Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1541/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.006 (səkkiz min altı) manat borcun və 110 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh aralarında bağlanan 24 sentyabr 2021-ci il tarixli Borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh iddiaçıya 8.256 (səkkiz min iki yüz əlli altı) manat borcun olduğunu etiraf etmişdir. Həmin borcu hər ay 1000 manat ödəməklə 01 iyun 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandığı vaxtdan 5 ay keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və borcundan yalnız 250 manat ödəniş etmişdir. Hazırda cavabdehin 8.006 (səkkiz min altı) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil 13.04.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri qaydasında iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin borcundan 400 manat iddiaçının hesabına pul ödədiyi üçün Cavabdeh 7.606 (yeddi min altı yüz altı) manat borcun və 110 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında bağlanan 24 sentyabr 2021-ci il tarixli Borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh iddiaçıya 8.256 (səkkiz min iki yüz əlli altı) manat borcun olduğunu etiraf etmiş və həmin borcu hər ay 1000 manat ödəməklə 01 iyun 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandığı vaxtdan 5 ay keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və borcundan yalnız 750 manat ödəniş etmişdir. Hazırda cavabdehin 7.506 (yeddi min beş yüz altı) manat borcu qalmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onunla iddiaçı arasında borcun etirafı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən o hər ay 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, onlar arasında müqavilə bağlanan zaman dükan fəaliyyət göstərmiş və hər ay stabil gəlir əldə olunmuşdur. Hazırda isə həmin borcdan cəmi 750 manat onun tərəfindən ödənilmiş və yerdə qalan borcu isə hər ay 200 manat olmaqla hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsininin (vəkilinin) və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına olan İddiaçı ilə Cavabdeh arasında 24.09.2021-ci il tarixdə bağlanmış borcun etirafı haqqında müqavilədən görünür ki, 1-ci tərəf Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan İddiaçı 2-ci tərəf ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 8.256 (səkkiz min iki yüz əlli altı) manat borcu olduğunu etiraf etmişdir. “İkinci tərəf” “Birinci tərəfə” olan borcunu hər ay 1000 manat hissə-hissə ödəməklə 01.06.2022-ci ilədək borcunu tam ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 02.01.2022, 09.02.2022, 07.03.2022, 12.04.2022-ci il tarixli ödəniş qəbzlərinin ksero surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən 02.01.2022-ci il tarixdə 250 manat, 09.02.2022-ci il tarixdə 200 manat, 07.03.2022-ci il tarixdə 200 manat, 12.04.2022-ci il tarixdə 100 manat məbləğində pul İddiaçı (SƏMA 555 MMC) hesabına ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qanunun mənasına görə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borcun etirafına dair müqavilə bağlanmışdır və həmin müqavilənin tələblərinə əsasən cavabdeh hər ay 1000 manat ödəməklə 01 iyun 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan görünür ki, borclu müəyyən borcu etiraf edir və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam olaraq icra etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 02.01.2022-ci il tarixdə 250 manat, 09.02.2022-ci il tarixdə 200 manat, 07.03.2022-ci il tarixdə 200 manat, 12.04.2022-ci il tarixdə 100 manat məbləğində pul İddiaçı (SƏMA 555 MMC) hesabına ödənmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqısatqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə Mülki Məcəllənin 385-ci və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 7.506 (yeddi min beş yüz altı) manat borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. İş materiallarına əlavə olunmuş 15.02.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 110 (bir yüz on) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 7.506 (yeddi min beş yüz altı) manat borcun və 110 (yüz on) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1541/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1541/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver