Məhkəmə qərarları › İş №2(010)-1528/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1528/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1528/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli № 970/15 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7.092,66 manat, faiz borc üzrə 1.713,93 manat olmaqla, cəmi 8.806,59 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 108,07 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında SFK-54 saylı, xx.xx.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isəİddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh1 dair sənədlər təhvil-təslim aktına əsasən “Aqrarkredif’ QSC -yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə, 970/15 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24% tətbiq edilməklə, 24 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq X3 ilə Bank arasında xx.xx.2015-ci il tarixdə, № 970/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviəsinin 2.2-ci bəndinə əsasən Bank evin təmiri üçün 10.000 (on min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Kredit vəsaitinin istifadə müddəti kreditin istifadə tarixindən 24 ay keçdikdən sonra bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 24% faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 7.092,66 (yeddi min doxsan iki manat, 66 qəpik) manat, faiz borcu üzrə 1.713,93 ( bir min yeddi yüz on üç manat, 93 qəpik) manat olmaqla, cəmi 8.806,59 (səkkiz min səkkiz yüz altı manat, 59 qəpik) manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixində “Fiziki şəxslərin “Aqrarkredif’ QSC-də olan vaxtı keçmiş əsas kredit borclarının restruktruzisiyası ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh restruktruzisiya müqaviləsi bağlamaqdan imtina etmişdir. “X7 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə Cavabdeh1 “əsas və faiz borcunun qaytarılmasına dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 7.092,66 manat əsas borc, 1.713,93 manat faiz borcu, cəmi 8.806,59 (səkkiz min səkkiz yüz altı manat, 59 qəpik) manat borcun tutularaq "xxxx" QSCyə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2789/2019 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edirik ki, İddiaçı QSC tərəfindən cavabdehlərə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə poçt vasitəsi ilə təqdim olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazından görünür ki, İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas 7092,66 manat, faiz 1713,93 manat, cəmi 8806,59 manat kredit borcu, ödənilmiş 108,07 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, bu iş iddia müddəti tətbiq edilməli və iddia ərizəsindən imtina edilməsi barədə qərardad (qərar) qəbul edilməlidir. xx.xx.2015-ci il tarixindən 9 il müddət keçmişdir. 18 fevral 2019-cu il tarixindən Apellyasiya məhkəməsinin qərardadından isə 4 ildən çox bir müddət ötmüşdür. Müddət ötürülməklə iddia verilmişdir. Odur ki, hazırki iş üzrə iddia müdəti keçdiyindən iddia ərizəsinə baxılmasından imtina edilməsi barədə qərardad (qərar) qəbul edilməsini xahiş etmişdir. İş materialları xx.xx.2016-ci il tarixdə, 970/15 saylı kredit müqaviləsindən görünür ki, "Azərbaycan Beynəlxalq Bank” ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcluya illik 24% tətbiq edilməklə, 24 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 970/15 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2789/2019 saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0100-3008/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı «X7 edilməsi Agentliyi» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas və faiz borcunun tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə olan borcu 8806.59 manatdır. “X7 Edilməsi Agentliyi” MMC-nin xx.xx.2023-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2 hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1 Ümumi iddia müddəti on il təşkil edir. 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3 Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4 zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçı ilə arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı məhkəmədə aralarında bağlanmış kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırmağa müvafiq subyektiv hüququ olmuşdur. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarı). Məhkəmə müəyyən edir ki, “X7 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə Cavabdeh1 “əsas və faiz borcunun qaytarılmasına dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 7.092,66 manat əsas borc, 1.713,93 manat faiz borcu, cəmi 8.806 manat borcun tutularaq İddiaçı QSC-yə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2789/2019 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi (MPM-in 259.0.3-cü maddəsinə əsaslanmaqla) və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən nəzərə alınmalıdır ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklə bağlı yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəyə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında konkret olaraq qeyd edilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir”. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçı iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etirazının əsası olaraq qeyd edir ki, “Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Cavabdeh1 xx.xx.2019-cu il tarixində “Fiziki şəxslərin “Aqrarkredif’ QSC-də olan vaxtı keçmiş əsas kredit borclarının restruktruzasiyası ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh restruktruzisiya müqaviləsi bağlamaqdan imtina etmişdir. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edirik ki, İddiaçı QSC tərəfindən cavabdehlərə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.” Göründüyü kimi, iddiaçı tərəf mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddətin iddia müddətinə daxil edilməli olmamasında israrlı olsa da, məhkəmə hesab edir ki, iddiaçı kredit borclarının restruktruzasiyası üçün 2019-cu ildə cavabdehə müraciət etdikdən sonra hansı zəruri prosedurların həyata keçirildiyini və həmin prosedurlar üçün hansı ağlabatan müddətə zərurət olduğunu əsaslandıra bilməmişdir. Bundan başqa, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiasına gəldikdə də, məhkəmə hesab edir ki, həmin şəxsə münasibətdə də iddia təmin edilməməlidir. Cavabdeh iddia müddətini tətbiq etməklə tələbin rədd edilməsini istəsə də, məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi 2015-ci il tarixində bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 2015-ci ildə bağlanmış kredit müqaviləsinin müddəti 2017-ci ilin yanvar ayına kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən cavabdehlərə qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət edir. Məhkəmənin gəldiyi nəticə Beləliklə məhkəmə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə xərcləri Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 108,07 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar