Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1637/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 450440 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X2 və Cavabdeh xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 iyul 2021-ci il tarixdə 1318 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nadirli, arvada Nadirli soyadı verilmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2350/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
İşin faktiki halları
3. Tərəflərin hazırda rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması və cavabdehdən iddiaçının xeyrinə hər ay 220 manat alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.
İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xx.xx.2022-ci il təvəlüdlü oğulları Fuadın saxlanması üçün təyin olunmuş məbləğin 220 manat artırılaraq 235 manat təyin edilməsi və mediator xidmətinə ğörə 50 manat məbləğində ödənilmiş rüsumun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. İddiaçı ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. 13 mart 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, hələki rəsmi nikahda olmaqlarına baxmayaraq, 2023-cü ildə hər ay 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmışdır. Qarşı tərəf nikahın pozulması üçün məhkəməyə müraciət edib, lakin hələ boşanma prosesi olmayıb. Cavabdehin hazırda işləyib-işləməməsi barədə məlumatı yoxdur. Çünki ailəli olduqları vaxtlarda da cavabdeh işləmirdi. Sadədə olaraq, eşitdiyinə görə cavabdeh dostu ilə maşın alış-verişi ilə məşğuldur. Bu il üçün aliment məbləğinin artırılıb 235 manat olması barədə qanun olduğunu öyrəndiyi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh uşağa baxmır, o da 220 manat ilə uşağın ehtiyaclarını ödəyə bilmir. Atası xəstədir, onlara qardaşı baxır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
11. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2350/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı cavabdehin hazırda işləyib-işləmədiyini bilmədiyini, sadəcə olaraq maşın alış-verişi ilə məşğul olduğunu eşitdiyini bildirsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir. İddiaçı uşaqlar üçün müəyyən olunmuş aliment məbləğinin artırılması səbəbindən məhkəməyə müraciət etdiyini bildirsə də, məhkəmə qeyd edir ki, yaşayış minimumunun artırılması aliment məbləğinin artırılması üçün əsas deyil və yaşayış minimumu sadəcə olaraq ehtiyac meyarıdır. Bu səbəbdən də tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklliyin olmadığı halda yalnız yaşayış minimumunun artırılması səbəbindən aliment məbləğinin artırılması qanunvericiliyin tələblərinə ziddir.
Məhkəmə xərcləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. İddia rədd edildiyi üçün mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
15. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir.
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia rədd edilsin. Mediasiya orqanına ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.