Məhkəmə qərarları › İş №2(010)-158/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-158/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-158/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 35 saylı Notariat Ofisinə, 24 saylı Notariat Ofisinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydlərinin ləğv edilməsi və qanunsuz hesablanmış kredit borcunun silinməsi tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 35 saylı Notariat Ofisinə, 24 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı icra qeydlərinin ləğv edilməsi və qanunsuz hesablanmış kredit borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 saylı Notariat Ofisinin iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 11085 manat 39 qəpik tutulması haqqında 3449 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinin, Bakı şəhəri 24 saylı Notariat Ofisinin ondan "xxxx" ASC-nin xeyrinə 775 manat 58 qəpik tutulması haqda xx.xx.2021-ci il tarixli 2244 nömrəli, icra qeydinin ləğv edilməsi və onun cavabdeh "xxxx" ASC-nə ödədiyi vəsaitlərin və qanunsuz hesablanan artıq faizlərin silinməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri 35 saylı Notariat Ofisinin 3449 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan "xxxx" ASCnin xeyrinə 11085 manat 39 qəpik vəsaitin, Bakı Şəhəri 24 saylı Notariat Ofisinin 2244 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən isə "xxxx" ASC-nin xeyrinə 775 manat 58 qəpik vəsaitin tutulması qeyd edilib. Bu haqda ona Suraxanı rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları xx.xx.2021-ci il tarixli tələbin könüllü icra olunması haqda bildiriş göndəriblər. O, "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 % olmaqla 10 000 AZN, xx.xx.2021-ci il tarixdə isə 1800 manat ümumilikdə 11800 manat kredit götürmüşdür. O, cavabdehin verdiyi qrafik üzrə hər ay mütəmadi ödənişləri həyata keçirmişdir. Pandemiya dövründə atası rəhmətə getdiyindən qrafik üzrə məbləğləri ödəməsə də, ondan az miqdarda ödənişlər etmişdir, lakin bank bu günə kimi ödənişlərini hesablamayıb, faizə-faizlər hesablamaqla onun borcunu şişirtmişdir. O, bunu qanunsuz hesab edir və bunun əsasında verilən icra qeydi də tam əsassız və qanunsuzdur. Odur ki, Bakı Şəhəri 35 saylı Notariat Ofisinin ondan "xxxx" ASC-nin xeyrinə 11085 manat 39 qəpik tutulması haqda 3449 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinin, Bakı Şəhəri 24 saylı Notariat Ofisinin ondan "xxxx" ASC-nin xeyrinə 775 manat 58 qəpik qəpik tutulması haqda xx.xx.2021-ci il tarixli 2244 nömrəli, icra qeydinin ləğv edilməsi və iddiaçının cavabdeh "xxxx" ASC-nə ödədiyi vəsaitlərin və qanunsuz hesablanan artıq faizlərin silinməsi haqda qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməyi barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Cavabdehlər Bakı şəhəri 35 saylı Notariat Ofisi və 24 saylı Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İcra qeydinə əsasən, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə AZ1005, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Bakı şəhəri, Hövsan qəs, 20B 35 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2014 - Suraxanı; FİN: xxxxxxx; d/t: xx.xx.1964) BPM**********96 nömrəli müqaviləyə əsasən müddət' üçün vaxtında ödənilməmiş 11065 manat 39 qəpik (on bir min altmış beş manat otuz doqquz qəpik) tutulması, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 11085 manat 39 qəpik (on bir min səksən beş manat otuz doqquz qəpik) pul tutulması təklif etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İcra qeydinə əsasən, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə AZ1005, BAKİ ~ şəhəri, Nəsimi rayonu, Nizami, ev 67 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti xeyrinə Bakı şəhəri, Hövsan qəs, 20B 35 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2014 - Suraxanı; FİN: xxxxxxx; d/t: xx.xx.1964) BPM**********96 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 755 manat 58 qəpik (yeddi yüz əlli beş manat əlli səkkiz qəpik ) tutulması, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 775 manat 58 qəpik (yeddi yüz yetmiş beş manat əlli səkkiz qəpik) pul tutulması təklif etmişdir. İş materiallarında olan 06 noyabr 2019-cu il tarixli BPM **********96 saylı X8 müqaviləsindən və kredit müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 19 faiz olmaqla, 48 ay müddətinə qaytarmaq şərti ilə 11800 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan 06 noyabr 2019-cu il tarixli icra sənədindən görünür ki, İddiaçı tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 352,9 manat olmaqla xx.xx.2023-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 06 noyabr 2019-cu il tarixli BPM **********96 saylı X8 müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək 10163,53 manat əsas, 901,46 manat faiz borcu, ümumilikdə cəmi 11064,99 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 06 noyabr 2019-cu il tarixli BPM **********96 saylı X8 müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək 751,36 manat əsas, 3,82 manat faiz borcu, ümumilikdə cəmi 755,18 manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyy Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli BPM**********96 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı cavabdeh "xxxx" ASC-yə maliyyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 10224,85 manat, faiz borcu üzrə 862,57 manat, maliyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 10224,85 manat, faiz borcu üzrə 905,74 manat məbləğində müəyyən edilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri 35 saylı Notariat Ofisinin 3449 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 11085 manat 39 qəpik vəsaitin, Bakı Şəhəri 24 saylı Notariat Ofisinin 2244 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən isə "xxxx" ASC-nin xeyrinə 775 manat 58 qəpik vəsaitin tutulması qeyd edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən icra qeydlərinin əsasları olan İddiaçı 06 noyabr 2019-cu il tarixli BPM **********96 saylı X8 müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək 10163,53 manat əsas, 901,46 manat faiz borcu, ümumilikdə cəmi 11064,99 manat məbləğində borcu, 06 noyabr 2019-cu il tarixli BPM **********96 saylı X8 müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək 751,36 manat əsas, 3,82 manat faiz borcu, ümumilikdə cəmi 755,18 manat məbləğində borcu vardır. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli BPM**********96 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı cavabdeh "xxxx" ASC-yə maliyyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 10224,85 manat, faiz borcu üzrə 862,57 manat, maliyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 10224,85 manat, faiz borcu üzrə 905,74 manat məbləğində müəyyən edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını müəyyən edir və mülki məhkəmə icraatının çəkişmə prinsipinə əsaslandığını müəyyən edir. MPM-nin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların (yazılı sübutlar) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik yazılı sübutların mötəbərliyi üçün onların ya əslinin, ya da lazımi qaydada təsdiq edilmiş surətinin olmasını zəruri hesab etmişdir. Sənədlərin surətlərinin əsli ilə eyniliyi həmin sənədi verən müvafiq dövlət orqanının və ya hüquqi şəxsin səlahiyyətlisi tərəfindən də təsdiq edilə bilər. Göründüyü kimi, iddiaçı iddia tələbində göstərilənlərin sübuta yetirilməsi üçün məhkəməyə prosessual qanunvericiliyin tələblərinə uyğun olan və mötəbər sübut kimi hesab olunan hər hansı yazılı sənəd və yaxud digər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri baxımından hər hansı mötəbər sübut təqdim edilmədiyinə görə və iddia tələbində qeyd edilənlər əsaslı dəlillər kimi qəbul edilmədiyindən hazırkı iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 20 (20) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 35 saylı Notariat Ofisinə, 24 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı icra qeydlərinin ləğv edilməsi və qanunsuz hesablanmış kredit borcunun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul iddia rədd edildiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar