Məhkəmə qərarları › İş №2(010)-1602/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1602/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1602/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Cəlilabad rayonu, Göytəpə şəhərində müəllim kimi işlədikləri məktəbdə tanış olmuşdur. Cavabdehlə birlikdə işlədikləri dövrdə sonuncu ilə münasibətləri normal olmuş, cavabdeh təcili pula ehtiyacı olduğunu və tez bir vaxtda geri qaytaracağını bildirərək, ondan borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq, xx.xx.2024-cü il tarixdə, Masallı regional “ASAN xidmət” mərkəzində notarial qaydada borc müqaviləsi bağlamaqla, 5500 manat məbləğində borc vəsaitini cavabdehə vermişdir. Cavabdeh almış olduğu borc pulu xx.xx.2024-cü il tarixə kimi qaytarmağa söz vermiş, müddət bitdikdə cavabdeh ona bir ay əlavə vaxt verməsini xahiş etmiş və notarial qaydada xx.xx.2024-cü il tarixdə borcun qaytarılması müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina edir və göstərilən səbəblərdən o, ağır maddi vəziyyətə düşmüşdür. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Borc verən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış (reyestrdə 3M-276 nömrə ilə qeyd edilmişdir) borc müqaviləsindən müəyyən olunur ki, “Borc verən” “Borcalan”a 5500 manat məbləğində notariusun depozit hesabı vasitəsilə pul borc verir, “Borcalan” borcu xx.xx.2024-cü il tarixinədək “Borc verən”ə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. İddiaçı (Borc verən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış (reyestrdə 3M-332 nömrə ilə qeyd edilmişdir) müqavilənin dəyişdirilməsinə dair müqavilədən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 3M-276 reyestr nömrəli borc müqaviləsinin 2-ci bəndində “xx.xx.2024-cü il” kimi qeyd olunmuş müqavilənin icra edilməli olduğu tarix tərəflər arasında razılıq əsasında “xx.xx.2024-cü il” tarixinə dəyişdirilir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmış (reyestrdə 3M-276 nömrə ilə qeyd edilmişdir), iddiaçı 5500 manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vasitəsi ilə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin pul vəsaitini xx.xx.2024-cü il tarixədək həmin qaydada, yəni notariusun depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair yeni müqavilə bağlanmış (reyestrdə 3M-332 nömrə ilə qeyd edilmişdir), xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Lakin, borcalan hər iki müqavilə üzrə müəyyən edilmiş müddət daxilində müqavilə üzrə öz üzərinə müəyyən olunmuş öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmiş və müqavilənin predmetini təşkil edən müvafiq pul vəsaitini borc verənə qaytarmamışdır. İş materiallarının araşdırılması zamanı təqdim edilmiş sübutlara müvafiq hüquqi qiymət verən məhkəmə cavabdehin iddiaçıya 5500 manat məbləğində borcunun olması qənaətinə gəlmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc məbləği cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 75 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 3M-276 reyestr nömrəli borc müqaviləsi üzrə 5500 manat məbləğində borc və ödənilmiş 75 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3M-276 reyestr nömrəli borc müqaviləsi üzrə 5500 (beş min beş yüz) manat məbləğində borc və ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar