Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1644/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. Cavabdehlə 19 iyun 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. O, cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən evdə tez-tez söz-söhbət olmuşdur. Nikah pozulmuşdur. O, cavabdehlə ayrıldıqdan sonra azyaşlı uşaqlar onun himayəsində qalmış və uşaqların saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-5309/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 160 manat, cəmi 320 manat aliment tutulması qət edilmişdir. Sonradan o, artırma ilə əlaqədar məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1440/2022 saylı 04 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və hər uşaq üşün 170 manat aliment tutulması qət edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4574/2022 saylı xx.xx.2022 tarixli qətnaməsinə əsasən hər uşaq üçün 193 manat, cəmi 386 manat aliment tutulması qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşaqların saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay uşaqların saxlanması üçün 700 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə, o, kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətindədir. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşaqların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşaqların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Cavabdeh uşaqların normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir.
İddiaçının tələbi.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4574/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, 15 iyul 2010-cu il təvəllüdlü X5 və 01 dekabr 2011-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, ondan məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanılması üçün 386 manat məbləğində aliment tutulur. O, “Azəriqaz” İB-də çilingər işləyir, başqa gəlirləri yoxdur. Hazırda aliment ödəyir. Alimentin artırılması üçün onun maddi vəziyyətiundə heç bir dəyişiklik yoxdur. Odur ki, yuxarıda qeyd etdiklərinə əsasən İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
İş materialları.
5. AZ-İİİ seriyalı 003260 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 15 iyul 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X7r.
6. AZ-İİİ seriyalı 003261 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 01 dekabr 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X7r.
7. AZ-İ seriyalı 383145 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “İsmayılova” soyadı verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4574/2022 nömrəli qətnaməsi ilə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1440/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli qətnaməsi – apellyasiya baxışının predmeti olan hissədə, yəni alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5309/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə 15 iyul 2010-cu il təvəllüdlü X5 və 01 dekabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit məbləğində aliment tutulması qət edilmişdir.
İşin faktiki halları.
9. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki uşaqları var. Nikah pozulmuşdur. 15 iyul 2010cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X11 anası İddiaçı yanında yaşayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4574/2022 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit məbləğində aliment İddiaçı xeyrinə tutulur.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12.“Uşaq hüquqları haqqında” Qanun
Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır.
16. Belə ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına və həcminə görə əsaslıdır. Beləliklə də, 15 iyul 2010-cu il təvəllüdlü X5 və 01 dekabr 2011ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4574/2022 saylı qətnaməsi qəbul edildikdən sonra uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir.
17. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
18. Məhkəmə cavabdehin əvvəlki alimentin miqdarının dəyişdirilməməsi xahişinə münasibətdə qeyd edir ki, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat miqdarında aliment cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən aşağı məbləğdir. Bu baxımdan uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulmalı olan aliment hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.
19. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilməlidir.
20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “ Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır... Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir... Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4574/2022 nömrəli qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4574/2022 nömrəli saylı qətnaməsi öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır.
22. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərcləri.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (440x12=5280 manat) mütənasib olan 72,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, 15 iyul 2010-cu il təvəllüdlü X5 və 01 dekabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş 72,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4574/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və 15 iyul 2010-cu il təvəllüdlü X5 və 01 dekabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumuna görə 72.80 (yetmiş iki manat səksən qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.