Məhkəmə qərarları › İş №2(010)-1620/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1620/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1620/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2893/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməklə 23 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İşin faktiki halları

2. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın anasının yanında qalmasına və cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(010)-2893/2020 №-li qətnaməsi ilə 23 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia məhkəməyə təqdim olunduğu tarixdən başlayaraq onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin miqdarının 220 manata artırılması, mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq X1 ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə uşağa görə 170 manat alimentin tutulması müəyyən edilmişdir. Hazırda 170 manat aliment uşağın saxlanması üçün kifayət etmir. Cavabdeh Qaradağ RPİ-də polis nəfər işləyir və gəlirləri yaxşıdır. Həmçinin, 2023-cü il üzrə uşaqlar üçün aliment məbləği 220 manat müəyyən edilmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

8. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

9. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2893/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər ay 170 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı cavabdehin işlədiyini və kifayət qədər gəlir əldə etdiyini iddia etsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Odur ki, məhkəmə iddiaçının işləyərək müntəzəm əmək haqqısının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı da cavabdeh ilə birlikdə bərabər hüquq və vəzifələrə malikdir və uşağın saxlanmasında bərabər şəkildə iştirak etməlidir. Həmçinin, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir.

Məhkəmə xərcləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

11. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. İddia rədd edildiyi üçün mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

13. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir.

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. Mediasiya orqanına ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar