Məhkəmə qərarları › İş №2(010)-1544/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1544/2022

08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1544/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, cavabdeh Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosu və həmin büronun vəkili Cavabdeh2 tərəfindən aralarında heç bir rəsmi sənəd olmadan aldanılaraq mənimsədikləri 3.500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 55 manat olmaqla, ümumilikdə 3.555 manat pulun iddiaçı olaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onların Gəncə Apellyasiya Məhkəməsində mülk məsələləri var idi və həmin işlə əlaqəli Ali Məhkəməyə kassasiya şikayəti verməli idilər. Bu zaman cavabdeh Şəfiqə xanımı televizordan görüb onun vəkili olmasını istəmişdir. Buna görə də Bakıya gəlmiş və Şəfiqə xanımla görüşmüşdür. Şəfiqə xanım bütün sənədlərə baxıb 3000 manat gətirib verdikləri halda işi həll edə biləcəyini bildirmişdir. Onlar bankdan 3000 manat kredit götürmüş və həmin məbləği iki dəfə 1500 manat olmaqla onun hesabına yükləmişlər. İlkin olaraq o, ərizə yazmış və ərizə yazdığı üçün əlavə olaraq 30 manat pul vermişdir. Hər dəfə də onun yanına gəlikdə 50-100 manat ödənişlər etmişdir. Onların arasında müqavilə imzalanmamış, yalnız şifahi danışıqlar aparmışlar və onun əsasında 3000 manat pul vermişlər. Məhkəmə günü Ali Məhkəmədəki işləri təmin edilmədikdən sonra cavabdeh bildirdi ki, onlara məcburi pay alıb verə bilər. Sonra həmin iş də alınmamışdır. Belə olan halda o, Şəfiqə xanıma pulunu geri qaytarmasını xahiş etmiş, lakin o, imtina etmişdir. Halbuki, cavabdeh əvvəlcədən işləri alınmadığı halda pulu qaytarmayacağını söyləsə idi, o, heç vəkil tutmazdı. Bundan əlavə, ekspert rəyi ilə tanış olmuş və rəy ilə razı deyildir. Belə ki, onun imzası ancaq orderdə ola bilər, çünki onunla müqavilə bağlamamış və o, müqaviləyə imza etməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Ali Məhkəməyə gedib-gəlmək üçün onlara vəkil lazım idi. Onlar da televizorda Şəfiqə xanımı görmüş və onun yanına getmişlər. Onun yanına gələn kimi vəkil 50 manat giriş pulu olduğunu bildirmişdir. Onun yanına altı-yeddi dəfə tək özü, dörd dəfə isə yoldaşı ilə getmiş, hər dəfəsində də 50-100 manat pul vermişlər. Şəfiqə xanım onlara xeyirlərinə qərarı çıxartdıracağını və xərcinin 3000 manat olduğunu bildirmişlər. Onlar da bankdan 3000 manat kredit götürərək vermişlər. Lakin Ali Məhkəmədə proses onların xeyirinə alınmadıqdan sonra o, 3000 manatdan öz zəhmət haqqını çıxıb qalan məbləğin geri qaytarılmasını istədikdə, Şəfiqə xanım mirasdan məcburi pay alacağını bildirmişdir. Lakin həmin iş də alınmamışdır. Bundan sonra isə o, pulu geri istədikdə, cavabdeh pulu verməkdən imtina etmişdir. Onlar arasında olan bütün münasibətlər şifahi olmuş, heç bir müqavilə bağlanmamışdır. Həmçinin, onlar tərəfindən müqaviləyə də imza edilməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 01 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, işin alınıb-alınmayacağı barədə əvvəlcədən söz vermir, ümumiyyətlə heç bir vəkil bununla bağlı söz vermir. Həmçinin, o, vətəndaşı müqavilə bağlamağa məcbur etməmişdir, onlar özləri müqavilə bağlamaq üçün onun yanına gəlmişlər. O, 1500 manat sənədlərin hazırlanması üçün, 1500 manat isə onları işdə təmsil etməyi üçün Beynəlxalq banka ödəniş edilməsini bildirmişdir. O, vətəndaşlara vəkil bürosuna gedib müqavilə bağlamalarını bildirmiş, onlar da vəkil bürosunda Maya xanımın yanına gedib müqavilə bağlamışlar. Müqavilə əsasında da ona order verilmişdir. Bundan sonra o, kassasiya şikayətini yazıb Ali Məhkəməyə müraciət etmişdir. O, heç vaxt heç kimə deməmişdir ki, iş mütləq xeyrinizə olacaq. Çünki sonuncu qərarı həmişə hakim verir və o da vəkil olaraq yalnız vətəndaşın hüquqlarını müdafiə edir. Məhkəmə iclas zalından çıxdıqdan sonra iddiaçı ona pulunu geri qaytarmağını bildirmiş, o isə vəkil olduğunu və müəyyən bir haqq qarşılığında xidmət göstərib onu təmsil etdiyini bildirmişdir. O, büroda üzvdür və özbaşına deyildir ki, xidmət haqqını iddiaçının özünə geri qaytarsın. Bundan əlavə, iddiaçı ərizəsində 500 manat verdiklərini yalandan yazıblar. O, müqavilədənkənar heç bir pul qəbul etmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, müqavilə Mülki Məcəlləyə əsasən azad formada bağlanılır. Şəfiqə xanım yaxşı vəkillərdəndir, indiyə kimi nə qədər müqavilə bağlayıbsa əlavə heç bir pul almayıb. O, hər bir ödənişində kart hesabına köçürülmə ilə alıb və həmin ödənişdən də vergilər, Dövlət Sosial Müdafiə Fonduna tutulacaq məbləğlər, büronun saxlanma xərcləri, üzvlük haqqı hamısı tutulub. Həmçinin, onlar izahatlarında müqavilə bağlamadıqlarını qeyd ediblər. Halbuki, müqavilə bağlanılıb, özləri də orada olub və müqaviləni imzalayıblar. Ekspert rəyində qeyd edilib ki, vəkil bürosunun, Cavabdeh2 və İddiaçı adları qarşısındakı imzalar onların özlərinə məxsusdur. Müqavilə 2 nüsxədə bağlanılır və 1 nüsxəsi vətəndaşa təqdim edilir. Bir nüsxə isə büronun özündə qalır və onun əsasında order verilir. Müqavilənin 2.1-ci bəndində yazılıb ki, hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən aslı deyil. Bu isə o deməkdir ki, vəkil mülki işin tərəfin xeyrinə həll olunub-olunmaması təqdirdə aldığı pulu geri qaytacağını nəzərdə tutmayıb. Onu heç bir vəkil edə bilməz. Düzdür, kassasiya şikayəti verilən vaxt sübutlar toplanılmır. Ancaq tərəflər arasında belə razılıq olduğu üçün müqavilə bağlanılıb. Lakin onun praktikasında olub ki, dəfələrlə sübutlar toplamış, sorğu vermiş və həmin sübutları Ali məhkəməyə təqdim etmişdir. Ali məhkəmə həmin sübutlara baxmayıb, ancaq yekun olaraq qətnamə ləğv olunub. Bu səbəbdən Şəfiqə xanım da belə sorğular verib sübutlar toplaya bilər. Onunla birlikdə işlədiyi dövr ərzində Şəfiqə xanım bütün işlərində müqavilə bağlayanda müqavilədən kənar heç bir ödəniş almamışdır. Həmişə vətəndaş özü banka getmiş, orada ödəniş etdikdən sonra qəbzləri mühasibatlığa təqdim etmiş, sonradan müqavilələr-prosedurlar həyata keçirilmiş, sənədlər imzalanmışdır. Sənədlərin toplanması ilə əlaqəli araşdırma nəticəsində məlum oldu ki, bu vəkilin özünün dosyesidir. Dosye ona aid olduğu üçün onlarda olur. Məhkəmə iclasında verilən izahatlarla, ekspert rəyi ilə görünür ki iddiaçı tərəf iddialarını heç bir halda sübut edə bilmir. “Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa əsasən vətəndaşla vəkil arasında müzakirə olunan məsələlərin digər vəkillərə belə aidiyyəti yoxdur. O, büro rəhbəri olaraq onlar arasında olan ilkin danışıqlarla belə sonda müqaviləyə imza etdikdə xəbərdar olur. O, vəkillərin fəaliyyətləri ilə maraqlana bilməz, aralarında olan danışıq vəkil ilə müvəkkili arasında olur. Qanunda nəzərdə tutulur ki, onlar ayrılıqda danışmalı, məsələni müzakirə etməlidirlər. Bunu vəkil sirri kimi də başa düşmək olar. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli BPM**********55 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 hesabına vəkil xidməti üçün 1500 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli BPM**********09 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 hesabına vəkil xidməti üçün 1500 manat pul ödənilmişdir. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun rəhbəri Nümayəndə2 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ******* №-li orderin təsdiq edilmiş surətindən görünür ki, vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bütün dövlət orqanlarında sənədlərin toplanması və sorğuların verilməsi barədə hüquqi yardım göstərilməsi üçün 686 saylı müqavilə bağlanmışdır. Hüquqi yardım göstərilməsi haqqında 686 saylı müqavilənin 1.1-ci bəndinə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən vəkilə həvalə edilmiş tapşırığın mahiyyəti sənədlərin toplanması və sorğuların verilməsidir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1490 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yadıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Müqavilənin sonunda işin nəticəsi qrafasında qeyd olunmuşdur: “Kassasiya şikayəti yazdım və məhkəməyə təqdim etdim.” Bakı şəhəri 9 saylı Vəkil Bürosunun rəhbəri Nümayəndə2 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ******* №-li orderin təsdiq edilmiş surətindən görünür ki, vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərilməsi üçün 687 saylı müqavilə bağlanmışdır. Hüquqi yardım göstərilməsi haqqında 687 saylı müqavilənin 1.1-ci bəndinə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən vəkilə həvalə edilmiş tapşırığın mahiyyəti mülki işdir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1490 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yadıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Müqavilənin sonunda işin nəticəsi qrafasında qeyd olunmuşdur: “Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti yazdım.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 4/772 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş İddiaçı və Cavabdeh2, Nümayəndə2 adlarından olan 05 iyul 2021-ci il tarixli 686 və 687 saylı Hüquqi yardım göstərilməsi barədə müqavilələrdə “Müraciət edən” qrafalarındakı imzalar və “Чəфəрова” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ bəndinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Eyni Məcəllənin 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər (779.2.1); vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri (779.2.2). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinin İİ bəndinə görə vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Eyni Qanunun 5-ci maddəsinin İİİ bəndinə görə vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinin İ bəndinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil:qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında hüquqi yardım göstərilməsi haqqında 686 və 687 saylı müqavilələr bağlanmış və mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 hesabına vəkil xidməti üçün müvafiq olaraq ayrı-ayrılıqda 1500 və 1500 manat olmaqla ümumilikdə 3000 manat pul ödənilmişdir. Məhkəmə prosesində iddiaçı müqavilələrdən xəbəri olmadığını və müqavilələrə imza etmədiyini bildirərək, əminliklə müqavilədəki imzanın və əl yazısı ilə yazılmış soyadın onun tərəfindən icra olunmadığını qeyd etsə də, ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı və Cavabdeh2, Nümayəndə2 adlarından olan 05 iyul 2021-ci il tarixli 686 və 687 saylı Hüquqi yardım göstərilməsi barədə müqavilələrdə “Müraciət edən” qrafalarındakı imzalar və “Чəфəрова” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur. Hazırki iddia üzrə iddiaçı aldadıldığını əsas gətirərək tərəfindən ödənilmiş 3500 manat pulun ona geri ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış hüquqi yardım göstərilməsi haqqında 687 saylı müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən vəkilə həvalə edilmiş tapşırığın mahiyyəti mülki iş olmuşdur. Həmin müqavilə əsasında hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1490 manat müəyyən olunmuşdur. İş materiallarından görünür ki, hüquqi yardım göstərilən şəxs İddiaçı tərəfindən 1500 manat məbləğində pul vəkil bürosu vasitəsilə vəkil Cavabdeh2 hesabına ödənilmiş, vəkil isə öz növbəsində üzərinə düşən tapşırığı yerinə yetirərək kassasiya şikayəti yazaraq və s. yollarla Ali Məhkəmədə iddiaçının hüquqlarını müdafiə etmiş, lakin Ali Məhkəmə tərəfindən çıxarılan qərar hüquqi yardım göstərilən şəxsin ziyanına olmuşdur. Məhkəmə qərarı əleyhinə olmuş iddiaçının ödənilən pulu geri almaq barədə tələbi bu hissədə əsassızdır. Çünki, əvvəla vəkil müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. Müqavilədən də göründüyü kimi, həmin müqavilə tapşırıq verən şəxsin hüquqlarının məhkəmədə qorunması ilə bağlıdır və işin nəticəsinə dair hər hansı bir zəmanət verilmir, hüquqi yadıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Həmçinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, göstərilən hüquqi yardıma görə müqavilənin bağlanma qaydası müəyyən olunub. Vəkil və ona müraciət edən şəxs arasında hüquqi yardımla bağlı məsələlər müqavilə ilə tənzimlənir. Burada işin nəticəsindən asılı olmayaraq, ödənilən vəsaitin vəkildən geri alınması nəzərdə tutulmur. Eyni zamanda “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə qeyd olunur ki, vəkil işin nəticəsi barədə vəd verə bilməz. O, sadəcə işin perspektivi, gələcək ehtimallar barədə məlumat verə bilər. Vəkilin işin nəticəsi barədə vəd verməsi intizam pozuntusu kimi qiymətləndirilir. Vəkilin vəzifəsi keyfiyyətli hüquqi yardım göstərməkdir. Əgər vəkil qanunla üzərinə düşən vəzifələri yerinə yetirib və lazımi hüquqi yardımı göstəribsə, həmin vəsait ondan geri tələb edilə bilməz. Yəni vəkilə işin nəticəsinə görə yox, göstərdiyi hüquqi xidmətə görə pul ödənilir. Vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış hüquqi yardım göstərilməsi haqqında 686 saylı müqavilədən isə görünür ki, vəkilə həvalə edilmiş tapşırığın mahiyyəti bütün dövlət orqanlarında sənədlərin toplanması və sorğuların verilməsi olmuşdur. Halbuki, məhkəmə tərəfindən dəfələrlə həmin sübutların nədən ibarət olması və verilmiş sorğularla bağlı məhkəməyə sübut təqdim edilməsi təklif olunsa da, cavabdeh tərəfindən hərəkətsizlik edilərək heç bir sübut təqdim edilməmişdir. Halbuki, vəkil, müqaviləyə əsasən hər hansı təşkilat və ya şəxsə vəkil sorğusu təqdim etməli, iddiaçını bu tapşırıqla bağlı üçüncü şəxs(lər) qarşısında təmsil etməli və bir sözlə ona hüquqi yardım göstərməli idi. Qeyd olunanların həyata keçirilməməsi tapşırıq alanın öz müqavilə öhdəliklərini həyata keçirməməsi, iddiaçının hüquqlarının pozulması deməkdir və bu halda sonuncu ödənilən vəsaiti geri tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ödənilmiş pul Bakı şəhəri 9 saylı Vəkil Bürosuna, qanunla müəyyən olunmuş tutmalar həyata keçirildikdən sonra isə vəkil bürosunun vasitəsilə tapşırığın icrası həvalə olunmuş vəkil Cavabdeh2 hesabına köçürülmüşdür. Lakin, hər iki cavabdeh üzərlərinə düşən öhdəliyi icra etmədikləri üçün müqavilə üzrə ödənişin hansısa hissəsinin vergi və digər dövlət məcburi tutmalarına sərf olunmasına istinad edərək, həmin vəsaitin tam həcmdə geri qaytarılmasından imtina edə bilməzlər. Eyni zamanda, istinad edilən müqavilə formasına görə hüquqi yardım göstərilməsi barədə üçtərəfli müqavilə olsa da, burada iddiaçıya hüquqi yardımı göstərmək vəzifəsini, yəni müqavilənin əsas predmeti üzrə müəyyən hərəkətləri etmək vəzifəsini məhz vəkil öhdəsinə götürüb. Cavabdehlər 686 saylı müqavilə üzrə ödənilmiş vəsaitdən hansı məbləğdə vergi və s. tutmaların olmasını, sonda vəkil Cavabdeh2 hansı məbləğdə pul ödənilməsi barədə müvafiq yazılı və şifahi izahat verməyiblər. Vəkil qurumu qeyrikommersiya hüquqi şəxsi olduğundan, bu xidmətin göstərilməsi ilə bağlı əldə edilən vəsaiti gəlir kimi əldə edə bilməz. Vəkil xidmətinin göstərilməsi ilə bağlı müqavilə üzrə vəkil qurumunun əsas funksiyası əldə edilən vəsaitdən vergi və digər tutmaların, vəkilin Vəkillər Kollegiyasına üzvlük haqqının hesablanıb-tutulmasını və müvafiq benefisiarlara köçürülməsini təmin etməkdir. Bu funksiyanı vəkil qurumu ona üzv vəkilin mənafeyinə xidmət üçün həyata keçirir və buna görə də, vəkilin bilavasitə onun vəzifə və risk dairəsinə daxil olan hər hansı hərəkəti etməməsinə və ya başqa formada tapşırıq verənə ziyan vurmasına görə ödənilmiş vəsaitin geri qaytarılması halında, həmin vəsaitdən daha əvvəl hansısa xərcləri tutması və ödəməsinə görə heç bir məsuliyyət daşımır. Odur ki, məhkəmə hesab edir ki, 686 saylı müqavilə əsasında iddiaçı tərəfindən ödənilmiş vəsaitin hamısı vəkildən tutularaq ona geri qaytarılmalıdır. Bununla yanaşı, müqavilə ləğv olunduğu təqdirdə, vəkilə ödənilmiş qonorara münasibətdə həmin məbləğdən tutulmuş vergi və digər məcburi ödəmələrin geri qaytarılması üçün vəkil büro vasitəsilə müvafiq orqanlara müraciət etmək hüququna malikdir. Odur ki, 686 saylı müqaviləyə əsasən hüquqi yardıma görə qarşılıqlı razılıqla müəyyən edilmiş və iddiaçı tərəfindən ödənilmiş 1490 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlardan əlavə, iddiaçı hər dəfə vəkilin qəbuluna düşmək üçün 50 manat ödədiyini və ümumilikdə 10 giriş üçün 500 manat tərəfindən pul ödənildiyini də bildirmişdir. Tərəflər arasında bağlanmış müqavilədən və mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 3000 manat məbləğində pul ödənilmişdir. İddiaçının tələb etdiyi 3000 manat pul məbləği ilə bağlı hər iki müqavilə üzrə məsələyə məhkəmə tərəfindən yuxarıda münasibət bildirilmişdir. Lakin, iddiaçının iddia etdiyi əlavə 500 manat vəsait nə tərəflər arasındakı müqavilələrdə nəzərdə tutulmuş, nə də onun ödənilməsi ilə bağlı hər hansı ödəniş sənədi təqdim etməmişdir. İddiaçı müqavilədənkənar ödənişlər etdiyini bildirdiyi halda, müqavilədə göstəriləndən daha artıq vəsait ödədiyini sübut etməlidir. Halbuki, iddiaçı ödədiyini iddia etdiyi 500 manat ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Cavabdeh2 1490 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,57 manat məbləğində pul Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 31,43 manat hissəsi isə İddiaçı özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 110 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 1490 (bir min dörd yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,41 (iyirmi üç manat qırx bir qəpik) manat məbləğində pul Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 31,59 (otuz bir manat əlli doqquz qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar