilməsi deyil, müəyyən müddət üçün eyni şəraitdə mənzildə yaşamaları üçün lazım olan pulun verilməsi nəzərə alınır. Məhkəmə həmçinin cavabdehlərin məhkəmə təqdim etdiyi internet saytlarından çıxarışlarla bağlı qeyd etməyi hesab edir ki, qeyd edilən saytlardan çıxarışlarda müvafiq mənzillər üzrə kirayə qiymətləri nəzərdə tutulsa da, cavabdehlər hazırda yaşadıqları mənzilin yerləşdiyi ərazidə və ölçüdə olmayan mənzillərin kirayə haqlarını məhkəməyə təqdim etmişlər. Cavabdehlər məhkəmə iclaslarında hazırda yaşadıqları ərazidə qonşularının evlərini 200-250 manata kirayə verdiklərini bildirmişlər. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi təmin edilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası mərkəzinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən ümumilikdə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və X2 iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və X4 iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzildən çıxarılsınlar və Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzil cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası mərkəzinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-151/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-151/2022
10.06.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver