Məhkəmə qərarları › İş №2(010)-1591/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1591/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1591/2020 17.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) x1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5100 manat əsas borcun, 500 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə isə 5600 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) x2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5838 manat əsas borcun, 500 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə isə 6338 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) x2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4907 manat əsas borcun, 200 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) x2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 15.01.2020-ci il tarixdə “Mercedes-Benz E 200” markalı VP-733-PP dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Daewoo Gentra” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız hala düşmüş və nəticədə iddiaçıya 9321 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin 4414 manat məbləği «xxxxxxxxxxxx» ASC tərəfindən ödənilsə də, qalan 4907 məbləği cavabdeh tərəf ödəməkdən imtina etmişdir. Hazırda cavabdehin iddiaçıya 4907 manat məbləğində borcu olduğu üçün iddiaçının həmin məbləği ondan tələb etmək hüququ vardır. Həmçinin iddiaçı tərəfindən onun hüquqlarının məhkəmədə müdaifəsi üçün hüquqi xidmətə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Belə ki, 15.01.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. İddiaçı ona bildirmişdir ki, “Daewoo Gentra” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 4400 manat məbləğində pul ödəməlidir. Lakin onun 3000 manat məbləğində pul ödəməyə imkanı çatır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın kserosurətindən müəyyən olunur ki, 15.01.2020-ci il tarixdə Ə.Rəcəbli küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində “Mercedes-Benz E 200” markalı VP-733-PP dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə “Daewoo Gentra” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 15.01.2020-ci il tarixli x3 Protokolun kserosurətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş 15.01.2020-ci il tarixli İnzibati Tənbeh vermə Haqqında Qərarın kserosurətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İzahatından müəyyən olunur ki, 15.01.2020-ci il tarixdə Ak.H.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində onun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz E 200” markalı VP-733-PP dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Daha sonra “Mercedes-Benz E 200” markalı VP-733-PP dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanan “Daewoo Gentra” minik markalı **- TV-*** avtomobilə dəymişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən müəyyən olunur ki, “Daewoo Gentra” minik markalı **-TV-*** avtomobilin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş x5 müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı **-TV-*** avtomobilin təmirinə ümumilikdə 9321 manat məbləğində pul vəsaiti tələb olunur. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı **-TV-*** avtomobilinin təmirinə ümumilikdə 8997 manat məbləğində pul vəsaiti tələb olunur. İş materiallarına əlavə olunmuş qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün 210 manat pul vəsaiti ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək, onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək, yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün tədbirləri həyata keçirmək, bu qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək fiziki şəxslərin vəzifələrindəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz E 200” markalı VP-733-PP dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Daha sonra “Mercedes-Benz E 200” markalı VP-733-PP dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanan “Daewoo Gentra” minik markalı **-TV-*** avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində “Daewoo Gentra” minik markalı **-TV-*** avtonəqliyyat vasitəsinə 8997 manat məbləğində maddi ziyan dəymişdir. “Daewoo Gentra” minik markalı **-TV-*** avtonəqliyyat vasitəsinə dəymiş zərərin bir hissəsi, yəni 4414 manat pul vəsaiti «xxxxxxxxxxxx» ASC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı **-TV-*** avtomobilə 8997 manat məbləğində dəymiş zərərin 4414 manatı “xxxxxxxxxxxx” ASC tərəfindən ödənildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh (8997- 4414=4583) 4583 manat məbləğində dəymiş zərər, 200 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4583 (dörd min beş yüz səksən üç) manat məbləğində dəymiş zərər, 200 (iki yüz) manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumuİddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar