Məhkəmə qərarları › İş №2(010)-1645/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1645/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1645/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1869/2020 nömrəli iş üzrə qəbul etdiyi 09 iyun 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli. qətnaməsi tutulmalı alimentin məbləği hissəsində dəyişdirilərək, hər uşağa görə tutulmalı olan alimentin məbləği hər ay 70 manat müəyyən edilmiş, qətnamə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Suraxanı rayon qeydiyyat şöbəsində 131 sayla qeydə alınmış xx.xx.2009-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X2 İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yasına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı xeyrinə sabit pul məbləğində alimentin tutulması, Cavabdeh İddiaçı xeyrinə ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzinin tutulması, iddiaçı aliment tələbi hissəsində dövlət rüsumunu ödəməkdən azad olduğuna görə, Cavabdeh 10 (on) manat məbləğində dövlətin nəfinə dövlət rüsumu tutulması, iddianın qalan hissədə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ikinci qrup əlil kimi müddətsiz olaraq əmək qabiliyyətsizdir.

3. Pasha Bank tərəfindən verilmiş plastik kartdan görünür ki, Cavabdeh məxsus 5402 6919 5273 6519 nömrəli kart AZ-MEP Group LLC şirkətində işlədiyi üçün verilmişdir.

4. Fotoşəkillərdən Cavabdeh işlədiyi və iş geyimi geyindiyi görünür.

5. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh 2-ci qrup əlil kimi 327,21 manat pensiya alır.

İşin faktiki halları

6. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan iki uşaqlarının olması, həmin uşaqların analarının yanında qalmasına və cavabdehdən hər ay hər uşağa görə 70 manat məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi işin mübahisəsiz hallarıdır. İddia tələbi

7. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1869/2020 saylı qərarı ilə Cavabdeh uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün xeyrinə tutulan alimentin məbləğinin artırılaraq hər bir uşaq üçün, hər ay sabit pul məbləğində 220 (cəmi 440) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanması üçün cavabdehdən hər uşağa 70 manat olmaqla, ümumilikdə 140 manat aliment tutulur. Lakin həmin məbləğ az olduğu üçün uşaqların saxlanması üçün kifayət etmir. O, özü salon işlərini bacardığı üçün gündə 1-2 saatlıq saç bəzəyi və s. kimi işlərə gedir. Lakin uşaqların dərsləri ilə məşğul olduğu üçün həmin işlərə çox vaxt ayıra bilmir. Cavabdeh uşaqlarla görüşdükdə uşaqlar üçün lazımsız əşyalar, bıçaq və s. alır, bundan əlavə hər həftə uşaqlara 10 manat, bayramlarda 100 manat pul verir. Həmin məbləğlərin rəsmi şəkildə alimentə ödənilməsi daha məqsədəuyğundur. Çünki özü həmin pulu uşaqlar üçün düzgün xərcləyəcək və uşaqların ehtiyacı olanları alacaq. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, oğlu hər ay 150 manat aliment ödəyir. Bundan əlavə, hər həftə uşaqlara 10 manat, bayramlarda isə 100 manat pul verilir. Oğlu işləyə bilmədiyi üçün ondan artığını bacarmır, lakin özü arada bazarlıqlarını edir, pal-paltarlarını alır. Oğlu 2-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur, sadəcə olaraq özü işlədiyi zamanlarda onu da yanında işə düzəltmişdir. Sonradan özü pensiyaya çıxdığı üçün oğlu da işdən çıxmış və öz qardaşının yanında işə düzəlmişdir. Lakin düzgün işləyə bilmədiyi üçün oradan da işdən çıxarılmışdır. Bu səbəbdən oğlunun imkanı yoxdur. O, 150 manat aliment məbləğindən əlavə, maksimum 100 manat ödəyə bilər. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın qismən, aliment məbləğinin artırılaraq maksimum 250 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı

Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarı

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

18. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu, nəzərə alaraq, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 19 dekabr 2009-cu il təvəllüdlü X4 və 23 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, cavabdeh 2-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdeh AZ-MEP Group LLC şirkətində işləyir və həmin şirkətə məxsus olan, 2024-cü ilədək qüvvədə olan əmək haqqı kartı mövcuddur. Məhkəmə prosesində cavabdehin nümayəndəsi oğlunun əvvəllər işlədiyini və hazırda əmək haqqı almadığını bildirsə də, söylənənləri təsdiq edəcək heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh 2-ci qrup əlil kimi 327,21 manat pensiya alır. Göründüyü kimi cavabdeh 2-ci qrup əlil və əmək qabiliyyətsiz olmağına baxmayaraq işləyir, müəyyən qazanca malikdir və həmçinin pensiya alır. Qeyd olunan hallar cavabdehin nümayəndəsi olan anası tərəfindən də etiraf edilmişdir. Bütün bunlara əsasən, məhkəmə uşaqların mənafeyini daha üstün tutur və bu səbəbdən alimentin məbləğinin qismən artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir.

19. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

20. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

21. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər.

22. Odur ki, cavabdeh dövlət rüsumunu ödəməkdən azaddır.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1869/2020 nömrəli iş üzrə qəbul etdiyi 09 iyun 2020-ci il tarixli qərarı ilə 19 dekabr 2009-cu il təvəllüdlü X4 və 23 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1869/2020 nömrəli iş üzrə qəbul etdiyi 09 iyun 2020-ci il tarixli qərarı ilə 19 dekabr 2009-cu il təvəllüdlü X4 və 23 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar