Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1622/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8831,39 manat əsas borc, 690,01 manat faiz borcu, 14,52 manat cərimə olmaqla, ümumilikdə cəmi 9535,92 manat borcun və 115,36 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19 mart 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh 19 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19.9 faizlə 36 ay müddətinə 10000 AZN kredit götürmüşdür, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 05.04.2022-ci il tarixə cavabdehin 8831,39 manat məbləğində əsas borcu, 917,96 manat faiz borcu və 302,37 manat cərimə borcu vardır. İddia ərizəsində isə 18.02.2022-ci il tarixə olan borcu müəyyən edilib və həmin məbləğin cavabdehdən tutulması xahiş olunub. Cavabdeh isə sonuncu dəfə 01.02.2022-ci il tarixdə 30,86 manat ödəniş edib. Bu səbəbdən yeni maliyyə arayışı təqdim edilmişdir. Cavabdeh 6 ay ödəniş edib, 3 ay əsas borcdan çıxılıb, qalan 3 ay isə 200 manat faiz borcdan, 200 manat isə əsas borcdan silinmə qaydasında bölünərək borc məbləğindən silinib. Ümumilikdə cavabdeh 6 ay 400 manatdan təxminən 2400 manat ödəniş edib. Cavabdeh ilk məhkəmə prosesində ödəniş etdiyinə dair qəbzlər təqdim edəcəyini bildirmişdi, bank tərəfindən təqdim edilən hesabdan çıxarışda cavabdehin bütün ödənişləri öz əksini tapmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, daha əvvəl də "xxxx" ASC-dən iki dəfə kredit götürmüş və kredit ödənişlərini vaxtında etmişdir. Hazırki kredit müqaviləsi bağlandıqdan sonra ixtisara düşərək işdən çıxarılmış və hər ay 400 manat ödəniş etməyə imkanı olmamışdır. O, bundan sonra banka 200 manat və 100 manat, sonuncu dəfə isə 50 manat olmaqla az məbləğdə ödənişlər etsə də, nə qədər məbləğ ödəniş etdiyini dəqiq bilmir. Ehtimal ki, etdiyi ödənişlər faiz borcundan silinib. Sonuncu dəfə ödəniş etdikdən sonra ona bankdan zəng edib artıq məhkəməyə müraciət olunacağı bildirildi. Hazırda ondan tələb edilən məbləğ çoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: 19 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 19,9 faizlə 36 ay müddətinə 10.000 manat kredit götürmüşdür. 19 mart 2021-ci il tarixli məxaric qəbzində görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 10.000 manat məbləğində pul verilmişdir. 18.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 19 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8831,39 manat əsas borc, 690,01 manat faiz borcu və 29,03 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9530,43 manat borcu vardır. 20.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 19 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8831,39 manat əsas borc, 991,18 manat faiz borcu və 405,76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.228,33 manat borcu vardır. 10.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 24.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 115,36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh ondan tələb olunan məbləğin çox olmasını, etdiyi ödənişlərin nəzərə alınmamasını və ödənişlərini təsdiq edəcək qəbzləri məhkəməyə təqdim edəcəyini bildirdiyi üçün məhkəmə iclası dəfələrlə təxirə salınmış, lakin cavabdeh ona kifayət qədər şərait yaradılmasına baxmayaraq sözügedən qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Bankın nümayəndəsi isə öz tələblərini təsdiq edəcək maliyyə arayışı və hesabdan çıxarışı məhkəməyə təqdim etmiş və qeyd olunan hesabdan çıxarış məhkəmə tərəfindən araşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit müqaviləsi üzrə 8831,39 manat əsas borc, 690,01 manat faiz borcu, 14,52 manat cərimə borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19 mart 2021-ci il tarixli 24-Y-2-0-489-21 №-li kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 19 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8831,39 manat əsas borc, 690,01 manat faiz borcu və 14,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9535,92 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,36 manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 mart 2021-ci il tarixli 24-Y-2-0-489-21 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 19 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8831,39 manat əsas borc, 690,01 manat faiz borcu və 14,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9535,92 (doqquz min beş yüz otuz beş manat doxsan iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,36 (bir yüz on beş manat otuz altı qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-1622/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1622/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver