Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1518/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin (Texnoplus mağazası) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC (Texnoplus mağazası) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1088 manat əsas borcun, 857 manat cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsum ilə birlkdə ümumilikdə 1975 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, STN03-3829 nömrəli alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazaiar şəbəkəsindən 1862 (min səkkiz yüz altmış iki) manat dəyərində “kombi x x” almışdır. Cavabdeh eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 230 manat həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 1862 manat ümumi məbləğdən 230 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 1632 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə, hər aya 136 manat ödəniş təşkil edir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu 02.11.2019-cu ilə 136 manat, 02.01.2020-ci ilə 136 manat, 13.02.2020-ci ilə 272 manat, ödənilmiş məbləğ 544 manat, qalıq məbləğ isə (əsas borc) 1088 manat təşkil edir, digər aylarla bağlı indiyə qədər heç bir ödəniş etməmişdir. Cavabdeh ümumilikdə 544 azn ödəniş etmişdir. Hazırda 1088 manat qalıq borc, 01.09.2020-ci il tarixinə qədər olan gecikdirmə üzrə dəbbə pulu isə 857 manat etmişdir. Ümumilikdə cavabdeh tərəfindən qalıq borc və dəbbə pulu və məhkəmə üçün 30 manat dövlət rüsumu ilə birlikdə 1975 manat ödənilməlidir. Daha əvvəllər cavabdehə bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Cavabdeh ödənişlə əlaqədar 14.01.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 10 günlük müddət təyin edilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 01.10.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh müqaviləyə əsasən 12 ay müddətinə ilkin ödəniş 230 manat olmaqla, qiyməti 1862,00 manata Kombi x x satmış, Cavabdeh isə onu qəbul edib, avadanlığın qiymətini İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, cavabdehin 1632 manat məbləğində qalıq borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Təhvil-Təslim AKTİ-dan görünür ki, Cavabdeh Kombi x x İddiaçı MMC (Texnoplus) mağazasından təhvil almışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, 01.10.2019-cu il tarixli STN03-3829 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1088,00 manat əsas borc, 857 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 01.10.2019-cu il tarixli STN03-3829 saylı alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı almış və nəticədə 1088,00 manat əsas borc, 857 manat cərimə borcu yaranmışdır. İddiaçı MMC həmin əşyanı alıcıya təhvil vermiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə 1088 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı MMC-nin iddiasının gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, 857 manat yüksək dəbbə pulu azaldılmalı 50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 01.10.2019-cu il tarixli STN03-3829 saylı alqı-satqı müqaviləsi üzrə 1088 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 1138 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 01.10.2019-cu il tarixli STN03-3829 saylı alqı-satqı müqaviləsi üzrə 1088 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 1138 (bir min yüz otuz səkkiz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1518/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1518/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver