Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1573/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-937/2020 saylı, 17.02.2020-ci il tarixli qətnaməsinə əsasən birgə övladları olan 06.06.2012-ci il təvəllüdlü X1 və 23.04.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə hər ay sabit pul məbləğində Cavabdeh tutulan 170 manat miqdarında alimentin miqdarının artırılması və uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləği şəklində 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin və 50 manat məbləğində ödədiyi mediasiyaya dair xərcin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə 2011-ci ilin avqust ayının 16-da rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hal-hazırda da rəsmi nikahdadırlar. Birgə ailə həyatından 06.06.2012-ci il tarixdə oğulları X3 və 23.04.2016-cı il tarixdə qızları X4 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 137 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən onun xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda cavabdehin verdiyi alimentin məbləği uşaqların tələbatını ödəməyə imkan vermir. Son 3 aydır ki, özü də işləyir və 300 manat maaş alır. Cavabdehin isə rəsmi iş yeri yoxdur, meyvə-tərəvəz satmaqla məşğuldur. Əvvəllər də meyvə tərəvəz satırdı və gəliri yaxşı idi. Hətta qazanılan pullarla birgə nikah dövründə bir neçə maşın və Qaraçuxur qəsəbəsində 75 min manata 2 mərtəbəli ev də alıblar. Göründüyü kimi cavabdehin maddi vəziyyəti yaxşıdır, lakin rəsmi iş yeri olmadığı üçün bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-937/2020 nömrəli iş üzrə qəbul etdiyi 17 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilərək, 06 iyun 2012-ci il təvəllüdlü X1 və 23 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-7788/2017 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin tam icra edildikdən sonra ləğv edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Tərəflərin faktiki olaraq ayrılsalar da hazırda rəsmi nikahda olmaları, rəsmi nikahdan uşaqlarının olması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Əksinə olaraq, iddaçının məhkəmə iclasında verdiyi izahatından da məlum olduğu kimi iddiaçı hazırda işləyir və 300 manat əmək haqqı alır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-1573/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1573/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver