Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1627/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 6000 (altı min) manat məbləğində borcun və 81 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh tanıyır. Hazırda N saylı hərbi hissədə işləyir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıdan 6000 manat borc alaraq xx.xx.2024-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüş və borcunu qeyd etməklə bu barədə qəbz vermişdir. Dəfələrlə ona borcun qaytarılması ilə bağlı müraciətlər etsə də, o müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhət ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ona böhtan atır. Onunla nə qohumluq əlaqəsi, nə də tanışlığı yoxdur. İddiaçı 500 manat pul almış və 15 faiz əlavə ödəməklə, 575 manat pul qaytaracaqdı. Hərbi biletini İddiaçı vermişdi. Xidmət göstərdiyi hərbi hissədə yoxlama var idi və hərbi bileti təqdim etməli idi. İddiaçı hərbi biletini qaytarmadı. Hərbi bileti ondan geri almaq üçün məcbur qaldıqda 6000 min manat borc aldığına dair sənədə imza atmış, lakin o qədər pul ondan almamışdır. Qohumunun adıyla zəng edib iddiaçı ilə danışan zaman onun səsini tanımamış və bildirmişdir ki, eybi yox 6000 manat borcun 3000 məbləğini keçər. Həqiqətən iddiaçıya 6000 manat məbləğində borcu varsa qohumu və ya yaxın tanışı olmayan adam da borcdan 3000 manat silərmi heç? Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İş materialları İltizamda qeyd olunmuşdur: “Mən Cavabdeh xx.xx.2024-cü ildə Bərdə rayon Kətəlparaq kənd sakini İddiaçı 6000 (altı min manat) borc aldım. Qaytaracağam xx.xx.2024-cü il tarixində. Doğruluğunu öz imzamla təsdiq edirəm. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışığından məlum olur ki, cavabdehin əmisi oğlu İddiaçı zəng vuraraq bildirmişdir ki, Telman bir səhvdi eliyib, səndən borc alıb qaytarmayıb, bir böyüklük edib borcdan nə qədər silərsən imkanımız azdır. İddiaçı isə borcdan 3000 manat silməyə razı olduğunu demişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Məhkəmənin mövqeyi İddiaçı Cavabdeh bir ay müddətində qaytarmaq şərtilə 6000 manat məbləğində borc verdiyini iddia edir və hazırda həmin pul vəsaitinin ona qaytarılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir və iddia tələbinə etirazının dəlili ondan ibarətdir ki, o, iddiaçıdan aylıq 15% əlavə ilə qaytarmaq şərtilə 500 manat pul almış, iddiaçı həmin pul vəsaitini ona məxsus sənədləri, yəni, xidməti vəsiqə, şəxsiyyət vəsiqəsi və əmək haqqı kartını götürmək şərtilə vermişdir. Daha sonra aprel ayında xidməti vəsiqəsi və şəxsiyyət vəsiqəsi ona lazım olduğundan iddiaçı ona kağıza 6000 manat aldığını yazmalı olduğunu söyləmişdir. Ona o qədər borc götürmədiyini bildirsə də, belə etməyəcəyi halda heç bir sənədini qaytarmayacağını bildirərək, ona həmin kağızı yazmağa məcbur etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh sərəncamına pul vəsaiti verildiyini cavabdeh də qəbul edir və həmçinin o, etiraf edir ki, iş materiallarına əlavə edilmiş iltizamı şəxsən imzalamışdır. Sözügedən iltizama əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə 6000 manat məbləğində pul vəsaiti verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ona iltimazda qeyd edildiyi kimi 6000 manat deyil, cəmi 500 manat məbləğində pul vəsaiti verdiyini bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh iddiaçıdan 6000 manat məbləğində pul vəsaiti qəbul etməklə əsassız varlanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələb edilən məbləğdə pul vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 6000 (altı min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 81 (səksən bir) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 6000 (altı min) manat, ödənilmiş dövlət rüsumuna görə 81 (səksən bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1627/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1627/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver