Məhkəmə qərarları › İş №2(010)-1566/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1566/2022

18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1566/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən 29 iyun 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat alimentin miqdarının artırılaraq 193 manat müəyyən edilməsini, cavabdehdən 02 oktyabr 2018-ci ildən bu günə qədər ödənilməyən aliment miqdarının ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 31 mart 2018-ci il tarixdə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş X2 onun yanında qalmasınının müəyyən edilməsi, 29 iyun 2018-ci il tarixdə anadan olmuş X1 18 yaşına çatanadək saxlanılması üçün 160 miqdarında aliment tutulması qərara alınmışdır. O, valideynləri ilə birgə yaşayır, atası və anası təqaüdçüdür və hər ikisi minimum təqaüd alırlar. Hal-hazırda bütün xərclər onun üzərindədir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı idia tələbini müdafiə edərək azyaşlı övladını tək başına saxlamaqda çətinlik çəkdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası İddiaçı yannıda qalması müəyyən edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Nizmai qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırkı işə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyi baxımından qiymət verərək, məhkəmə hesab edir ki, azyaşlının saxlanılması üçün 2019cu ildə tutulması qət edilən aliment miqdarı qənaətbəxş deyildir. Məhkəmə nəzərə alır ki, azyaşlı iddiaçının himayəsində qaldığına görə ona qulluq edilməsi, təhsil, sağlamlıq, inkişaf və digər qayğılarının və xərclərinin çəkilməsi iddiaçının üzərinə düşdüyünə görə ədalət prinsipi baxımından cavabdehdən tutulan alimentin miqdarı da artırılaraq 193 manat müəyyən edilməlidir. Məhkəmə bu məbləği müəyyən edərkən, həmçinin onu da nəzərə alır ki, tərəflərin birgə nikahdan bir övladları var, eləcə də cavabdehin digər övladının olması barədə hər hansı məlumat yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, tutulması qət edilən aliment məbləği ilk növbədə azyaşlının hüquq və mənafelərinə uyğundur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin cavabdehdən 02 oktyabr 2018-ci ildən bu günə qədər ödənilməyən aliment miqdarının ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, tələb bu hissədə formal mülahizələrə əsaslandırılmış, tələbin bu hissəsinin əsaslı hesab edilə bilməsi üçün hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/19 nömrəli, 06 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar