Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1565/2022 24.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 5.000 (beş min) manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 27 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli İlkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi aparatının 11 nömrəli, 20 noyabr 1997-ci il traixli qərarından çıxarışa əsasən onun adına verilmiş Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 998 saylı 1200 kv.m. torpaq sahəsindən 300 kv.m. torpaq sahəsinin iddiaçıya 5000 (beş min) manata satılması barədə razılığa gələrək onun adına keçirilməsi üçün ondan 5000 (beş min) manat məbləğində pulu nağd şəkildə əvvəlcədən almışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən Cavabdeh1 torpaq sahəsinin alqı-satqı müqaviləsi üçün lazımı sənədlər toplandıqdan sonra Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 998 saylı 1200 kv.m. torpaq sahəsindən 300 kv.m. torpaq sahəsini onun adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günədək nə müqavilə üzrə öhdəliyini icra edərək sözügedən torpaq sahəsini onun adına rəsmiləşdirməmiş, nə də ki onun ödədiyi pulunu geri qaytarmamışdır. Bununla bağlı cavabdehlər Cavabdeh2 qeydiyyatda olduqları ünvana təklif göndərərək mübahisəli torpaq sahəsinin 1 ay müddətində onun adına rəsmiləşdirilməsini, həmin torpaq sahəsinin ona satılmasına dair arasında alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin həmin ünvanda yaşamadıqlarından təklif məktubu geri qaytarılmışdır. Tərəflərin izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 11 nömrəli xx.xx.1997-ci il tarixli qərarından çıxarışa əsasən onun adına verilmiş Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 998 saylı 1200 kv.m. torpaq sahəsindən 300 kv.m. torpaq sahəsinin İddiaçı 5000 manata satılması barədə razılığa gələrək onun adına keçirilməsi məqsədi ilə ondan əvvəlcədən 5000 manat məbləğində pul almış, satıcı torpaq sahəsinin alqı-satqısı müqaviləsi üçün lazımi sənədləri topladıqdan sonra Maştağa qəsəbəsində olan fərdi yaşayış evi tikintisi üçün 998 saylı 1220 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışdan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq Cavabdeh1 fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdehlərə ünvanlanan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 11 nömrəli xx.xx.1997-ci il tarixli qərarından çıxarışa əsasən Cavabdeh1 adına verilmiş Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 998 saylı 1200 kv.m. torpaq sahəsindən 300 kv.m. torpaq sahəsinin 1 ay müddətində iddiaçının adına rəsmiləşdirilməsini, həmin torpaq sahəsinin ona satılmasına dair aralarında alqı-satqı müqaviləsinin bağlanmasını tələb etmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh1 ilə İddiaçı arasında ilkin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 11 nömrəli xx.xx.1997-ci il tarixli qərarından çıxarışa əsasən onun adına verilmiş Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi 998 saylı 1200 kv.m. torpaq sahəsindən 300 kv.m. torpaq sahəsinin İddiaçı 5000 manata satılması barədə razılığa gələrək onun adına keçirilməsi məqsədi ilə ondan əvvəlcədən 5000 manat məbləğində pul almış, satıcı torpaq sahəsinin alqı-satqısı müqaviləsi üçün lazımi sənədləri topladıqdan sonra Maştağa qəsəbəsində olan fərdi yaşayış evi tikintisi üçün 998 saylı 1220 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Məhkəmə müəyyən edir ki, iddiaçı onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 5.000 (beş min) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi həyata keçirmiş, yəni 5000 manat pulu vermiş, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixində öhdəliyin bir ay müddətində icrası barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin sözügedən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün hər hansı bir hərəkət etməsi iş materialları ilə müəyyən edilmir. Qeyd edilənləri və qanunvericiliyin sadalanan normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş olan 5000 (beş min) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh2 münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə qeyd edir ki, şəxs öz mülki hüquqlarını həm şəxsən, həm də təmsilçi vasitəsilə həyata keçirə bilər. Məhkəmə müəyyən edir ki, Cavabdeh1 Bakı şəhəri 27 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində verdiyi 7E-7631 reyestr nömrəli etibarnamə ilə iddiaçı tərəflə arasında yaranmış olan münasibətdə mülki hüquqlarının həyata keçirilməsini Cavabdeh2 həvalə etmişdir. Məhkəmə vurğulayır ki, əqddə təmsilçilik dedikdə, bir şəxsin (təmsilçinin) almış olduğu səlahiyyət dairəsində başqa şəxsin (təmsil edilənin) marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi anlaşılır. Beləliklə, məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsini Cavabdeh2 imzalasa da, bu müqaviləni təmsil etdiyi digər Cavabdeh1 adından bağlamış və həmin müqavilə İddiaçı ilə Cavabdeh1 arasında hüquq və vəzifələr yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin Cavabdeh2 münasibətdə iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti də Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş olan 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1565/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1565/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver