Məhkəmə qərarları › İş №2(010)-1524/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1524/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1524/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ BAKİ şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh hal-hazırda alinan alimentin miqdarının dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 400 manat aliment və mediasiya sesiyası üçün ödənilmiş 60 manat xidmət haqqının alınaraq iddiaçıya ödənməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Ailə münasibətləri pisləşdiyi üçün aralarında olan nikah ləğv edilmiş və yetkinlik yaşına çatana kimi övladının saxlanılması üçün Cavabdeh 117 (yüz on yeddi) manat aliment tutularaq iddiaçıya ödənilməsi barədə Suraxanı Rayon Məhkəməsinin 06 may 2016-ci il tarixli 2(010)-3168/2016 saylı qətnaməsi çıxarılmışdır. Artıq uzun ildir ki, iddiaçı və övladı cavabdehlə birgə yaşamır. Uşaqların indiki çətin bir zamanda saxlanılmasının nə qədər çətin olduğunu subut etməyə ehtiyac belə yoxdur. Cavabdehin kifayət qədər gəliri var. Halhazırda iddiaçı çox az aliment alır. Cavabdeh övladının digər xərclərində iştirak etmir. Cavabdehlə aralarında olan mübahisənin həlli üçün iddiaçı mediatora müraciət etdikdən sonra mediasiya prosesi təyin olunmuş, lakin cavabdehlə mediasiya sesiyasında razılaşmaq mümkün olmamışdır. İddiaçının izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, özü ailəlidir və həmin nikahdan iki övladı vardır. Özü hər ay 180 manat kredit ödəyir. Özü satış üzrə nümayəndə işləyir və aylıq əmək haqqı 407.0 manat təşkil edir. Oğlunun saxlanılması üçün alimentin ödənilməsi üçün atası ona maddi cəhətlən köməklik edir. O, maddi imkansızlıqdan işdən sonra taksi fəaliyyəti ilə məşğul olur. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-3168/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-2060/2015 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı və qaydası dəyişdirilmiş, Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş oğlu X1 üçün xx.xx.2016-cı il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək İddiaçı xeyrinə hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatının "mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/18-2024/0020 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi üzrə xx.xx.2024-cü il tarixində 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il tarixdə İlkin adlı övladı doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)- 3168/2016 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İlkinin saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək İddiaçı xeyrinə hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı övladı İlkinin saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 400 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Cavabdeh maddi imkansızlıqdan iddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilməyəcəyini bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il tarixdə İlkin adlı övladı doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)- 3168/2016 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İlkinin saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək İddiaçı xeyrinə hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı övladı İlkinin saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 400 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Cavabdeh maddi imkansızlıqdan iddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilməyəcəyini bildirir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-3168/2016 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-3168/2016 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (118 (235-117) x 12= 1416 manat) mütənasib olan 34,16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, həmçinin mediasiya proseduru üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-3168/2016 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1524/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməmiş 34,16 (otuz dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, mediasiya proseduru üçün ödənilmiş 60 altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar