Məhkəmə qərarları › İş №2(010)-1595/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1595/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1595/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-308/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmiş, xx.xx.2023-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini təhvil verdikdən sonra müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Bu barədə cavabdehin ünvanına bildiriş göndərilərək, ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da, bugünə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Tərəflərin izahatları

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)- 308/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Cavabdeh məhkəməyədək icraat zamanı 30 dekabr 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Cavabdeh təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmış və Cavabdeh çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş, Cavabdeh üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasıya İdarəsinə həvalə edilmiş,cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılması, Cavabdeh narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə 65 manat ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.942 qram olan narkotik-heroinin məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, Cavabdeh məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə səkkiz iş saatı üçün 48 manat məbləğində vəsaitin Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 ödənilməsi hökm edilmişdir.

6. xx.xx.2023-cü il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” Protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı mobil nəzarət qurğusu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbaq və çanta təhkim edilmişdir. Eyni zamanda məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyənnin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir.

7. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-308/2022 saylı hökmü ilə ona təhkim edilmiş mobil nəzarət qurğusu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbağı, istifadə təlimatını və çantanı qəbul etdiyini və ona təhkim edilmiş elektron nəzarət vasitələrinin korladığı və ya zədələdiyi halda barəsində qanunmüvafiq tədbirlər görüləcəyinin ona izah edildiyini bildirmişdir.

8. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəydən görünür ki, "Attenti V6" markalı, 35630755 nömrəli elektron nəzarət vasitəsinə xx.xx.2023-cü il tarixdə texniki baxış keçirilmiş və həmin elektron nəzarət vasitəsinin ana platasında korroziya müşahidə olunduğu, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması müəyyən edilmişdir.

9. 06 avqust 2021-ci il tarixli, D-8/131 nömrəli sənəddən görünür ki, elektron nəzarət vasitəsinin dəyəri 2277.4 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh yararsız vəziyyətə saldığı elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat pul vəsaitinin könüllü ödənilməsi, əks təqdirdə onun dəyərinin məcburi tutulacağı barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

11. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin ona təhkim edilmiş elektron nəzarət vasitəsini yararsız hala salmaqla iddiaçıya 2277.40 manat məbləğində maddi ziyan vurulduğunu bildirir və bu səbəbdən həmin pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. İddiaçının tələbinin hüquqi əsaslandırmasını Mülki Məcəllənin delikt münasibətlərini tənzimləyən normaları təşkil edir. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, həmin elektron nəzarət vasitəsini o korlamamışdır, Şüvəlanda polis serjantı qayçı ilə kəsib götürmüşdür. Qolbaq ayağında olan zaman işlək vəziyyətdə olmuşdur.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ona təyin edilmiş cəzanın icrası ilə əlaqədar olaraq “Attenti” markalı mobil nəzarət qurğusu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbaq və çanta təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh ona təhkim olunan elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmadığını bildirsə də, lakin iş materiallarında olan “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəydən görünür ki, "Attenti V6" markalı, 35630755 nömrəli elektron nəzarət vasitəsinə xx.xx.2023-cü il tarixdə texniki baxış keçirilmiş və həmin elektron nəzarət vasitəsinin ana platasında korroziya müşahidə olunduğu, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Bu hal cavabdehin mülki hüquqi məsuliyyətinin yaranması üçün əsasdır. Ona görə ki, həmin nəzarət vasitəsi ona təhkim edilmiş və qurğunun saz vəziyyətdə saxlanılmasına da cavabdeh məsuliyət daşımışdır. Ona görə də, iddiaçı haqlı olaraq cavabdehə qarşı maddi ziya tələbi ilə məhkəməyə müraciət etmişdir. Vurulmuş ziyanın məbləğinə gəldikdə isə, iş materiallarından göründüyü kimi həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin elektron nəzarət vasitəsinə görə cavabdehdən 2277.40 manat maddi ziyan məbləği tələb etməkdə haqlıdır.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

19. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 42.77 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Soltanov Aqı̇ l Səadətxan oğlundan ona təhvil verilmiş "Attenti V6" markalı, 35630755 nömrəli elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat dəyərində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli və iş üzrə ödənilməli olan 42.77 manat dövlət rüsumu cavabdeh Soltanov Aqı̇ l Səadətxan oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Soltanov Aqı̇ l Səadətxan oğlundan ona təhvil verilmiş "Attenti V6" markalı, 35630755 nömrəli elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat dəyərində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilməli olan 42.77 manat dövlət rüsumu cavabdeh Soltanov Aqı̇ l Səadətxan oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar