Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1605/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Kreditor BOKT İddiaçı (bundan sonra mətndə BOKT “xxxx” MMC) borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 ilə BOKT “xxxx” MMC arasında bağlanmış 15 avqust 2012-ci il tarixli, LD/12228/00187 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 400.00 ABŞ dolları, faiz üzrə 43.00 ABŞ dolları, cərimə üzrə 40.00 ABŞ dolları olmaqla, ümumilikdə 483.00 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT “xxxx” MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli, 2(010)- 1645/2017 nömrəli məhkəmə əmri çıxarılaraq ərizə təmin edilmişdir. Borclu Cavabdeh2 ümumi iddia icraatına keçidlə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və ümumi qaydalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 30.01.2017-ci il tarixli, 2(010)-1645/2017 nömrəli məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçirilməsinə dair 09.02.2021-ci il tarixli, 2(010)-1645/2017 nömrəli qərardad qəbul edərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, BOKT “xxxx” MMC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 15 avqust 2013-cü il tarixə qədər illik 42 faiz dərəcəsini tətbiq etməklə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin borclu Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kreditor tərəfindən borcluya kredit verilməsi və bu kreditin borclu tərəfindən istifadə edilməsinin aşkar olunmasını nəzərə alaraq kreditor pul məbləğinin borclu Cavabdeh1 tərəfindən ödənilməsi barədə tələbinin əmr icraatı qaydasında təmin olunmasını istəyir. Borclu Cavabdeh1 və Cavabdeh2 22.12.2016-cı il tarixli arayışa əsasən BOKT “xxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 400.00 ABŞ dolları,faiz üzrə 43.00 ABŞ dolları, cərimə üzrə 40.00 ABŞ dolları olmaqla, ümumilikdə 483.00 ABŞ dolları təşkil edir. Cavabdeh2 məhkəmə əmrindən məlumatl olmadığı üçün zaminlik müqaviləsinə xitam verilməsini xahiş etsə də, tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, hər iki borclu 2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, borclarını etiraf etmiş və hər ay hissə-hissə 50 manat ödəyəcəklərini bildirmişlər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Azər ilə o, sinifyoldaşı olmuşlar. Azər kredit götürmüş və ondan zamin durmasını istəmişdir. Zamin olduğu üçün bankdan ona borcu ödəməsi barədə xəbərdarlıq ediləndə o, Azəri tapıb borcunu ödəməsini tələb etmiş və Azər də borcunu ödəyərək artıq borcunun qalmadığını bildirmişdir. Bundan əlavə, qanunvericiliyə əsasən müddət ötdüyü üçün onun zaminlik müqaviləsinə xitam verilməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan BOKT “xxxx” MMC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2012-ci il tarixli LD/12228/00187 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 15 avqust 2013-cü il tarixə qədər illik 42 faiz dərəcəsini tətbiq etməklə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.08.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, 1500 ABŞ dolları məbləğində pulu bankın xəzinəsindən nağd şəkildə almışdır. BOKT “xxxx” MMC-nin Bakı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 15 avqust 2012-ci il tarixli LD/12228/00187 saylı kredit müqaviləsinin təminatı kimi 15 avqust 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 22.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 15.08.2013-cü il tarixinə ödənilməmiş əsas borcu 400 ABŞ dolları, faizlər üzrə 43 ABŞ dolları və cərimə üzrə borcu 40 ABŞ dolları olmaqla, cəmi 483 ABŞ dollarıdır. 16.08.2013-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh1 banka olan borcun tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 11.01.2017-ci il tarixli, TT2870559 №-li mədaxil qəbzindən görünür ki, BOKT “xxxx” MMC tərəfindən məhkəməyə ərizə verilərkən ümumilikdə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini 15.08.2012-ci il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan əsas borc üzrə 400 ABŞ dolları, faizlər üzrə 43 ABŞ dolları və cərimə üzrə borcu 40 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borcverən borcundərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borcalanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borcverənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh- Cavabdeh1 400 ABŞ dolları əsas, 43 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 40 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 ABŞ dolları müəyyən edilməlidir. Digər cavabdeh (zamin) Cavabdeh2 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, zaminlərin təmin etdiyi öhdəliyə tam şəkildə xitam verildikdə, bu müqavilə tam bitmiş hesab edilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin öhdəliyin bank qarşısında tam yerinə yetirilənədək qüvvədə olması şərti mülki qanunvericiliyin zaminliyi tənzimləyən normalarının tələbləri baxımından düzgün deyildir və ona görə də, zaminlik müqaviləsinin müddəti kimi qəbul edilə bilməz. Belə olduqda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 15.08.2013-cü ildə başa çatmış, həmin vaxtdan da bir il ərzidə kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilərək, Cavabdeh1 BOKT “xxxx” MMC-nin xeyrinə 400 ABŞ dolları əsas, 43 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 453 ABŞ dolları məbləğində borc tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı BOKT “xxxx” MMC Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmə əmri çıxarılması barədə məhkəməyə müraciət etdiklərindən 20 manat dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh1 iddiaçı BOKT İddiaçı xeyrinə tutulmalı, Cavabdeh1 dövlət nəfinə 10 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Cavabdeh1 400 ABŞ dolları əsas, 43 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 453 (dörd yüz əlli üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul tutularaq iddiaçı BOKT İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1 iddiaçı BOKT İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 dövlət nəfinə 10 (on) manat dövlət rüsumu tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1605/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1605/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver