Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1574/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X1rşı “əmək fəaliyyəti ilə bağlı vurulmuş maddi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Əmək funksiyasının icrası zamanı aldığı xəsarət səbəbi ilə işləyə bilmədiyi üçün 14.07.2021-ci il tarixdən bu günə kimi hər ay əldən çıxmış 700 manat əmək haqqı olmaqla ümumilikdə 6000 manat, müalicəsi üçün bu günədək çəkmiş olduğu 1000 manat məbləğində xərcin, əməliyyat olunmağı və əmək qabiliyyətinin tam bərpası üçün tələb olunan 3000 manat məbləğində pulun və 2000 manat mənəvi zərər olmaqla ümumilikdə 12000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh X3 məxsus məzar daşı düzəldilən emalatxanada təxminən 1 il işləmişdir. Sexdə gündəlik 20 manat əmək haqqına işləyirdi və iş rejimi hər gün saat 08:00-dan saat 19:00-dək idi. 14.07.2021-ci il tarixində əmək funksiyası icra edərkən mərmər daşı onun ayağına düşmüş və nəticədə o, xəsarət almışdır. İş yerində xəsarət aldığı üçün Respublika Travmatologiya və Ortopediya İnstitutundan prokurorluğa məlumat verilmiş və araşdırma zamanı ona məlum olmuşdur ki, cavabdeh firma o, və onun kimi digər işçiləri əmək müqaviləsi bağlamadan işlətmiş, bununla da vergidən, sosial ödənişlərdən yayınmışdır. Bu fakt məhkəmə qərarı ilə də öz təsdiqini tapmışdır. Belə ki, Suraxanı rayon məhkəməsinin 03.11.2021-ci il tarixli qərarı ilə Mərmər X4 İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 21.09.2021-ci il tarixli 17/877 saylı ekspert rəyinə əsasən İddiaçı müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər-sağ ayaq pəncəsinin İİ-İİİ-İV daraq sümüklərinin yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddətləri həmin müddətə, yəni 14.07.2021-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Bundan əlavə X14 X7 və Ortopediya İnstitutunun 27.01.2022-ci il tarixli Arayışından da görünür ki, ona sağ pəncənin İİ-İİİ-İV barmaqlarının diafızinin qeyri düzgün bitişmiş sınığı, deformasiyası, Ağrı sindromu, axsama, yerişin və əmək qabiliyyətinin pozulması diaqnozu qoyulmuşdur. Həkimə müraciət edilən zaman ayağının sındığını və müalicəsi üçün əməliyyat lazım olduğunu və uzun müddət heç bir ağır işdə işləməməsi bildirilmişdir. Bu vaxta kimi cavabdeh firmanın rəhbəri onunla maraqlanmamış, əməliyyatı üçün gərəkli ödənişi edib onun əvvəkli sağlığına qayıtmasına cəhd göstərməmişdir. Cavabdeh tərəf bu günə kimi zəng belə etməyib, hal əhvalını, maddi yardıma ehtiyacı olub-olmamasını soruşmamışdır. Hansı ki, o, işlədiyi zaman aylıq təxminən 600-700 manat əmək haqqı alırdı. Cavabdehin onunla əmək müqaviləsi bağlamaması və onu qanunsuz olaraq bir sıra ödənişlərdən yayınmaq məqsədi ilə müqaviləsiz işlətməsi bu gün onu çox ciddi problemlərlə üz-üzə qoymuşdur. O, yataqxanada arvadı X8 ilə birlikdə yaşayır. Arvadı xəstədir, o da əməliyyat olunub, onların əlavə hər hansı qazanc yeri yoxdur, hal-hazırda evdə əmək fəaliyyəti ilə məşğul olan yoxdur. 14.07.2021-ci ildən bu günə kimi o, işləmir və aylıq 700 manat qazancdan məhrum olmuşdur. Bundan əlavə bu günə kimi dərmanlara, həkimlərə müalicəsi üçün 2000 manata yaxın xərci çıxmışdır. Cavabdeh onunla əmək müqaviləsini rəsmiləşdirmədiyi, elektron informasiya sisteminə əlavə etmədiyi üçün bu günə o, qanunvericiliyin ona vermiş olduğu imkanlardan yararlana bilmir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 27.01.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 1957-ci il təvəllüdlü İddiaçı «sağ pəncənin İİ-İİİ-İV barmaqlarının diafizinin qeyri düzgün bitişmiş sınığı, deformasiyası, ağrı sindromu, axsama, yerişin və əmək qabiliyyətinin pozulması» diaqnuzu qoyulmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 25.04.2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı «sağ pəncənin İİ-İİİ-İV barmaqlarının diafizinin profiksimal 1/3-nin qeyri düzgün bitişmiş sınığı, deformasiyası, ağrı sindromu, axsama, yerişin və əmək qabiliyyətinin pozulması» diaqnozu qoyulmuşdur. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Suraxanı rayon məhkəməsinin 03.11.2021-ci il tarixli 3(010)-1378/2021 saylı qərarına əsasən müəyyən olunur ki, Cavabdeh X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərarla işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh X4 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən İddiaçı, X5 və X10 işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İddiaçı və X11 ilə əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, həmin qərarla işin müəyyən olunmuş halı odur ki, İddiaçı həmin emalatxanada işləməsi onun özünün ifadəsi, həmçinin, xəsarətlərin emalatxanada işlərin görülməsi zamanı alması faktı ilə təsdiq olunmuşdur. Məhkəmə müəyyən edir ki, iddiaçı 14.07.2021-ci il tarixdən bu günə kimi hər ay əldən çıxmış 700 manat əmək haqqı olmaqla ümumilikdə 6000 manat, müalicəsi üçün bu günədək çəkmiş olduğu 1000 manat məbləğində xərcin, əməliyyat olunmağı və əmək qabiliyyətinin tam bərpası üçün tələb olunan 3000 manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissəyə münasibətdə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə görə zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Məhkəmə iddia tələbinin “14.07.2021-ci il tarixdən bu günə kimi hər ay əldən çıxmış 700 manat əmək haqqı olmaqla ümumilikdə 6000 manat ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə məxsus emalatxanada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləmişdir və o, xəsarətdən əvvəlki dövrdə orta aylıq qazancı barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “müalicə üçün bu günədək çəkmiş olduğu 1000 manat məbləğində xərcin, əməliyyat olunmağı və əmək qabiliyyətinin tam bərpası üçün tələb olunan 3000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində qeyd edir ki, iddiaçının müalicəsi üçün 1000 manat məbləğində xərc çəkməsi, eləcə də aldığı xəsarətdən cərrahi müdaxilə zərurətinin yaranması da iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarda həmçinin göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bundan başqa, sözügedən Qərarda vurğulanır ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, hesab edir ki, iddiaçının Cavabdeh X3 məxsus emalatxanada işlərin görülməsi zamanı xəsarət alması iddiaçının mənəvi sarsıntı və iztirab çəkməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının çəkidiyi mənəvi sarsıntıların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə iş materiallarına məcmu halda qiymət verərək və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, mənəvi ziyana görə iddiaçıdan 1000 (bir min) manat tutulması ağlabatandır və həmin məbləğ iddiaçının mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh X2 vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissəsi təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1574/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1574/2022
26.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver