Məhkəmə qərarları › İş №2(010)-1619/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1619/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1619/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3620/2020 saylı iş üzrə 21.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 22.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 03.09.2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 22.06.2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5744/2018 saylı, 28.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə 22.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3620/2020 saylı iş üzrə 21.09.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5744/2018 saylı, 28.09.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq 22.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5744/2018 saylı, 28.09.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin tam icra edildikdən sonra ləğv edilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş alimenti hər ay vaxtında ödəyir. Buna baxmayaraq, qızı böyüdükcə onun tələbatı da artır, ərzaq mallarının və digər əşyalarının qiymətlərinin və qızının ehtiyacının artması səbəbindən hazırda ödənilən aliment uşağının saxlanılması üçün yetərli deyildir. Bu barədə Elçinə dəfələrlə desə də o, məhkəmənin müəyyən etdiyi məbləğdən artıq pul verə bilməyəcəyini deyir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh artıq iki ildir ki, uşağını görmür. O, yalnız uşağın saxlanılması üçün aliment ödəyir ki, ödədiyi məbləğ də hazırda uşağın saxlanmasına kifayət etmir. Çünki o özü yandığına görə işləyə bilmir. Cavabdeh isə uşağın saxlanması üçün aylıq alimentdən başqa heç bir maddi yardım etmir. Halbuki, o, ailəsi ilə birlikdə Oğuz rayonunda yaşayır və qəssablıqla məşğul olur. Bundan əlavə, onların Oğuz rayonunda böyük taxıl sahələri, fındıq bağları var. Yəni, gəlirləri kifayət qədər yüksəkdir. Onun yüksək gəliri olmasa idi, digər uşağının bir yaşını restoranda qeyd etməz, uşağına bahalı hədiyyələr almazdı. Bütün bunlar onun gəlirinin yaxşı olduğunu göstərir. Buna baxmayaraq, cavabdeh 22.06.2011-ci il təvəllüdlü qızı Xədicə üçün yalnız 170 manat aliment ödəməklə kifayətlənir. O, alimenti əsasən vaxtında ödəsə də son bir neçə ayda (o, məhkəməyə müraciət etdikdən sonra) alimentin ödənilməsini bir qədər gecikdirmiş, guya imkanı olmadığını bildirmişdir. Cavabdehə dəfələrlə bildirmişdir ki, 170 manat aliment uşağı saxlamağa kifayət etmir. Buna baxmayaraq, cavabdeh alimenti artırmağa razı olmamış, o da məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Bununla belə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının daha əvvəlki iddiası əsasında o, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyir. Hazırda heç bir yerdə işləmir. İddiaçıdan boşandıqdan sonra X6 adlı başqa bir qadınla evlənmişdir. İndiki nikahlarından 11.05.2021-ci il tarixdə anadan olmuş X4 adlı bir uşağı var. İddiaçı ilə birgə nikahlarından doğulmuş uşağı X1 hazırda 11 yaşı var. Həmin uşağın ehtiyaclarını təmin etmək onunla bərabər iddiaçının da borcudur. O, əmək qabiliyyətli olduğuna görə birgə nikahlarından doğulan uşağın ehtiyaclarını ödənilməsində iştirak etməli, bütün ehtiyacları ödəməyi yalnız ondan tələb etməməlidir. O da imkan daxilində uşağının ehtiyaclarını ödəməyə çalışmalıdır. Hazırda cavabdehə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimenti çox çətinliklə, yaxın qohumlarının köməyi ilə ödəyir. İddiaçı özü də maddi cəhətdən ondan daha yaxşı təmin olunmuşdur. O, həm də heç bir qanuni əsas olmadan birgə nikahdan olan uşağının bütün ehtiyaclarını onun ödəməyini istəyir. Hazırda ödədiyi 170 manat məbləğində alimentin artırılmasına etiraz edir. Maddi vəziyyəti daha yuxarı məbləğdə aliment ödəməyə imkan vermir. Qeyd edilən halları nəzərə almağı, iddiaçının hazırkı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materialları. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(103)- 12930/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli, 2(010)- 5744/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(010)-3620/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli, 2(010)-5744/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, 22.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli, 2(010)-5744/2018 qətnaməsi üzrə verilmiş icra vərəqəsinin tam icra edildikdən sonra ləğv edilməsi qət edilmişdir. AZE seriyalı, 11932851 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qurbanova Xədicə (atası Cavabdeh, anası İddiaçı) 22.06.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20.11.2019-cu il tarixli, AZ-İİ seriyalı, 335327 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 20.11.2019-cu il tarixdə nikah bağlanmış, bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB-nin Kərimli İƏD üzrə nümayəndəliyi tərəfindən 01.06.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 526783 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası Cavabdeh, anası X6) 11.05.2021-ci il tarixdə Oğuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01.06.2021-ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından 22.06.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər arasında olan nikah pozularkən birgə nikahdan doğulan uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(010)-3620/2020 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını, uşağın saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməsə də məhkəməyə ərizə ilə müraciət edərək alimentin artırılmasına etiraz etdiyini bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarı: 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə dair cədvəl: Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36. Mediasiya xərcləri. 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə başqa nikahdan bir uşağı daha olduğunu və həmin uşağı saxladığını iddia edən cavabdehin diqqətinə çatdırır ki, yuxarıda istinad edilmiş Ali Məhkəmə Plenumunun qərarında da qeyd edildiyi kimi aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən 250 manat sabit pul məbləğində aliment tələb etsə də cavabdehdən cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan bu qədər artıq məbləğdə aliment tutulmasını zəruri edən halları əsaslandırmamışdır. İddia tələbi yalnız ümumi şəkildə uşağın xərclərinin artması, onun maddi tələbatlarının təmin edilməsinin çətinliyi ilə əsaslandırılmışdır ki, məhkəmə də məhz bu halları nəzərə alaraq, alimentin 193 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir. Nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Mediasiya xərci.

İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq mediasiya təşkilatına müraciət edilmiş, bu zaman 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. İddia tələbindən görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Yuxarıda istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 22.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(010)-3620/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.05.2022-ci il tarixli, 2(010)-1619/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 22.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(010)-3620/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.05.2022-ci il tarixli, 2(010)-1619/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(010)-3620/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar