Məhkəmə qərarları › İş №2(010)-1575/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1575/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1575/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-8131/2015 saylı, 18.11.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 27.04.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin 2(010)-8131/2015 saylı, 18.11.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 27.04.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 sentyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Həmin vaxt keçmiş həyat yoldaşı Heydər Əliyev adına Hərbi məktəbdə zabit kimi xidmət edirdi. Hal-hazırda isə o, pensiyadadır və onun aldığı pensiya məbləğindən onun xəbəri yoxdur. Sadəcə olaraq icra məmuru tərəfindən ona yetkinlik yaşına çatmayan azyaşlı qızının saxlanılması üçün cavabdeh tərəfindən 118 manat alimentin ödənilməli olduğu bildirilmişdir. Lakin cavabdeh həmin aliment məbləğini ödəmir. Cavabdeh pensiya məbləğinin artırılmasına baxmayaraq il ərzində təyin olunmuş aliment məbləğini 6-7 ay ödəmir, sadəcə gah 50, gah da 100 manat ödəməklə kifayətlənir. Təyin olunmuş aliment məbləği uşağın tələbatlarının qarşılanmasına kifayət etmir və bu səbəbdən də aliment məbləği artırılmalıdır. Həmçinin qeyd edir ki, o, mediasiya şurasına müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram vasitəsilə müraciət edərək səhhətində yaranmış problemlərlə əlaqədar hazırki tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirdi. Məhkəmə MPM-nin 185-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-8131/2015 saylı, 18.11.2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 27.04.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 sentyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Məmmədova Billurə Müzəffər qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 293742 saylı, 10.05.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah pozulmuş və nikah pozulduqdan sonra sonuncuya İsmayılova soyadı verilmişdir. İş materiallarında olan 18.02.2022-ci il tarixli mediasiya arayışından görünür ki, tərəflər arasında mediasiya prosesi cavabdehin mediasiya prosesində iştiak etməməsi səbəbindən baş tutmamışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasından göründüyü kimi aliment məbləğinin dəyişdirilməsi o halda baş verir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Yəni, tərəfin gəliri ya artmış, ya da azalmış olsun. Bu halda, iddiaçının tələbinə əsasən aliment məbləği müvafiq olaraq artırıla və ya azaldıla bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay 200 manat məbləğində alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, əksinə iddiaçı özü tələbində Cavabdeh hazırda təqaüdçü olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar